YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

1993-cü ildən başlanan inkişaf yolunun təqdimatı

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi dünənimiz, bu günümüz və gələcək ilə bağlı dolğun məlumatların əldə olunması üçün zəngin mənbədir. Cənab İlham Əliyevin tarixi Zəfərimizdən sonra müsahibələrinə, çıxışlarına diqqət yetirsək hər birində bu gün dünyaya qardaşlığın nümunəsini təqdim edən Azərbaycan-Türkiyə münasibətlərinə xüsusi diqqət yönəldilir. Dövlət başçısının çıxışlarında daim bu mühüm məqam xüsusi vurğulanır ki, 44 günlük İkinci Qarabağ müharibəsi həqiqət anı oldu. Kimin şərin, təcavüzkarın, kimin isə haqqın, ədalətin yanında olduğu açıqlandı. Hər zaman bir yerdə olan qardaş Türkiyə  müharibə başlanan andan sonadək ölkəmizə mənəvi və siyasi dəstəyini əsirgəmədi. Bu qardaşlıq, dostluq dərin köklərə malikdir. Münasibətlərimizin bugünkü inkişaf səviyyəsinə gəlib çatmasında Ümummilli Lider Heydər Əliyevin xidmətləri böyükdür. Ulu Öndərin “Biz bir millət, iki dövlətik” çağırışı bütün dövrlərdə iki qardaş ölkənin münasibətlərinə bələdçilik edir. Azərbaycanın tarixi Zəfəri bu əlaqələrin inkişafında stimulverici amildir. Son üç ildə hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinə, hazırkı  dövrün çağırışlarına uyğun olaraq atılan addımlara, imzalanan sənədlərə diqqət yetirmək kifayətdir. 

44 günlük İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana dəstəyi bir çoxlarına bir mesaj idi. Bu, sadəcə olaraq, Azərbaycan xalqına həmrəylik və dəstək mesajı deyildi. Bu, müharibəyə qarışmaq istəyənlərə bir ciddi mesaj idi ki, kənarda durun. Ona görə Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır.

Cənab İlham Əliyev sözügedən müsahibədə də dostluğumuzun, qardaşlığımızın daha da möhkəmləndiyini, dünyada Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın olan ikinci belə ölkələr olmadığını “Bu gün əgər hansısa ciddi bir məsələ ölkəmiz qarşısında dursa, əlbəttə, ilk növbədə, qardaşım Rəcəb Tayyib Ərdoğana zəng edərəm, onu məlumatlandıraram” fikirləri ilə təsdiqlədi.

Tarixi Zəfərimizdən sonra Qarabağın tacı Şuşanın şahidliyi ilə imzalanan Müttəfiqlik Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin bugünkü və gələcək inkişafı üçün yol xəritəsidir. Əlaqələr yeni prioritetlər üzrə inkişaf etdirilir. Hazırda bu birlik, həmrəylik işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində də özünün aydın ifadəsini tapır. Bu Zəfər, həmçinin ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması ümumilikdə türk dünyasının birliyinin möhkəmləndirilməsində öz sözünü deyir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, türk dünyası böyük bir ailədir. Azərbaycan və Türkiyənin türk dünyasının həmrəyliyinə töhfələri böyükdür. Bunun nəticəsidir ki, 2021-ci ildə Prezident İlham Əliyev, 2022-ci ildə isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dünyasının Ali Ordeninə layiq görüldülər.

Azərbaycanın xarici siyasət uğurlarının miqyası genişdir. Dövlətimiz həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulmasında və yeni hədəflər üzrə inkişaf etditilməsində maraqlıdır. Ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi də artan nüfuzunun, çəkisinin göstəricisidir.  Artıq nəinki Bakı, işğaldan azad olunmuş ərazilər belə qlobal tədbirlərə ev sahibliyi edir. Son üç ildə onlarla belə tədbirin adını çəkə bilərik. Əlbəttə, 2023-cü il iki mühüm beynəlxalq tədbiri tariximizə yazacaq. Həm COP29-un, həm də Urban Forumunun Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərar qəbul edilib. Cənab İlham Əliyev “Bax, bu toplantılardan, bu qlobal platformalardan Azərbaycan həm əməkdaşlıq coğrafiyasının artırılması, həm də ədalətli mövqeyini bir daha bütün dünyaya çatdırmaq baxımından necə istifadə edəcək” sualını cavablandırarkən bildirmişdir ki, bunlar çox önəmli hadisələrdir.  Bir daha Azərbaycanın beynəlxalq nüfuzunu və uğurlu siyasətimizi göstərir. Çox dəqiq və düşünülmüş diplomatik addımlarımız nəticəsində bu mötəbər tədbiri Azərbaycanda keçirmək üçün imkan əldə etdik. Hər iki tədbirin keçirilməsi doğrudan da böyük hadisədir. Tədbirlər uğurla keçiriləcək və gələn qonaqlar Azərbaycan reallıqları ilə tanış olacaqlar.

Azərbaycan bu gün etibarlı və arzuolunan tərəfdaş kimi də dünyanın diqqətindədir. Dövlət başçısı bildirmişdir ki, 100 il bundan sonra da Azərbaycan tərəfdaşlar üçün önəmli tərəfdaş olacaq. “Abşeron”da illik hasilatın həcmi 5 milyard kubmetr təşkil edəcək. Ondan başqa, “Şəfəq”, “Asiman”, “Ümid”, “Babək”, “Naxçıvan”, “Qarabağ” - bütün bu yataqlarda bu gün hazırlığa doğru işlər gedir və onların da resurs bazası kifayət qədər böyükdür. Azərbaycanda gələcəkdə yeni qaz infrastrukturunun yaradılması məsələsinə də baxıla bilər.

Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırıb. Avropa İttifaqının Enerji Komissiyası isə Azərbaycanı Panavropa qaz təchizatçısı adlandırmışdır. Ölkələrin əhatəsi məhz bu ifadəni tamamilə haqlı edir.

Bütün bunlar Azərbaycanın 1993-cü ildən başlanan inkişaf yolunun təqdimatıdır. Cənab İlham Əliyev Azərbaycanın 20 idə haradan haraya gəlib çıxması ilə bağlı sualı cavablandırarkən bu mühüm məqamı xüsusi qeyd etmişdir ki, bugünkü reallıqları 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik. Çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu. Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır.