YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan yeni dövrdə də bütün hədəflərinə nail olacaq

Prezident İlham Əliyevin yanvarın 10-da üç saata yaxın davam edən və 20-dək istiqamət üzrə sualları özündə ehtiva edən yerli televiziya kanallarına müsahibəsi ölkəmizin əldə etdiyi uğurlar, gələcək  perspektiv inkişaf istiqamətləri baxımından böyük əhəmiyyət kəsb edir. Dövlət başçısının mediaya tam açıq olması, Ona ünvanlanan istənilən sualı geniş şəkildə cavablandırması həm xalqımız,, həm də beynəlxalq ictimaiyyətlə çox nadir dialoq formasıdır. Biz İkinci Qarabağ müharibəsi dövründə də bu formanın şahidi olduq. Dövlət başçımızın xalqa müraciətləri, birbaşa dialoqu, atdığı tvitlər, nüfuzlu beynəlxalq media orqanlarına verdiyi müsahibələr həm xalqın məlumatlandırılması, həm də ölkə həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna dərəcədə böyük rol oynadı.

Bu fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev ifadə edib.

Deputat vurğulayıb ki, müsahibəsində ötən 20 il ərzindəki fəaliyyəti dəyərləndirən Prezident İlham Əliyev qeyd etdi ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi.

Son 20 ilin tarixinə gəldikdə isə hər şey göz qabağındadır. Ötən 20 il ərzində ölkəmizin qarşısında dayanan bütün hədəflərə nail olundu. Siyasi-iqtisadi baxımdan güclənən Azərbaycan ordu potensialını artıraraq dünyanın ən güclü ordularından birini yaratmağa nail oldu. Hədəf ərazi bütövlüyü təmin olunmuş güclü Azərbaycan idi. Prezident İlham Əliyev 20 illik hakimiyyətinin 17 ilini bu hədəfə çatmaq üçün görülən işlərə həsr etdi. Nəhayət, 2020-ci ildə ölkəmiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin Liderliyi ilə tarixi Zəfər qazandı. Ötən ilin sentyabr ayında isə ərazi bütövlüyümüz və suverenliyimiz bütün ölkə ərazisində tam bərpa edildi. Cənab Prezidentin vurğuladığı kimi müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq.

Milli Məclisin deputatı qeyd edib ki, ölkəmizin qarşısında dayanan bütün vəzifələr yerinə yetirildi və artıq yeni mərhələ, yeni dövr, yeni missiya başlayır. Bu baxımdan fevralın 7-də keçiriləcək prezident seçkiləri mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı yerli televiziya kanallarına müsahibəsində prezident seçkilərinin keçirilməsini şərtləndirən əsas amilləri diqqətə çatdırdı. Birinci səbəb kimi suverenliyimizin tam bərpası vurğulandı. Dövlət başçısı bildirdi ki, sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. İkinci səbəb müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək. Digər mühüm məqam cənab İlham Əliyevin Prezident kimi fəaliyyətinin 20 ili tamamlandı. 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur. Beləliklə, yeni dövr başlayır və dövlət başçımızın vurğuladığı kimi prezident seçkiləri bu yeni dövrə xeyir-dua verəcək.

Deputat qeyd edib ki, cənab Prezident müsahibəsində Ermənistanla aparılan sülh danışıqlarının hazırkı vəziyyəti, Zəngəzur dəhlizi ilə bağlı məqamlara da toxundu. Ötən ilinin sentyabr ayında keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra ölkəmiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi, separatizm dəftərini birdəfəlik bağladı. Bu isə Ermənistanla sülh müqaviləsinin imzalanması üçün şərait yaradır. Azərbaycan yenə də ədalətli, haqlı tərəf kimi beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq sülh müqaviləsini imzalamağa hazırdır. Amma Ermənistanın qeyri-konstruktiv mövqeyi, havadarlarının dəstəyi ilə ortaya qoyduğu ədalətsiz yanaşma müqavilənin imzalanmasına imkan vermir. Eyni mövqeni  Zəngəzur dəhlizi ilə bağlı məsələdə də görürük. Siyasi manipulyasiyalarla məşğul olan Ermənistan anlamalıdır ki, bu, onun Üçtərəfli bəyanata əsasən öhdəliyidir və Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirlər. Cənab Prezidentin müsahibəsində qeyd etdiyi kimi, əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir.

Milli Məclisin deputatı fikirlərini ümumiləşdirərək qeyd edib ki, ötən il 20 ildə qarşıya qoyulan bütün hədəflərə nail olan Azərbaycan bundan sonra daha da qüdrətlənərək yeni zəfərlərə doğru inamla addımlayacaq.