YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP nümayəndəsi ICAPP-ın xüsusi seminarında iştirak edib

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) 2023-cü il 8-10 dekabr tarixlərində Koreya Respublikasının Cecu vilayətində keçirilən xüsusi seminarında iştirak etmək məqsədilə Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsi müdirinin müavini Hülya Məmmədli bu ölkədə səfərdə olub.

Dekabrın 8-də Azərbaycan, Türkiyə, Kamboca, Vyetnam, Rusiya, Pakistan, Monqolustan, Nepal və Şri-Lankanın aparıcı siyasi partiyalarının nümayəndələrinin iştirakı ilə “Asiya icmasının qurulmasında ICAPP-ın rolu” mövzusunda xüsusi seminar keçirilib. Tədbirdə çıxış edən ICAPP Daimi Komitəsinin sədri, Koreya Respublikasının keçmiş xarici işlər naziri Çunq Eu-yonq seminarın keçirilməsində əsas məqsədin ICAPP daxilində təmasları möhkəmləndirmək olduğunu bildirib, həmçinin qurumun fəaliyyətini daha da genişləndirmək üçün yeni imkanların yarandğını, bunun təsdiqi kimi, hazırda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə sədrlik edən Azərbaycan tərəfinin hər iki qurumun nümayəndələrinin bir-birinin tədbirlərində iştirakı təklifini irəli sürdüyünü vurğulayıb.

ICAPP-ın baş katibi Kvon He-seoq isə təşkilatın hazırkı fəaliyyəti və gələn il üçün nəzərdə tutulan tədbirlər planı barədə ətraflı məlumat verərək qurumun nəzdində fəaliyyət göstərən Gənclər Qolu, Qadınlar Şurası, Media Forum və Biznes Şurasının fəaliyyətinin intensivləşdiyini qeyd edib.

Sonda iştirakçılar arasında Asiya icmasının qurulmasında ICAPP-ın roluna dair fikir mübadiləsi aparılıb. Müzakirədə çıxış edən YAP Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsi müdirinin müavini Hülya Məmmədli müxtəlif ideologiyalara malik siyasi partiyaları bir araya gətirən ICAPP-ın Asiya qitəsindəki ideoloji, etnik, dini, mədəni rəngarəngliyi uğurla təmsil etdiyini, eləcə də mütəmadi olaraq ICAPP-ın tədbirlərinə ev sahibliyi edən, qurumun fəaliyyətində aktiv rol oynayan Yeni Azərbaycan Partiyasının Asiya icmasının qurulmasında ICAPP-ın gördüyü işlərə töhfə verdiyini söyləyib.

Dekabrın 9-10-da Cecu adasında yerləşən Cecu Sülh İnstitutu, Haenyeo (Qadın Dalğıclar) Muzeyi, qədim Seonqup kəndi, Yakçeonsa dini məbədi və Saebyeol vulkan krateri ziyarət olunub.