YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Reallığı qəbul etməlidirlər

Nazimə Şamıyeva

YAP Füzuli rayon təşkilatının sədri

Prezident İlham Əliyev yanvarın 10-da yerli telekanallara verdiyi geniş müsahibəsində Ermənistanın əsas himayədarlarından biri olan Fransanın anti-Azərbaycan siyasətini əsaslı faktlarla ifşa edib. Bildirib ki, hazırkı Fransa Prezidenti Emmanuel Makronun dövründə bu ölkənin mənəvi və siyasi çöküşü sürətlənib. Xüsusilə Fransanın xarici və daxili siyasətində uğursuzluqlar, müstəmləkələrdən qovulma, məhz E.Makronun dövründə güclənib, yəni onun yarıtmaz siyasətinin nəticəsidir. Hətta iş o yerə çatıb ki, Fransa Senatının deputatları, siyasilər dəfələrlə bu məsələ ilə bağlı narahatçılıqlarını ifadə ediblər. Artıq Nigerdən biabırcasına qovulma baş verib, analoji proseslərin digər keçmiş müstəmləkələrdə də yaşanacağı gözlənilir. Məsələn, Fransa zülmündən əziyyət çəkən Yeni Kaledoniya parlamentinin (Konqres) qarşısında etiraz aksiyası keçirilib. Onlar Fransa hökumətinin Yeni Kaledoniyanın daxilində qeyri-sabitlik yaratmaq siyasətinə və yerli əhalinin hüquqlarının kobud şəkildə pozulmasına etirazlarını bildiriblər. Bundan başqa, rəsmi Parisin ölkəmizə qarşı qərəzi İkinci Qarabağ müharibəsi başlayanda özünü daha açıq göstərdi. Riyakar, ikiüzlü şəkildə işğala məruz qalanın deyil, işğal siyasətini həyata keçirənin - Ermənistanın yanında yer aldı. Ali Baş komandanımızın müsahibəsində vurğulandı ki, Prezident Makron müharibənin dayandırılması tələbi ilə çıxış edərək dəfələrlə telefon zəngləri ilə Azərbaycana təzyiq göstərməyə çalışıb. Halbuki, bu ölkə Ermənistanla Azərbaycan arasında münaqişənin nizamlanması məqsədilə yaradılan ATƏT-in keçmiş Minsk qrupunun üzvü olub. İllər əvvəl özünü minnət və xahişlə həmsədrliyə soxan Paris 30 il ərzində yarıtmaz siyasəti ilə yadda qalıb, münaqişənin dondurulmuş vəziyyətdə saxlanılmasına çalışıb. Azərbaycanın Qarabağı işğaldan azad etməyə başladıqda isə birtərəfli qaydada Ermənistanın müdafiəsinə qalxdı. Anti-Azərbaycan bəyanatlar səsləndirməklə yanaşı, BMT Təhlükəsizlik Şurasına qətnamələr təqdim etdi, həmçinin Ermənistanın silahlandırmağa çalışdı. Təbii ki, beynəlxalq aləm də yaxşı dərk edir ki, Azərbaycanla Fransa arasında münasibətlərin gərginləşməsinin günahkarı ölkəmiz deyil, qarşı tərəfdir. Prezident İlham Əliyev də bunu müsahibəsində açıq şəkildə ifadə edib. Dövlətimizin başçısı Parisin Ermənistanı silahlandırdığını, ruhlandırdığını, hərbçilərinə təlim keçdiyini və İrəvanı yeni müharibəyə hazırladığını bildirib. Bu isə birmənalı şəkildə Fransanın bölgəyə sülh deyil, gərginlik gətirmək siyasətidir. Makronun hədəfi heç də Ermənistana sülh, əmin-amanlıq bəxş etmək deyil, bu ölkəni ikinci kiçik Ukraynaya çevirməkdir. Ermənistan hakimiyyəti isə rəzilcəsinə bu barbar siyasətə uyub, ölkəmizə qarşı revanşist hisslərlə yaşayır. Rəsmi Parisin anti-Azərbaycan mövqeyi o elə bir rəzil vəziyyətdədir ki, ölkəsində Azərbaycanı xatırladan nə varsa məhv etməyə çalışır.

Ölkəmizin başçısı azərbaycanlı şairə Xurşidbanu Natəvanın Fransanın Evian-le Ba şəhərində büstünün təhqir edilməsini vandalizm aktı adlandırıb. Bildirib ki, Fransada Natəvanın heykəlinin təhqir edilməsi, onun sellofana bükülməsi, bu şəhər ilə İsmayıllı arasında qardaşlıq sazişinin ləğv edilməsi kimi lüzumsuz hərəkətlərə əl atmağa başlayıblar: “Təbii ki, biz də adekvat cavab verirdik və indi də buna davam edirik. Amma bu, deyə bilərəm ki, artıq kin, gücsüzlük və isterikanın özünü heykəldə göstərdiyi mənəvi deqradasiyanın dibidir. Yəni, burada onlar praktik olaraq ermənilərdən az fərqlənirlər. Çünki ermənilər Natəvanın Ağdamdakı məzarını qazıblar, heykəlini məhv ediblər. Biz onu bərpa etdik, daha doğrusu, yenidən dəqiq surətini ucaltdıq. Fransa isə Natəvanın həmin ölkədə heykəlini təhqir edir. Göründüyü kimi, burada bir oxşarlıq var. Özünü demokratik dövlət, dünyanın ən mədəni ölkəsi kimi qələmə verməyə çalışan dövlətin bu cür cılız addımlar atması, onun mahiyyətini ortaya qoyub.” Təbii ki, Fransa dövlətinin anti-Azərbaycan mövqeyinin mühüm səbəblərindən biri, sözsüz ki, rəsmi Bakının fransız imperializminin müstəmləkə ölkələrində törətdiyi vəhşilikləri dünyaya çatdırmasıdır. Bu da reallıqdır ki, Azərbaycan iki ölkə arasında körpülərin birdəfəlik yandırılmasında maraqlı deyil. Prezident İlham Əliyev müsahibəsində bunu açıq bəyan edərək vurğulayıb ki, Azərbaycan heç bir ölkə ilə münasibətlərin gərginləşməsində maraqlı olmayıb, olmayacaq da. Sadəcə, Fransanın da bu reallığı başa düşməsi, qəbul etməsi zəruridir.