YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir Robert Sekuta Azərbaycanda ekologiya sahəsində əldə edilən uğurların şahidi olduğunu bildirib

İyulun 9-da ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş səfirin müraciəti əsasında baş tutub və tanışlıq xarakteri daşıyıb.

Görüşdə H.Bağırov son illərdə ölkəmizdə həyata keçirilən irimiqyaslı tədbirlərdən, beynəlxalq sahədə əldə edilən nailiyyətlərdən danışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində bütün sahələrdə olduğu kimi, ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli istiqamətində ölkəmizdə aparılan ardıcıl ekoloji siyasət barədə ABŞ səfirinə məlumat verilib. Qeyd olunub ki, son on ildə Azərbaycanda meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçib. Hazırda meşə ilə örtülü sahələr ölkə ərazisinin 11,8 faizini təşkil edir. Meşə fonduna daxil olmayan ərazilərdə yaşıllıqların artırılması sahəsində də nəzərəçarpacaq işlər görülüb. Son 4-5 ildə Bakı və Abşeron yarımadasında 3613 hektar ərazidə 4,6 milyon ədəd, bölgələrdə isə 1800 hektar sahədə 1,2 milyondan artıq ağac əkilib. Bildirilib ki, bu və ya digər mühüm ekoloji layihələrin həyata keçirilməsi ilə yanaşı, xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 2003-cü ildən etibarən təxminən iki dəfə artırılaraq ölkə ərazisinin 10,3 faizinə çatdırılıb. Vəhşi təbiətin mühafizəsi istiqamətində Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində 150 başadək ceyran öz tarixi areallarına köçürülüb.

Səfir Robert Sekuta Azərbaycanda son illər iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də ekologiya sahəsində qazanılan uğurların şahidi olduğunu bildirib, həmçinin ABŞ-ın ölkəmizdə müxtəlif sahələr üzrə çoxsaylı layihələr həyata keçirdiyini qeyd edib.

Görüşdə 2015-ci ilin sonunda Parisdə keçirilməsi nəzərdə tutulan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına hazırlıqla bağlı məsələlərə toxunulub. Müzakirə zamanı hər iki ölkə tərəfindən iqlim dəyişmələri üzrə yumşaldılma tədbirlərinin aktivləşdirilməsi, həmçinin iqlim dəyişmələrinin təsirlərinin azaldılması və itkilərin minimuma endirilməsi üçün adekvat adaptasiya tədbirlərinin həyata keçirilməsinin zəruriliyi qeyd edilib. Eyni zamanda, Azərbaycan ilə ABŞ arasında ətraf mühitin mühafizəsi sahəsində ikitərəfli əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.