YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Etibarlı və arzuolunan tərəfdaş

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Prezident İlham Əliyevin 10 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsində əsas diqqət göstərilən məsələlərdən biri Azərbaycanın enerji diplomatiyası və ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsinin yol açdığı uğurlar oldu.

Reallıq budur ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırır. Azərbaycan hər il enerji sektorunda mühüm uğurlara imza atır. 2023-cü il də bu baxımdan əhəmiyyətli il oldu. Hazırkı dövrün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması, əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsidir. Tarixi Zəfərimizdən sonra bərpaolunan enerji mənbələri daha çox diqqət yönəldilən məsələlər sırasındadır. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan Ulu Öndərin müəllifi olduğu neft strategiyasının uğurlu icrası nəticəsində qaz ixracatçısı kimi də  tanındı. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Ölkəmizin  etibarlı tərəfdaş kimi mövqeyi günbəgün möhkəmlənir. Cənab İlham Əliyev qeyd edilən müsahibəsində bildirmişdi ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırıb. Avropa İttifaqının Enerji Komissiyası isə Azərbaycanı Panavropa qaz təchizatçısı adlandırmışdır və onlar tam haqlıdırlar.

Dövlət başçısı onu da qeyd etmişdir ki, bu gün dünyada, xüsusilə dünyanın enerji məkanında gedən proseslərdən geridə qalmamalıyıq. Bir çox aparıcı keçmiş neft şirkəti, hətta, öz adlarını da dəyişdirib enerji şirkətlərinə çevirirlər və getdikcə yaşıl enerjiyə tələbat artacaq. Neft-qaz sahəsində fəaliyyət göstərən şirkətlərin investisiya portfelində əgər yaşıl enerji layihələri olmasa, onlar böyük çətinliklərlə üzləşəcəklər.

Beynəlxalq Maliyyə Korporasiyası Xəzərdəki potensialımızı 157 min meqavat həcmində təsdiqləyib. Ona görə indi enerji sahəsində bu istiqamət prioritetdir. Artıq keçən ilin oktyabr ayında birinci böyük Günəş Elektrik Stansiyası istismara verildi və qrafik üzrə yaxın üç-dörd ilə bərpaedilən enerji növlərinin həcmini təqribən 3-4 min meqavat səviyyəsinə çatdıracağıq. İndi imzalanmış kontraktlar və anlaşma memorandumları 10 min meqavat istehsalı nəzərdə tutur.

Ötən ilin 10 dekabr tarixində Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirildi. Mərasimdə “Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır” fikri bir daha səsləndi. Eyni zamanda, dövlət başçısı İlham Əliyevin bu layihələrin həyata keçirilməsində xüsusi rolu vurğulandı. Bu gün Azərbaycanın Avropa üçün rolu və gələcəyi hədəflərdən daha aydın görünür. Prezident müsahibədə onu da bildirmişdir ki, Serbiya Azərbaycan qazını alan sayca səkkizinci ölkədir. Bu vaxta qədər Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniya, Macarıstan artıq qaz sistemimizə qoşuldu. Müxtəlif interkonnektorlar da yaradıldı və bütün bu interkonnektorların təkanverici qüvvəsi Cənub Qaz Dəhlizi olmuşdur. Belə bir inam da ifadə edildi ki, yaşıl enerjini ixrac etməklə önəmimiz daha da artacaq.

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik İli” elan edildi. Sənəddə də qeyd olunduğu kimi, yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu mötəbər tədbirin Azərbaycanda keçirilməsinin ölkəmizin beynəlxalq nüfuzuna hansı yenilikləri əlavə edəcəyinə xüsusi diqqət göstərmişdir. “Qarşıda duran hədəflər, əsas istiqamətlər nələr olacaq” sualına cavabında Prezident İlham Əliyev bildirmişdir ki, bu məsələyə indi çox ciddi önəm veririk və hesab edirik burada da istədiyimizə nail olacağıq.

Azərbaycan hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirir. Təbii ki, bu, ölkəmizin malik olduğu potensiala, təkmil və gələcəyə hesablanan siyasətinə söykənir. Azərbaycanın təkcə Ulu Öndərin müəllifi olduğu neft strategiyasının uğurlu icrası nəticəsində qazandığı nailiyyətlərin miqyasının genişliyi  dövlət başçısı İlham Əliyevin Azərbaycanın son 20 ildə hardan hara gəlməsi ilə bağlı sualı cavablandırarkən səsləndirdiyi “Hesab edirəm ki, bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu ” fikirlərinin təsdiqidir.