YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TANAP layihəsi çərçivəsində boru kəmərinin keçəcəyi ərazilərdə torpaqların düzləşdirilməsi işləri tamamlanıb

Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsi çərçivəsində boru xəttinin keçəcəyi ərazilərdə torpaqların düzləşdirilməsi işləri artıq tamamlanıb.

Bu barədə məlumat TANAP-ın rəsmi saytında yer alıb. Bildirilir ki, 19 kilometri Mərmərə dənizindən keçməklə uzunluğu 1850 kilometr olacaq boru kəmərinin Gürcüstan sərhədindən Türkiyədə Eskişəhirə qədər uzanacaq 56 düymlük hissəsi üzrə torpaqların düzləşdirilməsi işləri tamamlanaraq layihə ilə bağlı digər proseslərə başlanılıb. Hazırda işlər qrafikə uyğun davam etdirilir.

Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP ilə Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin bu imkanının 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

“Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, BOTAŞ - 30 faiz və bp şirkəti - 12 faiz.