YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ulu Öndər Heydər Əliyevin kənd təsərrüfatının inkişafında rolu” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı “Ü.Hacıbəyov küç.80” (Kənd Təsərrüfatı Nazirliyi) ünvanı üzrə ərazi partiya təşkilatında “Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyevin kənd təsərrüfatının inkişafında rolu” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Kənd Təsərrüfatı Nazirliyinin inzibati binasında ucaldılmış büstü önünə əklil qoyub, əziz xatirəsini ehtiramla anıblar.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ümummilli Liderin əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə giriş sözü ilə çıxış edən kənd təsərrüfatı nazirinin müavini, ərazi partiya təşkilatının sədri Sarvan Cəfərov bildirib ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sisteminin qurulması və inkişafında müstəsna xidmətləri var. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana hakimiyyəti dövründə qəbul edilən qərarlar, hazırlanan kompleks tədbirlər planı aqrar sahədə dayanıqlı inkişafın təməl prinsiplərini formalaşdırıb. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən siyasət, məqsəd, vəzifə və prinsiplərə əsaslanan sosial-iqtisadi siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.

YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, müstəqil Azərbaycan dövlətinin qurulması, müstəqilliyinin qorunub saxlanılması istiqamətində fəaliyyətindən bəhs edib. O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan iqtisadiyyatında böyük dönüş yaranıb və iqtisadiyyatın bütün sahələri inkişaf edib.

YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Ümummilli Liderin Azərbaycanda hakimiyyəti dövründə əldə edilən nailiyyətlərə toxunub. Komitə sədri qeyd edib ki, möhkəm təməl üzərində qurulan inkişaf bu gün də davam edir.

YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolundan, Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs edib. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə xidmət edib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin fədakar əməyi sayəsində dinamik iqtisadi inkişafa nail olunub, Azərbaycan iqtisadi inkişaf göstəricilərinə görə keçmiş ittifaq respublikalarını xeyli qabaqlayıb. YAP rəsmisi əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və həyata keçirdiyi siyasət müasir Azərbaycanda davamlı inkişafa zəmin yaradıb.

Tədbirin sonunda partiyada fəal ictimai-siyasi fəaliyyətinə görə bir qrup şəxsə fəxri fərman, YAP sıralarına yeni daxil olan şəxslərə üzvlük vəsiqələri təqdim edilib.