YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Azərbaycanın yeni dövrünü daha möhtəşəm uğurlarla zənginləşdirmək üçün qalib Liderimizə səs verək!

“7 fevral tarixində ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası uğurla davam edir. “Qalib xalqın qalib Lideri” devizi ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyası zəngin seçki təcrübəsi olan partiyadır. Ölkəmizdə keçirilən bütün seçkilərin hər bir mərhələsini uğurla başa vuran YAP tariximizə zəfər, uğur partiyası kimi daxil olub. Bu günədək ölkədə keçirilən seçki proseslərinə diqqət yetirsək YAP-ın hər bir seçkiyə fərqli bir şüarla qatıldığını görərik. Bunu şərtləndirən əsas amil partiyanın failiyyətini daim dövrün çağırışlarına uyğun qurması və onu yüksək səviyyədə yerinə yetirməsi istəyidir. Bu gün partiya Qalib xalqın qalib Liderinə səs verməyə çağırış edir, yeni dövrə qədəm qoyan Azərbaycanın daha yüksək zirvələri fəth etməsinə, müasir tarixini zəfər səhifələri ilə daha da zənginləşdirməsinə səy göstərir. Partiyanın namizədi cənab İlham Əliyevə milyonların sevgisi şəksizdir. Hər bir vədini konkret əməli ilə təsdiqləyən dövlət başçısı İlham Əliyevin adını tariximizə qalib Lider, torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırması bu sevgini şərtləndirən əsas amillərdəndir. Cənab İlham Əliyev 20 illik Prezidentlik dövründə  hansı hədəfi qarşıya qoydusa, onun nəzərdə tutulduğu vaxtdan da əvvəl həyata keçirilməsinə səy göstərdi. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın hər bir sahədə təcrübəsinin nümunə olmasına çalışır, dünyaya təqdim etdiyi inkişafın Azərbaycan modelini dövrün çağırışlarına uyğun yeniləşdirir, təkmilləşdirir. Cənab İlham Əliyev yeni dövrün qalib Prezidenti olaraq beynəlxalq münasibətlər sistemində fəal rolu, yeri, nüfuzu ilə seçilir. Onun təkcə 2023-cü ildə fəxri qonaq qismində qatıldığı beynəlxalq əhəmiyyətli tədbirlərin say tərkibinə diqqət yetirmək kifayətdir.”

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Əliabbas Salahzadə vurğulayıb ki, cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində Ümummilli Lider Heydər Əliyevə bu müraciəti etmişdir: “Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik.” Ulu Öndər Heydər Əliyev 2003-cü ildə keçirilən prezident seçkilərində namizədliyini cənab İlham Əliyevin xeyrinə geri götürərək xalqa müraciətində məhz bu əminliyi ifadə etmişdir ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. Müraciətdə bu mühüm məqam da xüsusi qeyd edilmişdir ki, cənab İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir.

Millət vəkili onu da əlavə edib ki, 1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaradılan möhkəm təməl bugünkü uğurlarımıza əsas verir: “1993-cü ildə Ümummilli Lider xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı Azərbaycan adlı dövlətdən danışmaq mümkün deyildi.  Müstəqilliyimizin bərpasının ilk iki ili əyani şəkildə göstərdi ki, güclü lider və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. Dövlətini, xalqını sevən, daim zirvələrdə görmək istəyən Lider məqsədyönlü siyasət həyata keçirir, hədəfləri düzgün müəyyənləşdirir. Ulu Öndər Heydər Əliyev zəngin idarəçilik təcrübəsinə söykənərək Azərbaycanı müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, iqtisadi böhranından, torpaqlarımızın işğalından xilas edərək müstəqilliyimizi əbədi və dönməz etdi. Onun layiqli davamçısı, cənab İlham Əliyev isə bu siyasəti uğurla davam etdirərək ərazi bütövlüyümüzü və suverenliyimizi tam təmin etdi. Bu gün Azərbaycan Bayrağının Xankəndidə, Şuşada, Xocalıda, Ağdərədə, Xocavənddə, işğaldan azad edilmiş bütün ərazilərimizdə dalğalanması hər bir azərbaycanlı üçün böyük qürurdur. Torpağına sahib çıxan xalq yenilməzdir, məğlubedilməzdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tariximizin Zəfər səhifələrini yazmaqla sabaha daha böyük inamla addımlamağımıza stimul verdi. “Dəmir yumruq” birliyimizin, həmrəyliyimizin rəmzinə çevrildi.”

Əliabbas Salahzadə qeyd edib ki, 20 ilin uğurlarını sadalamaqla bitməz. “Güclü dövlət, yüksək rifah” həyata keçirilən siyasətin əsasını təşkil edir: “Cənab İlham Əliyev ötən ilin 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xankəndi şəhərində ucaltdıqdan sonra xalqa müraciətində böyük qürur hissi ilə qeyd etdi ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, “Allaha şükür” deyir. Bu günü 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz inanırdıq ki, bu gün gələcək.

Cənab İlham Əliyev iyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayanda qarşısına bu hədəfi qoymuşdur ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat bu müqəddəs məqsədə doğru irəlilədi. Bu gün böyük qürur hissi ilə Azərbaycanın qalibiyyətindən, Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsindən, soydaşlarımızın Böyük Qayıdışının uğurla davam etməsindən,  Qərbi Azərbaycana qayıdış hədəfimizdən bəhs edirik.”

Millət vəkili Azərbaycanın yeni dövrünü daha möhtəşəm uğurlarla zənginləşdirmək, sözümüzün imzamız qədər dəyərini daha da artırmaq, yeni-yeni hədəflərə nail olmaq üçün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılara bu çağırışı edib ki, 7 fevral tarixində keçiriləcək səsvermə prosesində fəal iştirak edək, birliyimizi, həmrəyliyimizi Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevə səs verərək bir daha nümayiş etdirək. Birliyimiz hər bir uğurumuzun, hədəfimizin əsasıdır.