YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qələbənin nümayişi

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

3 il əvvəl 10 noyabrda Azərbaycanın möhtəşəm qələbəsindən sonar reallaşan Zəfər paradı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə yenilməz Silahlı Qüvvələrimizin Qələbəsinin, ölkəmizin hərbi qüdrətinin təntənəli nümayişi idi. Zəfər Marşının sədaları altında peşəkar döyüş qabiliyyətinə malik üç mindən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin, həmçinin darmadağın edilən düşməndən ələ keçirilmiş hərbi qənimətlərin nümayişi dosta, düşmənə, işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə Azərbaycanın qüdrəti bir daha nümayiş etdirildi.

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir.

Bəli, qüdrətli Azərbaycan ordusunun cəmi 44 günə düşməni pərən-pərən salıb qarşısında diz çökdürərək, yenidən Şuşada dalğalandırdığı üçrəngli bayrağın fəxrlə paytaxt Bakının Azadlıq meydanında dalğalandırılması bir başqa qürur idi. Ali Baş Komandanın “gün gələcək işğal altında olan torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək” sözləri reallığa çevrildi. 2016-cı ildə Lələtəpə yüksəkliyinə qaldırılmış, düşmən işğalından azad edilmiş torpaqlarda dalğalandırılan bayraq Zəfər paradında fəxarətlə dalğalandırıldı. Zəfər paradı təkcə ölkəmizin düşmən üzərindəki qələbəsinin təntənəsi olmadı, eyni zamanda bölgədə erməni faşizminin məhvi, Azərbaycanın illərlə ikili standartlara, təzyiqlərə məruz qalmasının sonu oldu.

Dünyaya səs salan, qürur, şərəf, ləyaqət simvolumuz olan Zəfər paradı artıq ənənəyə çevrilib. Azərbaycan xalqı hər il bu tarixi anı qürur hissi ilə qeyd edir. Dost da, düşmən də 44 gün ərzində Azərbaycanın igid əsgərlərinin əzmlə, qürurla, çiyin-çiyinə verərək qazandıqları bu zəfərlərin nümayişinə şahid olur. Zəfər paradında erməni işğalçilarının 44 günə Azərbaycan Ordusu tərəfindən ələ keçirilən hərbi qənimətlərinin nümayişi, bu il noyabrın 8-də Xankəndi şəhərində Zəfər Günü ilə bağlı paradın keçirilməsi isə Azərbaycanı gözü götürməyən qüvvələrə yenidən xatırlatma olur: Heç kəs bir daha Azərbaycanla güc və təzyiq dili ilə danışa bilməz.

Düşmənə qarşı yumruq kimi birləşən xalqımızın Zəfər paradında qardaş Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçularının iştirakı Azərbaycan- Türkiyə qardaşlığının daha bir nümayişi oldu. Qardaş Türkiyənin 44 günlük Vətən müharibəsinin ilk günündən ölkəmizin yanında olması, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tarixi gündə iştirak etməsi isə sarsılmaz qardaşlığın təntənəsi idi. Prezidenti Rəcəb Tayyib Ərdoğanın özünün də dediyi kimi, Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə çətinliklərin öhdəsindən gəlməyə, yeni uğurlara çatmağa davam edəcək: “Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır.”

Qalib xalqımız Zəfər paradının üçünçü ildönümünü böyük qürur hissi ilə qeyd etməyə hazırlaşır. Bu tarixi gün bu gün də, yüz illər sonra da qəlbində Vətən sevgisi gəzdirən hər bir azərbaycanlını fərəhləndirəcək, qürurlandıracaq. Axı, Azərbaycanın bütün gücünü səfərbər edərək bir “dəmir yumruq”la düşmənin başını əzən rəşadətli Ordusu, xalqın arxalandığı, güvəndiyi Ali Baş Komandanı var.