YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi Qələbənin təcəssümü

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak etmişdilər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda çıxış etdi. Prezident İlham Əliyevin o gün Zəfər paradının tribunasından səsləndirdiyi fikirlər də hərb tariximizə qızıl hərflərlə yazıldı: “Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər ordusu öz tarixi missiyasını yerinə yetirdi - Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın “dəmir yumruğ”u onların belini qıracaq.”  Paradda çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə qeyd etmişdir: “Azərbaycanın torpaqlarını işğaldan azad etməsi heç də mübarizənin başa çatması demək deyildir. Bu günə qədər siyasi və hərbi sahələrdə davam etdirilən mübarizə bundan sonra çox fərqli cəbhələrdə davam edəcəkdir. Otuz illik işğal müddətində bu bölgələrin viranəyə çevrildiyini, daş üstündə daş qalmadığını hamımız birlikdə gördük.

Dövlət başçılarının çıxışlarından sonra Zəfər paradı başladı. Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət bayrağı və şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin Zəfər bayrağı altında tribunaya doğru irəlilədi. Dövlət bayrağı və Zəfər bayrağının ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları Azadlıq meydanına gətirildi. Zəfər Paradında 3000 nəfərdən artıq şəxsi heyətin keçidi olmuş, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmiş, döyüş təyyarələrinin və helikopterlərin uçuşu baş tutmuşdur. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunmuşdur.

Azərbaycanın 44 günlük Vətən müharibəsində parlaq qələbəsini səciyyələndirən bir sıra məqamlar var. Birincisi, Prezident İlham Əliyev Azərbaycanın müstəqil iqtisadiyyatını qurmağı bacardı. İqtisadiyyatımız gücləndikcə, ölkəmiz qüdrətləndikcə, ölkə başçısı İlham Əliyev bütün bunlarla paralel olaraq güclü ordu quruculuğunu həyata keçirdi. Azərbaycan Silahlı Qüvvələri dünyanın ən aparıcı orduları siyahısına daxil edildi. Ordumuzda müasir texnologiyalar tətbiq olundu. Əsgər və zabitlərimiz həmin müasir texnologiyalara yiyələnməyi bacardılar. Eyni zamanda, bütün bunlarla yanaşı, Azərbaycan Silahlı Qüvvələrində vətən sevgisi, ideoloji hazırlıq işləri çox uğurla gerçəkləşdirildi. Hərbi əməliyyatların gedişi onu da təsdiqləmişdir ki, Ermənistan ordusunun “güclü və məğlubedilməz olması” barədə iddialar sadəcə mif və yalandan ibarətdir. Yüksək peşəkarlıq nümayiş etdirən Azərbaycan Ordusu ən müasir silah və hərbi texnikanın imkanlarından faydalanaraq, cəbhəboyu sürətli əks-hücum həyata keçirmiş, unikal döyüş strategiyasına əsaslanan “Dəmir yumruq” əməliyyatları ilə dünya hərb tarixində yeni səhifə açdı. Hərbi əməliyyatlar zamanı və sonrakı mərhələdə dünyanın müxtəlif ölkələrini təmsil edən hərbçilər, peşəkar mütəxəssislər etiraf etmişlər ki, Azərbaycan XXI əsrin müharibəsinin ən mükəmməl nümunəsini ortaya qoymuş, “minimum itki, maksimum nəticə” prinsipi ilə böyük nəticələrə nail olmuşdur.

Dekabrın 10-da paytaxt Bakıda keçirilən möhtəşəm Zəfər paradı Azərbaycanın gücünü və tarixi Qələbəmizi bütün dünyaya bir daha nümayiş etdirdi.  Zəfər paradı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında qazandığı tarixi Qələbənin təcəssümü oldu.