YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məqsədyönlü yol

Abil Ağasəfov

YAP Qəbələ rayon təşkilatının sədri

Son illər dövlət başçısı İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi ənənə halını alıb. Cənab İlham Əliyev çoxsaylı sualları cavablandıraraq Azərbaycanın daxili və xarici siyasət uğurlarının fonunda qarşıdakı dövrün hədəflərini açıqlayır. Ölkə Prezidenti son 20 ilin uğurlarının zirvəsində dayanan ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunmasını xüsusi qeyd etdi və müasir tariximizin yeni dövrünün məhz sentyabrın 20-dən sonra başlandığını diqqətə çatdırdı. Sentyabra qədər gedilən yol məqsədyönlü yol idi.  İstər siyasi, istər hərbi, istərsə də ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərin son nidası idi.

Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizin, həmçinin suverenliyimizin tam bərpası əsasında bu çağırışı etdi ki, ədalətə inanmaq lazımdır. Sağlam cəmiyyətin yaranması və möhkəmlənməsi üçün bu amil çox önəmlidir. Ona görə ədalətə inanmaq üçün əsas olmalıdır. Ədalət özü-özünə gəlmir, ədaləti sən gərək təmin edəsən. Müasir dünyada biz bunu artıq çoxdan başa düşmüşük.

Təbii ki, Azərbaycanın tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti nəticəsində uğurlarımız davamlılığı ilə diqqətdədir. 30 illik işğal dövründə Azərbaycan ən yüksək tribunalardan Qarabağ münaqişəsinin əsil mahiyyətini əsaslı şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq belə bir çağırışla çıxış etdi ki, BMT Təhlükəsizlik Şurasınn qətnamələrinin icrası üçün vahid mexanizm olmalıdır. Bəzi ölkələr üçün bu qətnamələr 1-2 saat ərzində icra edilir, Azərbaycana gəldikdə isə 27 il gözlədi. Beynəlxalq hüquq probleminin yaşanması münaqişəli problemlərin həlli prosesinin uzanmasında özünü qabarıq şəkildə büruzə verdi. 

Reallıq budur ki, dünyada beynəlxalq hüquq işləmir. Bu mexanizmlər ancaq zəif ölkələr üçün işə salınır. Böyük dövlətlər buna məhəl qoymur. Onlar üçün sanki qanun qanun deyil, beynəlxalq hüquq hüquq deyil. Belə olan halda, ədaləti tələb edən ölkələr bu ədaləti özləri təmin etməlidir. Dünya Azərbaycanın qazandığı tarixi Zəfərin fonunda bunu aydın şəkildə gördü. Belə ki, ölkəmiz BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etdi, 30 ilin işğalına 44 gündə son qoydu, tarixi ədaləti bərpa etdi. BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı 4 qətnaməsi 27 il kağız üzərində saraldı, icrasını gözlədi. Dövlət başçısı İlham Əliyev müsahibəsində bildirdi ki, beynəlxalq aləmin əsas oyunçuları bizi ittiham etməyə, bizə qarşı müxtəlif təzyiq mexanizmlərini işə salmağa çalışdılar. Ədaləti beynəlxalq müstəvidə siyasi və diplomatik savaş apararaq əldə etmişik. Ona görə Zəfərimizin əhəmiyyəti daha önəmlidir.

Azərbaycan tarixi Zəfəri ilə sübut etdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar var. Onların icrası üçün vahid mexanizm olmalıdır. Ədaləti və beynəlxalq hüququ maraqlarının arxasında gizlədən dövlətlər ikili standartlara əsaslanan siyasətləri ilə hər zaman vəziyyətin gərginləşməsinə, dünyada etimad mühitinin olmasına şübhələrin yaranmasına səbəb olurlar.

Azərbaycanın daim ədalətin və beynəlxalq hüququn yanında olması nüfuzunun və rolunun artmasında böyük əhəmiyyət kəsb edir. Bunu ölkəmizin Qoşulmama Hərəkatı və quruma üzv olan dövlətlər ilə münasibətlərində daha aydın görürük.  Qoşulmama Hərəkatına üzv ölkələrin yekdil qərarı ilə Azərbaycan 2019-cu ildən bu beynəlxalq təşkilatda üç il müddətinə sədrliyə başladı. Ölkəmizə etimadın örnəyi olan Bakı Təşəbbüs Qrupunun yaradılması üzrə irəli sürülən təşəbbüslər və uğurlu fəaliyyət sayəsində Azərbaycanın Hərəkatda sədrliyi daha bir il müddətinə uzadıldı.  Dövlət başçısı İlham Əliyev “Bu nüfuzlu təşkilata sədrlik Azərbaycana nə verdi və həmin illər ərzində Hərəkat hansı uğurlara imza atdı” sualına cavabında bildirmişdir ki, bu sədrlik bizə BMT-dən sonra ən iri təşkilata rəhbərlik etmək kimi əvəzolunmaz təcrübə verib və doğru yolda olduğumuza dair daha böyük əminlik yaradıb. Çünki Hərəkatın yaranmasının təməl prinsiplərini – dövlətlərin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini həmişə tam dəstəkləmişik və dəstəkləyirik. Həmçinin Hərəkatın qurucularının 60 ildən də çox müddət əvvəl rəhbər tutduqları ideyaları bölüşürük: “Məhz böyük geosiyasi mərkəzlərdən uzaq durmaq və heç kimin dediyi ilə oturub-durmamaq. Yəni, bu, mahiyyət etibarilə, müstəqillik uğrunda, müstəqil siyasət uğrunda Hərəkat olub. Hesab edirəm ki, Hərəkat daha qlobal oyunçular adlanan güclərin əleyhinə deyil, öz seçimi, öz ləyaqəti, ölkələrin xalqlarının istədikləri kimi yaşamaq istəyir. Biz bu prinsipləri həmişə bölüşmüşük və indi də bölüşürük. Fikrimcə, hazırda beynəlxalq analitiklər Azərbaycanı daha yaxşı tanıyırlar, bizim rəhbər tutduğumuz prinsiplərə bələddirlər. Gözəl başa düşürlər ki, siyasət uzaqlaşma deyil, dostluq zəminində aparılmalıdır.”

Azərbaycanın xarici siyasət uğurları göz önündədir. Ölkəmizin yerləşdiyi coğrafi məkan dövlətlər, xalqlar arasında körpü rolunu oynamasını şərtləndirir. Azərbaycan daim əməkdaşlıq məkanı kimi tanınır və nüfuz qazanır. Ölkəmizin əməkdaşlığa regional çərçivədən başlayaraq onun miqyasını illər keçdikcə beynəlxalq səviyyəyə yüksəltməsi qazandığı etimadın nəticəsidir. Azərbaycan sabitləşdirici, birləşdirici aktor kimi dünyanın diqqətindədir. Dövlət başçısı müsahibədə bir daha diqqəti bu kimi məqamlara yönəldərək bildirdi ki, 100 il bundan sonra da Azərbaycan tərəfdaşlar üçün önəmli tərəfdaş olacaq.