YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni dövrün yeni hədəfləri

Ziyafət Əsgərov

Milli Məclisin Müdafiə, təhlükəsizlik

və korrupsiya ilə mübarizə komitəsinin sədri

Prezident İlham Əliyev 10 yanvar tarixində yerli televiziya kanallarına geniş müsahibə vermişdir. Üç saata yaxın davam edən müsahibədə müxtəlif  istiqamət üzrə sualları cavablandıran Prezidentin müsahibəsi hər şeydən öncə onun mediaya verdiyi önəmin, media ilə sıx münasibətlərinin göstəricisidir. Müsahibə həm cənab İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində ölkəmizin keçdiyi inkişaf yolunu, onun dövlət, xalq üçün gördüyü misilsiz xidmətləri bir daha gözlər önünə sərmiş, digər tərəfdən isə onun Azərbaycanın inkişafı, əhalinin rifahı, yeni hədəflər və yeni uğurlar istiqamətində gələcəkdə görəcəyi işlərin proqnozu kimi böyük əhəmiyyətə malikdir.

Müstəqilliyimizin ilk iki ili artıq bizi tam əmin edib ki,  güclü lider, möhkəm siyasi iradəyə malik dövlət başçısı olmadan istənilən ölkə ciddi təhlükələrlə üzləşə bilər və biz 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışı ilə bu təhlükəni sovuşduraraq müstəqilliyimizi qorumağa, onu daha da möhkəmləndirməyə nail olmuşuq. 2003-cü il prezident seçkiləri bu mənada xalqımız üçün yeni qərar anı, dönüm nöqtəsi idi. Həmin vaxt səs çoxluğu ilə cənab İlham Əliyevi Prezident seçən xalqımız həm də müstəqil dövlətçiliyimizin tarixində növbəti parlaq səhifələrin təməlini qoymuşdur.

1993-2003-cü illərdə Azərbaycanda yaradılmış demokratik dövlətçilik ənənələri, vətəndaş cəmiyyəti, xalq-iqtidar birliyi cənab İlham Əliyevin dövründə daha da inkişaf etdirildi, ərazi bütövlüyümüzün bərpası  və suverenliyimizin  bütün ölkə ərazisində tam təmin edilməsi isə bu inkişafı ən yüksək  zirvəyə ucaltdı və bu gün ölkəmiz həm regionda, həm dünyada sözün əsl mənasında güclü dövlətdir.

Cənab Prezident çox gözəl vurğulamışdır ki, müasir tariximizin yeni dövrü sentyabrın 20-dən sonra başlayır. Çünki məhz həmin tarixdən, Qarabağda aparılmış antiterror əməliyyatları nəticəsində separatçıların təslim olması ilə ölkəmizin öz suverenliyini və konstitusiya quruluşunu bütün ölkə ərazisində tam bərpa etməsindən sonra hər bir Azərbaycan vətəndaşı əminliklə deyə bilər ki, o müstəqil, suveren və güclü bir dövlətin vətəndaşıdır.

Beynəlxalq hüququn işləmədiyi, ölkəmizə qarşı müxtəlif təzyiqlərin, ikili standartların tətbiq edildiyi, Azərbaycanın haqlı mövqeyini təsdiq edən beynləxalq təşkilatların qətnamələrinin kağız üzərində qaldığı, işğalçı dövlətə heç bir sanksiya tətbiq edilmədiyi bir şəraitdə ölkənin işğal olunmuş ərazilərini azad edərək, onun suverenliyini tam təmin edərək regionun lider dövlətinə çevirmək heç də asan və hər kəsin nail ola biləcəyi bir uğur deyil. Buna yalnız, ədalətə böyük inamı olan və ədalətin qələbə çalması üçün var gücü ilə çalışan cənab İlham Əliyev kimi tarixi  şəxsiyyət nail ola bilərdi. Bəli, artıq əminliklə deyə bilərik ki, İlham Əliyev adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırmış ən böyük tarixi şəxsiyyətlərdən biridir. İllər, əsrlər keçsə də Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycanın qurucusu olması həqiqəti dəyişməyəcəyi kimi, tariximizin bu müsair və şanlı dövrünün banisinin də məhz Prezident İlham Əliyev olması  həqiqəti, 30 illik düşmən işğalına son qoyaraq torpaqlarımızı erməni təcavüzündən xilas edən dahi şəxsiyyətin Müzəffər Ali Baş Komandan İlham Əliyev olması həqiqəti heç vaxt dəyişməyəcək.

Qarabağ Zəfəri fonunda cənab İlham Əliyevin xalqımız, millətimiz və dövlətimiz üçün gördüyü digər xidmətlər də unudulmamalıdır. Enerji, xüsusən yaşıl enerji, eləcə də nəqliyyat-logistika sahəsində cənab Prezidentin xidmətləri, Cənub Qaz Dəhlizinin genişləndirilməsi, 2022-ci il iyulunda  Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması, Avropaya enerji ixracını artırmağımız,  ölkəmizin enerji sahəsində “regionun lideri” və “etibarlı tərəfdaş” statuslarını qazanması, dünyanın ən böyük ikinci təşkilatı olan 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına uğurla sədrliyimiz, ən yeni uğurlarımızdan biri olan dünya dövlətlərinin yekdilliklə  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsinə dair qərar qəbul etməsi, iqtisadi, sosial, mədəni və digər sahələrdə qazandığımız hər bir uğur bu gün Azərbaycanın öz inkişafının zirvəsində olduğunu təsdiq edir.

         Prezident İlham Əliyev müsahibəsində çox qısa zamanda işğaldan azad edilmiş ərazilərimizdə görülən genişmiqyaslı bərpa-quruculuq işlərindən və soydaşlarımızın bu torpaqlara qayıdışından da bəhs etmişdir. Doğurdan da, soydaşlarımızın 30 il sonra ata-baba yurduna qayıtması müasir tarixmizin ən əlamətdar hadisələrindən biridir.

Cənab Prezident  Fransa-Azərbaycan münasibətləri ilə bağlı sualları da geniş cavablandırmış, Fransada Natəvanın heykəlinin təhqir edilməsini vandalizm aktı adlandırmış, Fransanın anti-Azərbaycan fəaliyyətini açıq şəkildə dilə gətirmişdir. Fransız imperializmini və müstəmləkə siyasitini açıq şəkildə ifşa etməklə və fransızların müstəmləkə ölkələrində törətdikləri  cinayətləri sadalamaqla, ən əsası isə Bakı Təşəbbüs Qrupunun bundan sonra da fransız neokolonializminin ifşa olunmasını və fransız müstəmləkələrinin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcəyini bəyan etməklə cənab Prezident bir daha möhkəm siyasi iradə nümayiş etdirmiş və  ədalətin yanında olduğunu göstərmişdir.

Cənab Prezident Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına da toxunaraq əminliklə bildirmişdir ki, bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsi olmalıdır. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və sülh müqaviləsi ikitərəfli formatda imzalanmalıdır. Bilirsiniz ki, Ermənistan və onun arxasında dayanan bəzi ölkələr  Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizlik məsələlərini də sülh müqaviləsinə salmaq istəyirlər. Bu mövzuya Azərbaycan Prezidentinin cavabı dəqiq və birmənalıdır: “Əgər belə olsa, onda vaxtilə Ermənistandan qovulmuş azərbaycanlıların da hüquqları və təhlükəsizliyi eyni ifadələrlə orada təsbit edilməlidir”. Bu məsələyə Azərbaycan xalqının və millətinin maraqları adından çıxış edərək daha gözəl cavab verilə bilməzdi. Bu cavab cənab Prezidentin tarixi həqiqətlərə, keçmişimizə çox gözəl bələd olduğunun, həmçinin hər zaman xalqı düşünərək qərar verdiyininin daha bir isbatıdır.

Qarşıdan ölkəmiz üçün xüsusi tarixi əhəmiyyətə malik olan və müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək prezident seçkiləri  gəlir. Cənab Prezidentin də qeyd etdiyi kimi seçkilərlə bir dövrə yekun vurulur. Vətən Müharibəsi və Qarabağda uğurla həyata keçirilmiş antiterror tədbirlərindən sonra növbədənkənar prezident seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün bütün ərazilərdə keçiriləcək birinci seçkilər həqiqətən də prezident seçkiləri olmalıdır. 20 il ərzində müəyyən olunmuş  vəzifələri icra edən, qarşıya qoyulan hədəfləri reallaşdıran Prezident İlham Əliyev  artıq yeni dövrün yeni hədəflərini də müəyyən etmişdir. İnanıram ki, 7 fevral 2024 –cü il tarixində Azərbaycan xalqı cənab İlham Əliyevə səs verməklə yeni hədəfləri birlikdə həyata keçirməyin ilk addımını atacaq.