YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət katibi: Fransa heç vaxt Dağlıq Qarabağı müstəqil qurum və ya Ermənistanın bir hissəsi kimi tanımayıb

Fransa Senatında Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, xarici məsələlər üzrə komissiyanın sədr müavini, senator Natali Qule Senatda hökumətə suallar proseduru çərçivəsində Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarındakı separatçı rejimin "prezidenti" Bako Saakyanın Fransaya səfəri ilə bağlı sual səsləndirib. Bu barədə Azərbaycanın Fransadakı səfirliyindən AZƏRTAC-a bildirilib.

N.Qule deyib: “Qafqazda bir neçə “dondurulmuş münaqişə” mövcuddur ki, bunlardan biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir.

May ayında qondarma “Dağlıq Qarabağ respublikası”nın “prezidenti” Fransaya “rəsmi səfər” edib və Drom departamenti, habelə bir neçə şəhər ilə “dostluq xartiyaları” imzalayıb. Aydındır ki, bu qondarma “respublika” heç bir ölkə, hətta Ermənistan tərəfindən tanınmayıb. Fransa bu münaqişənin həllində mühüm diplomatik rol oynayır, ATƏT-in Minsk qrupunun həmsədridir. Sözügedən “xartiyalar”ın imzalanması yalnız Fransanın tutduğu rəsmi mövqe ilə deyil, həmçinin beynəlxalq hüququn prinsipləri ilə bir araya sığmır. Bu, əslində işğal faktına dəstək verir. Təsəvvür edin ki, sabah Krımın, Abxaziyanın və ya Cənubi Osetiyanın “prezidentləri” də Fransa şəhərləri ilə eyni “xartiyaları” imzalayacaq. Bu məsələ çox pis işarədir. Beynəlxalq hüququn tanımadığı bir ərazi ilə hər hansı sənədin imzalanması mümkün deyil”.

Hökuməti təmsil edən təhsil, ali təhsil və tədqiqatlar naziri yanında dövlət katibi Tieri Mandon xarici işlər və beynəlxalq inkişaf naziri Loran Fabiusun adından çıxış edərək suala cavab verib: “Xanım Natali Qule, siz məsələnin siyasi və hüquqi baxımdan çox mürəkkəb olduğunu söyləməkdə tamamilə haqlısınız. Qeyd etdiyiniz kimi, Fransanın bir neçə yerli özünüidarəetmə icması qondarma Dağlıq Qarabağın yerli icmaları ilə “dostluq xartiyaları” imzalayıb. Bu “xartiyalar” qondarma “Dağlıq Qarabağ respubliksası”nın “prezidenti” Bako Saakyanın mayın 18-20-də Fransaya səfəri zamanı imzalanıb.

Söylədiyiniz kimi, Fransa ATƏT-in Minsk qrupunun həmsədridir və Ermənistanla Azərbaycan arasında münaqişənin həlli üçün vasitəçi rolunu oynayır. Fransa heç zaman Dağlıq Qarabağı müstəqil qurum və ya Ermənistanın bir hissəsi kimi tanımayıb. Biz Dağlıq Qarabağın müstəqilliyini tanımırıq və bu “qurum”la ikitərəfli əlaqələrimiz yoxdur. Odur ki, Fransa hökuməti yerli icmaların bu təşəbbüsündən təəssüflənir. Həmin “dostluq xartiyaları”nın imzalanması Yerli İcmalar Məcəlləsinin L. 1115-1-ci maddəsinə əsasən qeyri-qanunidir. Əlbəttə, bu addımın eyni zamanda Dağlıq Qarabağın müstəqilliyini tanımayan Fransanın beynəlxalq öhdəliklərinə də zidd olduğu aydındır.

Xanım senator, siz tamamilə haqlısınız ki, bu vəziyyət yenidən planetin digər bölgələrində yerləşən ərazilərlə bağlı da yaşana bilər.

Sizi əmin edirəm ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün tam səfərbər olaraq qalmaqdadır. Qətiyyətlə bildirmək istərdim ki, bizim Ermənistanla əlaqələrimiz Fransanın Minsk qrupu çərçivəsində ənənəvi bitərəf mövqeyinə təsir göstərmir və bundan sonra da təsir etməyəcək".