YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni hədəflərə doğru atılacaq mühüm siyasi addım

Bəxtiyar Mustafayev

YAP Mingəçevir şəhər təşkilatının sədri

Dövlət başçısı İlham Əliyevin 7 fevral 2024-cü il tarixdə ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncamı xalqımız tərəfindən böyük rəğbət hissi ilə qarşılanır. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edildiyi bir dövrə təsadüf edən bu seçkilər Zəfər seçkiləri kimi tarixə yazılacaq. Postmünaqişə dövrünün bütün reallıqlarını özündə ehtiva edən bu seçkilərdə bütün ərazilərdə seçki məntəqələri fəaliyyət göstərəcək. Mərkəzi Seçki Komissiyasının 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərinə həsr olunmuş iclasında bu statistik rəqəm açıqlanıb ki, hərbi hissələri nəzərə alsaq, azad edilmiş ərazilərdə 20 min seçici var. Bu insanlar azad edilmiş ərazilərdə ilk dəfə səs verməklə tarixə düşəcəklər.

Göründüyü kimi, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində həm ölkəmizdə, həm də regionda yaranan reallıqlar yeni hədəflərin müəyyənləşdirilməsində stimulverici amildir. Keçiriləcək növbədənkənar Prezident seçkiləri məhz yeni hədəflərə doğru atılacaq mühüm siyasi addımlardan ən önəmlisidir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi bütün vədləri yerinə yetirdi. Dövlətimizin başçısı atdığı addımları ilə “Nəyi, necə və nə vaxr etmək lazımdır bilirəm” prinsipini təsdiqləyərək Ümummilli Liderin görmək istədiyi Azərbaycanı dünyaya təqdim edir. Bu gün qalibiyyət rəmzi olan üçrəngli bayrağımız Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarımızda dalğalanır. 44 günlük İkinci Qarabağ müharibəsində rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 5 şəhəri, 4 qəsəbəni, 300-ə yaxın yaşayış məntəqəsini işğaldan azad etdi. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulysiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən Ağdam, Kəlbəcər, Laçın müharibəsiz işğaldan azad edildi. Postmünaqişə dövrünün reallıqlarına diqqət yetirsək görərik ki, dövlət başçısı İlham Əliyevin tarixi ədalətə söykənən siyasəti nəticəsində daha mühüm, tariximizin növbəti Zəfər səhifələri yazıldı. 2023-cü ilin 23 aprel tarixində Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın ərazi bütövlüyünün tam bərpası oldu. Ermənistanın sözügedən Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməməsi, mütəmadi təxribatlar törətməsi bu ilin 19 sentyabr tarixində Azərbaycan Ordusunun bir günlük lokal antiterror tədbirlərinə başlamasına səbəb oldu. Bu lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu.

Qısa təhlil növbədənkənar prezident seçkilərinin keçirilməsinin bir çağırış olduğunu təsdiqləyir. Xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşəcək, daxili və xarici siyasətini dəstəkləyərək, ölkəmizin həyatında başlayan yeni dövrün davamını təmin edəcək. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Qalib Prezidentə milyonların sevgisi şəksidir. Son 20 ildə Prezident İlham Əliyevin təkmil və uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyadakı nüfuzunu daha da artırdı, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atdı. “Biz son illər ərzində aparılan islahatlar nəticəsində bu səviyyəyə qalxa bilmişik” söyləyən cənab İlham Əliyev bildirir ki, bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq.

Dünya bu gün müasir inkişafın Azərbaycan modeli ilə maraqlanır. Qarşıda bizi Zəfərimizin yaratdığı reallıqlar fonunda daha möhtəşəm uğurlar gözləyir.

Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, regionda tam müstəqil bir ölkənin olmasını və Azərbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Azərbaycan dövlətinin siyasətində bu sistemin təkmilləşdirilməsi prioritetdir.

O da nəzərə alınmalıdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir. Potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün seçkilərin keçirilməsi faktı universal fürsətdir. Bu mənada seçkilərin keçirilməsi ilə bağlı olan istənilən narazılıq yalnız qərəzli mövqeyin və məhdud potensialın təcəssümü kimi dəyərləndirilməlidir.