YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gücümüzün əsas mənbəyi haqlı olmağımızdır

Samir Qocayev

YAP Goranboy rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verdi. Üç saata yaxın davam edən və 20-dək istiqamət üzrə sualları əhatə edən müsahibə hazırda son 20 ilin uğurlarının söykəndiyi 1993-2003-cü illərin reallıqlarının, onların yol açdığı zəfərlərin, yeni dövrün yeni hədəflərinin təqdimatı baxımından geniş müzakirə edilir. Cənab İlham Əliyev “Son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi” söyləyərək bildirmişdir ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi. Yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi: “Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Hesab edirəm ki, bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu.”

Bu reallıq inkaredilməzdir ki, bugünümüzün uğurları möhkəm təməlin nəticəsidir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın xoşbəxt gələcəyini, daim zirvələrdə olmasını düşünərək möhkəm baza formalaşdırdı. Sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illərdə dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı. Eyni zamanda, xalq-iqtidar birliyi önəmli bir amilə çevrildi.

2003-cü ildən başlanan mərhələ Heydər Əliyev yolunun uğurlu davamıdır. Prezident İlham Əliyev hər bir çıxışında, keçmiş məcburi köçkünlərlə görüşlərində bu əminliyi ifadə edirdi ki, torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, bu torpaqlarımız cənnətə çevriləcək. Təbii ki, bu inam, əminlik Azərbaycanın tarixi ədalətə söykənən siyasətinə, göstərdiyi qətiyyətə, ən yüksək tribunalardan haqlı olduğumuzu əsaslı şəkildə dünya ictimaiyyətinə çatdıraraq beynəlxalq dəstəyin qazanılmasına, xalqın iradəsinə söykənirdi. Artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza mövcud idi. Son 20 ilin uğurlarının miqyası o qədər genişdir ki, onları bir yazıda əhatə etmək mümkünsüzdür. Dövlət başçısı İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində qeyd etdiyi kimi, son 20 ilin tarixinə gəldikdə hər şey göz qabağındadır. Əgər biz bu haqda geniş danışsaq, yəqin ki, bütün müsahibəni buna həsr etməli olacağıq: “Sadəcə olaraq, onu demək istəyirəm ki, bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Hesab edirəm ki, bu, həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. Bu, təkcə mənim fikrim deyil, mənim bəzi həmkarlarım da bu barədə kifayət qədər açıq danışıblar.”

Cənab İlham Əliyev müsahibədə tarixi Zəfərimizin reallıqları fonunda regionda dayanıqlı sülhün, təhlükəsizliyin yaradılması üçün ölkəmizin göstərdiyi səylərdən, sülh təklifindən, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçrərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməməsi, silahlı birləşmələrini ərazilərimizdən çıxarmaması nəticəsində ötən ilin 19 sentyabr tarixində rəşadətli Ordumuzun həyata keçirdiyi antiterror tədbirlərindən və suverenliyimizin tam təmin olunmasından, əksər dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərdən, Azərbaycanın enerji diplomatiyasından və regional əməkdaşlığa, dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən geniş bəhs etdi. Bir daha qeyd edildi ki, 20 sentyabrdan müasir tariximizin yeni dövrü başlayıb. Yeni dövrün yeni hədəfləri olmalıdır. Cənab İlham Əliyev bu çağırışı etdi ki, biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik. Çünki o hədəflərə artıq nail olmuşuq.

Müsahibədə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinə, soydaşlarıızın doğma yurd-yuvalarına qayıdışlarına diqqət yönəldilərək bu müjdə də çatdırıldı ki, bu il vətəndaşlarımız Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərlərinə qayıdacaq. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bununla paralel olaraq bir çox kəndlərdə inşaat davam edəcək, bir neçə kəndə keçmiş köçkünlər qayıdacaqlar. Laçın rayonunun Sus kəndi hazır olacaq. Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin də bərpasına artıq start verilir. Hədəfimiz 2026-cı ilin sonuna qədər 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaqdır.

Cənab İlham Əliyevin hər bir müsahibəsi zəngin mənbədir. Hər bir məsələ ilə bağlı  Azərbaycanın mövqeyini açıqlayan dövlətimizin başçısı bir daha bildirdi ki, gücümüzün əsas mənbəyi haqlı olmağımızdır.