YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Düzgün siyasət

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

“Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumunda Prezident İlham Əliyev bir çox məsələlərə aydınlıq gətirdi, Azərbaycanın haqq işini bu dəfə də diqqət mərkəzində saxladı. Ölkə başçısı bildirdi ki, Azərbaycan təqribən 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdi. Lakin, təəssüflər olsun ki, bu mümkün olmadı. Bunun bir çox səbəbi var idi. Prezident İlham Əliyev Azərbaycanın keçirdiyi  antiterror əməliyyatına da diqqət çəkərək qeyd etdi ki, iki hadisə baş verdi və  bu, bizim üçün sonuncu, qırmızı xəttin keçilməsi demək idi. Birincisi, Ermənistanın baş nazirinin dırnaqarası dağlıq qarabağ respublikasının dırnaqarası müstəqilliyi münasibətilə təbriki idi ki, bu, Ermənistanın baş nazirinin dedikləri və imzaladığı ilə tam ziddiyyət təşkil edirdi. Çünki keçən ilin oktyabrında Ermənistanın baş naziri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdır və həmin ruhda olan çoxsaylı bəyanatlardan sonra separatçılara təbrik göndərmək tamamilə qəbuledilməz və ziddiyyətli idi. İkinci və sonuncu qırmızı xətt isə həmin hadisədən bir həftə sonra dırnaqarası dağlıq qarabağ respublikasının dırnaqarası prezidentinin seçkiləri idi ki, bu da İkinci Qarabağ müharibəsindən sonra əldə olunmuş şifahi razılıqların tamamilə pozulması oldu. Bir gündən də az sürən antiterror əməliyyatı ölkəmizə imkan verdi ki, suverenliyimiz bərpa edilsin. Əməliyyat elə tərzdə aparılmışdır ki, mülki infrastruktura zərər dəyməyib və dinc əhali arasında itkilər olmayıb. Əməliyyat başlayan anda bəyan etdik ki, Ermənistan ordusu silahları yerə qoyan kimi biz dayanacağıq və onlara oraları tərk etməyə icazə verəcəyik. Əməliyyat 24 saatdan az sürdü və onlar təslim olduqlarını bəyan edəndən sonra bütün fəaliyyətlər dayandırıldı. Ölkə başçısı vurğuladı ki, Azərbaycan etdiyini BMT Nizamnaməsinin özünümüdafiə ilə bağlı 51-ci maddəsinə uyğun olaraq edib. Bu, beynəlxalq hüquqa əsasən olunub və istənilən ölkə kimi Azərbaycanın da suveren hüququ var ki, ərazisinə tam nəzarət etsin.

Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumunda  reinteqrasiya məsələsinə də diqqət çəkərək bildirdi ki, Qarabağda yaşayan erməniləri öz vətəndaşımız hesab edirik. Onlar separatçıların liderləri tərəfindən manipulyasiya edilirlər. Biz onlara həmin ərazidə qalmaq və yaşamağa davam etmək üçün şərtlərimizi təklif etdik. Bu, tamamilə beynəlxalq hüquqa uyğun idi. Onların edəcəkləri yeganə iş Azərbaycan vətəndaşlığı üçün müraciət etmək idi. Onların hüquqları və təhlükəsizliyi məsələləri də nəzərə alınmışdı. Lakin reinteqrasiya həm Ermənistan hakimiyyəti, həm də separatçılar tərəfindən istehza ilə qarşılandı. Həmin separatçılar ki, bu gün təcridxanada verdikt gözləyirlər.

Ölkə başçısı xatırlatdı ki, Azərbaycan reinteqrasiya ilə bağlı bütün lazımi təşəbbüslərlə çıxış etmişdir. Reinteqrasiyaya dair elektron portal yaratdıq ki, orada Azərbaycan vətəndaşlığını almaq istəyən hər kəs qeydiyyatdan keçə bilər. Onlara təklif etdiyimiz bütün hüquqlarla bağlı əlavə məsləhətləşmələr də aparılacaqdı. Onlara təklif etdiklərimizin hamısı tamamilə qəbuledilən idi və ən yaxşı təcrübəyə əsaslanırdı – milli azlıqlarla bağlı Avropa Konvensiyası, dil ilə bağlı Avropa Konvensiyası, ana dilində təhsil, dini hüquqlar, mədəni hüquqlar, bələdiyyə hüquqları. Onlara bələdiyyə seçkiləri vasitəsilə nümayəndələrini seçmək təklif edildi. Ermənistan tərəfindən belə tanınmayan qondarma “dağlıq qarabağ respublikası”nın qondarma müstəqil kvazi-dövlət kimi mövcud olmaq şansı heç zaman olmayıb. İki şans var idi - ya Azərbaycanın qalan hissəsi ilə inteqrasiya etmək, ya da tarixə qovuşmaq.

Forumda ölkə başçısı onu da bildirdi ki, Azərbaycan regiona sülhü müharibə ilə gətirib. Ölkəmiz sübut etdi ki, münaqişənin hərbi yolla həlli var. Sözügedən fakt Qafqazda lokal vəziyyətdən daha geniş şəkildə qiymətləndirilməli olan bir məsələdir. Zaman göstərdi ki, Azərbaycan düzgün siyasət aparıb. Ordumuzu qurduq, digər çoxsaylı təhlükəsizlik infrastrukturu yaratdıq və hərbçilərimiz üçün çoxlu təlimlər təşkil etdik. Bu olmasaydı, biz hələ də ermənilərlə bilinmir nədən danışmağa davam edəcəkdik, deyə  Prezident İlham Əliyev qeyd etdi.

“Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumunda  Prezident İlham Əliyev həmçinin  dünyada baş verən geosiyasi proseslərə də münasibət bildirdi. Ölkə başçısı qeyd etdi ki, dünyada yeni vəziyyəti proqnozlaşdırmaq olmur. Rusiya-Qərb geosiyasi qarşıdurmasının nə ilə nəticələnəcəyi bilinmir. Bu səbəbdən regionumuzda, Qafqazda vəziyyəti, Mərkəzi Asiya ölkələrinin sərhədləri boyu, xüsusilə də Əfqanıstandakı vəziyyəti nəzərə aldıqda təhlükəsizlik mövzusu başlıca prioritet olmalıdır.