YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qardaşlığımız dünyaya nümunədir

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Üç saata qədər davam edən müsahibədə cənab İlham Əliyev 20-dək istiqamət üzrə sualları cavablandırdı. Dövlətimizin başçısı hər bir məsələ ilə bağlı ətraflı məlumat verməklə mətbuata nə qədər açıq olduğunu nümayiş etdirdi.

Müsahibədə dövlətimizin başçısının diqqət göstərdiyi məsələlərdən biri Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı oldu. Cənab İlham Əliyevin elə bir çıxışı, müsahibəsi yoxdur ki, birgə addımlayan Azərbaycanla Türkiyənin qardaşlığından bəhs etməsin. Dünya 44 günlük İkinci Qarabağ müharibəsində bu birliyin şahidinə çevrildi. Qardaş Türkiyə “Azərbaycan tək deyil” mesajı ilə dünyaya səs saldı. Müharibənin başlandığı ilk andan Azərbaycanın yanında olan Türkiyə mənəvi və siyasi dəstəyini əsigəmədi. 44 gündə Azərbaycan və Türkiyə bayraqları birgə dalğalandı. Azərbaycanın tarixi Zəfərinin sevincini iki qardaş ölkə eyni səviyyədə yaşadı. Tarixi Zəfərimizin dünyaya təqdimatı olan Zəfər paradında Azərbaycan və Türkiyə prezidentlərinin çiyin-çiyinə dayanmaları bu qardaşlığın dünyaya növbəti təqdimatı oldu. Bu təqdimatlar davamlılığı ilə diqqətdədir. Bütün anlarda biri-birinin yanında olan, dəstək göstərən iki qardaş ölkənin bayraqları Qarabağın tacı Şuşada da birgə dalğalandı. 2021-ci il 15 iyun tarixində Azərbaycanın döyünən ürəyi Şuşa Azərbaycan və Türkiyənin rəsmiləşən dostluğuna, qardaşlığına və müttəfiqliyinə şahidlik etdi. Şuşa Bəyannaməsi imzalandı. Bu sənəd münasibətlərimizin bugünkü  və gələcək inkişafı  üçün yol xəritəsi oldu.

Qeyd etdiyimiz kimi, Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Məhz iki dövlətin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələri regionda sabitliyi, təhlükəsizliyi möhkəmləndirməklə yanaşı, dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfələrdir. Regional çərçivədə qurulan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirdi.  Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, əhəmiyyətinə görə onlardan geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Azərbaycan və Türkiyənin birgə səyləri nəticəsində hər bir layihənin uğurlu sonluqla başa çatdığını təsdiqləyir. 2020-ci ilin sonunda çoxtərəfli əməkdaşlığın başlanğıcı olan Cənub Qaz Dəhlizi tam tərkibdə  istifadəyə verildi.  Türkiyə Prezidenti 2018-ci ildə Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən olan TANAP istifadəyə veriləndə onu növbəti layihələrin müjdəçisi kimi dəyərləndirmişdir.

Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında qarşılıqlı səfərlər və bu səfərlər çərçivəsində imzalanan sənədlər də əhəmiyyətli rol oynayır. Təkcə ötən il cənab İlham Əliyevin qardaş ölkəyə səfərlərinin say tərkibinə diqqət yetirmək kifayətdir.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci il 10 dekabr tarixində ölkəmizə səfəri zamanı sənədlərin imzalanmasından sonra mətbuata bəyanatında söylədiyi “Bu gün atılan imzalar, əslində, simvolik imzalardır. Atılacaq daha çox imzalar var. Bu imzalarla birlikdə inşallah, Azərbaycan Qarabağın tamamilə fərqli şəkildə yüksəlişinə davam edəcəkdir” fikirləri bugünümüzün reallıqlarında öz əksini tapıb.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində də Türkiyə şirkətlərinin öz payı vardır. Türkiyə Prezidenti Qarabağa səfər edən ilk dövlət başçısı oldu. Həmçinin Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakı ilə Qarabağın və Şərqi Zəngəzurun hava qapıları dünyaya açıldı. Təbii ki, bu sıralamanı xeyli sayda davam etdirə bilərik. Ötən il qardaş Türkiyədə dəhşətli zəlzələ baş verdi. Azərbaycan dövləti, xalqı ilk gündən Türkiyə xalqının, dövlətinin yanında oldu. 

Hər bir məsələdə dost, qardaş Türkiyə və Azərbaycanın birgə müzakirələr aparması, vahid mövqedən çıxış etmələri daim dünya tərəfindən yüksək qiymətləndirilir. Əlaqələrin inkişafında iki ölkənin Prezidentlərinin şəxsi münasibətləri əhəmiyytli rol onayır. Dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Avrasiyada xeyli qüvvələrin birləşməsi fonunda jurnalistin “Azərbaycan Respublikasının Prezidenti kimi Siz kimə zəng edərdiniz” sualına cavab olaraq bildirmişdir ki, prinsipcə, mən, ümumiyyətlə, çox nadir hallarda hansısa dövlət başçısını telefon zəngi ilə narahat edirəm. Çünki hesab edirəm ki, mənim həmkarlarımın hamısı çox məşğul insanlardır və elə bir ciddi mövzu yoxdur ki, bu mövzu ilə bağlı nəsə təcili demək lazımdır. Əlbəttə ki, İkinci Qarabağ müharibəsi zamanı ən çox telefonla danışdığım insanlar Türkiyə Prezidenti və Rusiya Prezidenti idi: “Bu da təbiidir, Türkiyə Prezidenti müharibənin ilk günündən son gününə qədər bizim yanımızda idi və Azərbaycana verdiyi siyasi və mənəvi dəstək bir çoxlarına bir mesaj idi. Bu, sadəcə olaraq, Azərbaycan xalqına həmrəylik və dəstək mesajı deyildi. Bu, müharibəyə qarışmaq istəyənlərə bir ciddi mesaj idi ki, kənarda durun. Ona görə Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır və daim zəngləşirdik, söhbətləşirdik, mənim qardaşım Rəcəb Tayyib Ərdoğan maraqlanırdı müharibənin gedişatı ilə bağlı və məni Şuşa qələbəsi münasibətilə ilk təbrik edən də o olmuşdur… Amma yəqin bu gün əgər hansısa ciddi bir məsələ ölkəmiz qarşısında dursa, əlbəttə, ilk növbədə, qardaşım Rəcəb Tayyib Ərdoğana zəng edərəm, onu məlumatlandıraram.” Bu fikirlər bir daha Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını, dünyaya nümunə olduğunu təsdiqlədi.