YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Önəmli mesaj

“Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi bu gün ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Cənab İlham Əliyev Azərbaycanın xarici siyasət uğurlarından, enerji diplomatiyasından,  dünyanın enerji xəritəsini dəyişən layihələrdən, hazırkı dövrün əsas çağırışlarından olan yaşıl enerjiyə keçiddən, yeni əməkdaşlıq formatlarının yaradılması təşəbbüslərindən, gücümüzün əsas mənbəyi olan haqlı mövqeyimizdən, dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərdən və digər məsələlərdən bəhs edərək  bu siyasi həqiqəti təsdiqlədi ki, güclü lider və düşünülmüş siyasət olmadan istənilən, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın yaşadıqları bunun bariz nümunəsidir. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizin həyatında yeni mərhələnin başlanğıcı oldu. Sabit inkişafın bünövrəsi məhz 1993-2003-cü illərdə qoyuldu. 2003-cü ildə isə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi.  Cənab İlham Əliyev müsahibəsində bu məqamı xüsusi vurğuladı ki, bugünkü reallıqları 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik.  Çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu. Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Azərbaycan həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər.” Bu fikirləri Milli Məclisin deputatı Nurlan Həsənov bildirib.

Nurlan Həsənovun sözlərinə görə, hazırda Azərbaycana beynəlxalq dəstək möhkəm təmələ əsaslanan siyasətin nəticəsidir: “Azərbaycan iqtisadi, siyasi, humanitar və diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər bütün sahələrdə qazandığı uğurların təqdimatı olur. O da məlumdur ki, bu ilin dekabr ayında Azərbaycan COP29-a ev sahibliyi edəcək. Cənab İlham Əliyev müsahibədə bu mötəbər tədbirə Azərbaycanın ev sahibliyini  ölkəmizin artan nüfuzunun göstəricisi kimi qeyd etdi. O da vurğulandı ki, dəqiq və düşünülmüş diplomatik addımlarımız nəticəsində bu mötəbər tədbiri Azərbaycanda keçirmək üçün imkan əldə etdik. Həm COP29-un, həm də Urban Forumunun Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərarın qəbul edilməsi ölkəmizə böyük etimadın nümayişidir. Dövlət başçısı belə bir əminliyi ifadə etdi ki, hər iki tədbir uğurla keçiriləcək və gələn qonaqlar Azərbaycan reallıqları ilə tanış olacaqlar. Mahiyyət nöqteyi-nəzərindən neft-qaz hasil edən və neft-qaz keçmişi olan ölkələrdə belə tədbirlərin keçirilməsi daha önəmlidir. Prezident İlham Əliyev müsahibədə Azərbaycanın beynəlxaq nüfuzunun əsas göstəricilərindən biri kimi Qoşulmama Hərəkatına sədrliyini qeyd etdi. Bu sədrlik ölkəmizə BMT-dən sonra ən iri təşkilata rəhbərlik etmək kimi əvəzolunmaz təcrübə verdi, doğru yolda olduğumuza dair daha böyük əminlik yaratdı. Çünki Azərbaycan Hərəkatın yaranmasının təməl prinsiplərini - dövlətlərin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini həmişə  dəstəkləyib və dəstəkləyir. Cənab İlham Əliyev bu çağırışı da etdi ki, inteqrasiya prosesləri könüllülük əsasında həyata keçirilməlidir. Hazırda beynəlxalq analitiklər Azərbaycanı daha yaxşı tanıyırlar. Gözəl başa düşürlər ki, siyasət uzaqlaşma deyil, dostluq zəminində aparılmalıdır, Bu, əməkdaşlıq üçün ən yaxşı yoldur. Heç bir inteqrasiya əsas inteqrantın üstünlüyünə gətirib çıxarmamalıdır. İndi Avropa İttifaqı məkanında bəzi Avropa ölkələrinin, onların öz ölkəsində böyük dəstəyə malik olan rəhbərlərinin necə “ağ qarğaya” çevrildiyini görürük, çünki onların mövqeyi ümumi istiqamətdən fərqlənir.”

Millət vəkili qeyd edib ki, cənab İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi dünyaya daim qardaşlıq nümunəsi olan Azərbaycan-Türkiyə birliyinin, həmrəyliyinin təqdimatı baxımından da xüsusi diqqətdə oldu: “Hər zaman bir yerdə olan iki qardaş ölkənin liderlərinin qardaşlıq münasibətləri əlaqələrimizin inkişafında öz sözünü deyir. “Bir millət, iki dövlət” olan Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı tarixi Zəfərimizdən sonra daha da möhkəmləndi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müharibənin ilk günündən son gününə qədər Azərbaycanın yanında oldu, siyasi və mənəvi dəstəyini əsirgəmədi. Bu dəstək bir çoxlarına mesaj idi. Bu, sadəcə olaraq, Azərbaycan xalqına həmrəylik və dəstək mesajı deyildi. Bu, müharibəyə qarışmaq istəyənlərə bir ciddi mesaj idi ki, kənarda durun.  Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır. Dövlət başçısı İlham Əliyev müsahibədə “Bu gün əgər hansısa ciddi bir məsələ ölkəmiz qarşısında dursa, əlbəttə, ilk növbədə, qardaşım Rəcəb Tayyib Ərdoğana zəng edərəm, onu məlumatlandıraram” fikirləri ilə dünyanın diqqətini bir daha bu dostluğa, qardaşlığa yönəltdi. Tarixi Zəfərimizdən sonra Qarabağın tacı Şuşanın şahidliyi ilə imzalanan Müttəfiqlik Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin bu gününün və gələcəyinin yol xəritəsidir.” 

Nurlan Həsənov vurğulayıb ki, üç saata yaxın davam edən və 20-dək istiqamət üzrə sualların cavablandırılmasına geniş imkanlar yaradan bu müsahibə zəngin mənbədir: “Gələcək hədəflər açıqlandı. Azərbaycanın, xalqımızın daha xoşbəxt gələcəyinin mənzərəsi təqdim olundu. Müasir tarixinin yeni dövrünə qədəm qoyan Azərbaycan yeni çağırışların yüksək səviyyədə həyata keçirilməsi üçün böyük potensiala malikdir.”