YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Mətbuat Günü münasibətilə parlamentdə jurnalistlərlə görüş keçirilib

İyulun 22-də Milli Mətbuat Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisində jurnalistlərlə görüş keçirilib.

Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov görüşdə çıxış edərək milli mətbuatın 140 illik yubileyi münasibətilə jurnalistləri təbrik edib. O, Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsində jurnalistlərin yaxın dostu ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərinin olduğunu bildirib. Qeyd edilib ki, ölkəmizdə kütləvi informasiya vasitələrinin normal fəaliyyət göstərməsi üçün zəruri qanunvericilik bazası yaradılıb. Mətbuata dövlət tərəfindən böyük qayğı göstərilir, jurnalistlərin əməyi qiymətləndirilir. 1998-ci ildə mətbuat üzərində senzuranın ləğv edilməsi kütləvi informasiya vasitələrinin qarşısında geniş perspektivlər açıb.

Vurğulanıb ki, Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev də mətbuatın inkişafını daim diqqət mərkəzində saxlayır, ölkəmizdə bununla bağlı mühüm addımlar atılır. N.Cəfərov Milli Məclis ilə mətbuat arasındakı sıx münasibətlərdən də danışıb. Bildirilib ki, bu yaxınlarda Milli Məclis ilə Mətbuat Şurası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bu sənəd parlamentin fəaliyyətinin daha dərindən öyrənilməsi, media orqanları tərəfindən işıqlandırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bayram münasibətilə jurnalistləri təbrik edən Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Azərbaycan mətbuatının keçdiyi tarixi inkişaf yolundan bəhs edib.

Görüşdə çıxış edən mətbuat nümayəndələri əməklərinə verdiyi yüksək dəyərə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Onlar milli mətbuatımızın bundan sonrakı inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini qeyd ediblər. Bildirilib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan mətbuatı özünün yeni mühüm inkişaf dövrünü yaşayır. Qəzetlərin Azərbaycan nəşriyyatına borclarının büdcədən ödənilməsi, müstəqil qəzetlərə birdəfəlik maliyyə yardımının edilməsi və mətbuat işçilərinin mənzillə təmin olunması bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. KİV nümayəndələri Prezident İlham Əliyevin milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündən danışaraq həmin görüşdə qarşıya qoyulan vəzifələrdən də bəhs ediblər.

Sonda jurnalistlərə mükafatlar təqdim olunub.