YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Böyük Ermənistan” xülyası: faktlar və sübutlar” kitabı İstanbulda beş dildə nəşr olunub

AZƏRTAC-ın Türkiyə üzrə xüsusi müxbiri Sabir Şahtaxtının “Böyük Ermənistan” xülyası: faktlar və sübutlar” kitabı İstanbulda Azərbaycan, türk, fars, rus və ingilis dillərində nəşr olunub.

Kitabın ön sözünün müəllifi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovdur.

AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun məsləhəti ilə yazılan kitaba professorlar Elman Nəsirli, Musa Qasımlı və İbrahim Öztək rəy veriblər.

Ön söz, iki fəsil və nəticədən ibarət kitabda ermənilərin dünyanın ayrı-ayrı ölkələrində törətdikləri terror, qətl, qarət və digər mütəşəkkil cinayətləri əks etdirən yüzdən artıq sənəd yer alıb.

Professor Əli Həsənov ön sözdə yazır: “Azərbaycanın məruz qaldığı erməni təcavüzünə 1918-ci ilə qədər erməni millətçiləri və din xadimləri başçılıq ediblər. Müasir dövrdə isə Azərbaycan xalqına, onun dövlətçiliyinə, ərazi bütövlüyünə, milli-psixoloji sabitliyinə qarşı yönəlmiş erməni təcavüzkarlığı məhz işğalçı Ermənistan dövlətinin birbaşa himayədarlığı ilə davam etməkdədir... Kitabda toplanmış çoxsaylı faktlar, onların ilkin informasiya mənbələrinin göstərilməsi və digər həqiqətlər Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dünəni və bu günü, səbəb və nəticələrinin araşdırılması ilə məşğul olan, o cümlədən uydurma “erməni məsələsi”ndən doğan proseslərə maraq göstərən tədqiqatçılar üçün mühüm əhəmiyyət daşıyır”.

Kitabda cəfəng “Böyük Ermənistan” iddiası ilə uydurma “erməni soyqırımı” məsələlərinin yaranmasının səbəb və məqsədlərinə aydınlıq gətirilir. Əsaslandırılır ki, erməni milli burjuaziyasının və diasporunun formalaşmasının, təşkilatlanmasının və ardıcıl fəaliyyətinin maliyyə mənbəyini erməni millətçilərinin cinayət yolu ilə əldə etdikləri vəsaitlər təşkil edir. Erməni burjua-millətçi şəbəkəsi isə zaman-zaman uydurma “Böyük Ermənistan” ideologiyasının ayrı-ayrı istiqamətlərini maliyyələşdirmiş, hazırda bu rolunu və əlaqələndirmə funksiyasını davam etdirməkdədir. Faktlarla əsaslandırılır ki, uydurma “Böyük Ermənistan” ideologiyası sıravi erməniləri, o cümlədən bu toplumu təmsil edən siyasətçiləri də öz əsirinə çevirmiş beynəlxalq təhlükədir.

Müəllif bildirir ki, erməni terrorizmi ermənilərin öz nümayəndələrindən də yan keçməyib. Məhz erməni terrorçu təşkilatlarına maliyyə yardımı göstərməkdən imtina etdiklərinə və erməni millətçilərinin separatçı və silahlı cinayətlərinə zidd mövqedə olduqlarına görə 1903-cü ildə bankir Camqarov Moskvada, 1907-ci ildə ticarətçi Tavşancyan Nyu-Yorkda, 1908-ci ildə inqilabçı-yazıçı Arpiar Arpiaryan Qahirədə, 1914-cü ildə Amayak Aramyan Türkiyədə, 1915-ci ildə Mkrtıç Arutyunyan və Vaqe İxsan (Esayan) Türkiyədə terrorçu ermənilər tərəfindən amansızlıqla qətlə yetirilib. 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində törədilmiş terror aktı da daxil olmaqla bu siyahını daha da uzatmaq mümkündür. Müasir dövrdə tanınmış müğənni və diplomat Şarl Aznavur, tədqiqatçı Kristofer Qann, siyasətçi Paruyr Ayrikyan, Moldova ombudsmanı Aureliya Qriqoriu və digər şəxslər erməni terrorizminin təhdidləri ilə üz-üzə qalıblar. Bir sıra tədqiqatçılar əsaslandırırlar ki, erməni əsilli jurnalist Hrant Dinkin qətlinin sifarişçisi məhz “Böyük Ermənistan” ideoloqlarıdır.

Dünyadakı ikili standartların insan haqlarının qorunması, demokratik proseslər, söz və mətbuat azadlığı, hətta iqtisadi sahədə də mövcud olduğunu diqqətə çatdıran müəllif vurğulayır ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəkməməsinin əsas səbəbi beynəlxalq aləmdəki ayrı-seçkilikdir. Kitabda əsasən xarici mənbələrdən Baqramyan batalyonunun Gürcüstandakı cinayətlərinə, Ermənistan ərazisindən qaçaq yolla gələn ermənilərin İran əleyhinə casusluq fəaliyyətinə, ABŞ, Avropa və ərəb ölkələri də daxil olmaqla dünyanın bir sıra yerlərində mütəşəkkil cinayətlər törədən ermənilərin bu yollarla əldə etdikləri vəsaitləri erməni diaspor təşkilatları ilə bölüşməsinə dair, o cümlədən ASALA-nın Yerevanda yubiley mərasimini qeyd etməsinə, PKK, PJAK kimi terrorçu təşkilatların Ermənistanda hərbi təlimlər keçməsinə, Ermənistan rəsmilərinin narkobiznes fəaliyyətinə və işğal olunmuş Azərbaycan torpaqlarında narkotik tərkibli bitkilərin becərilməsinə, bu ərazilərdən tranzit cinayətkar dəhliz kimi istifadə olunmasına dair konkret faktlar kitabda əksini tapıb. Qeyd edilir ki, təcavüzkar Ermənistan uydurma “erməni soyqırımı” mövzusuna qazanc mənbəyi olaraq baxdığı kimi, istismar müddəti başa çatan “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyətini 2026-cı ilədək uzatmaqla burada da şantaj yolu seçərək bölgədə ekoloji fəlakət riski yaradır.

Erməni kilsəsi isə saxta “Böyük Ermənistan” ideologiyanın gerçəkləşməsində antibəşəri, antidini, antimilli missiya yerinə yetirir.

Kitab “Araz yayınçılıq” evi tərəfindən nəşr olunub.