YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qalib Liderə səs verməklə uğurlarımızın davamlılığını təmin edək

 Xətai rayonunda seçicilərlə görüşlər keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi cənab İlham Əliyevin  seçkiqabağı təşviqat kampaniyası çərçivəsində  yanvarın 16-da  Xətai rayonunda seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxış edərək bildirib ki, ölkəmizin həyatında əhəmiyyətli rol oynayacaq, demokratik inkişaf tariximizə yeni səhifə yazacaq  prezident seçkilərinə “Qalib xalqın qalib Lideri” devizi ilə qatılan Yeni Azərbaycan Partiyası  qalib partiya kimi böyük nüfuz qazanıb. Təbii ki, bu uğura  əsas verən yarandığı gündən tutduğu yola sadiqliyi, dövlətə, xalqa xidməti fəaliyyətinin əsası kimi qəbul etməsi, digər  mühüm amil  isə partiyanın Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olması, son 20 ildə cənab İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçməsidir. Bu gün  müasir müstəqil, qalib Azərbaycana hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq.  Məhz bu baxımdan, cənab İlham Əliyev bildirir ki, bugünkü reallıqları 2003-cü illə deyil, 1993-cü illə müqayisə etməliyik. Çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yolunda inamla irəliləməyə başladı,  sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illərdə dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı. Xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi.

Vüqar Rəhimzadə  qeyd edib ki, 2003-cü ildə başlanan mərhələ Heydər Əliyev yolunun uğurlu davamıdır. Bu yol Azərbaycanı tarix Zəfərə apardı. Bu gün böyük fəxr və qürur hissi ilə müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə üzrə prezident seçkilərinə hazırlaşırıq. Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində qalibiyyət rəmzi olan üçrəngli bayrağımız dalğalanır. Bu möhtəşəm Qələbənin müəllifi Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.

YAP Xətai rayon təşkilatının sədri seçiciləri 7 fevralda keçiriləcək səsvermədə fəal iştirak etməyə, qalib Azərbaycanın yeni dövrünün hədəflərinə yüksək səviyyədə nail olmaq üçün  qalib Liderimiz İlham Əliyevə  səs verməyə çağırıb.