YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Müasir Azərbaycan Heydər Əliyev ideyalarının təntənəsidir

Xaçmaz rayonunda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Xaçmaz rayon təşkilatı rayon Heydər Əliyev Mərkəzində dekabrın 6-da tədbir keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. O vurğulayıb ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər ölkəmizin tarixinə sosial-iqtisadi yüksəliş mərhələləri kimi daxil olub. Müasir müstəqil Azərbaycan dövləti Heydər Əliyevin bizlərə və gələcək nəsillərə əmanətidir. Dünya Azərbaycanlıları Ümummilli Liderin əziz xatirəsini daim uca tutur və minnətdarlıqla yad edir.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Elnur Rzayev qeyd edib ki, Azərbaycan xalqının dövlətçilik ənənələrinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri var. Onun sözlərinə görə, müasir Azərbaycan tarixinin parlaq səhifələri, heç şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin adı və çoxşaxəli dövlətçilik fəaliyyəti ilə bağlıdır. Dahi rəhbər bütün həyatını Azərbaycanın tərəqqisinə və xalqın xoşbəxtliyinə həsr edib.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətindən, onun fədakar əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarının yaradılmasından, respublikamızın dünya məkanında öz layiqli yerini tutmasından, ölkəmizin bütün sahələrində baş vermiş müsbət dəyişikliklərdən söhbət açıb. Vurğulanıb ki, müstəqil Azərbaycanın qazandığı bütün müvəffəqiyyətlər Ümummilli Lider Heydər Əliyevin uğurlu və uzaqgörən siyasətinin nəticəsidir.

YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva qeyd edib ki, tarixin yaddaşında əbədi iz qoymaq hər bir insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu, yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqın xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri  misilsizdir.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev söyləyib ki, Ümummilli Lider Heydər Əliyev milli dövlətçiliyin gücləndirilməsinə və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına misilsiz töhfələr verib, xalqımızın qəlbində əbədiyaşarlıq qazanıb. Azərbaycanın bugünkü uğurları Ulu Öndər tərəfindən əsası qoyulan milli inkişaf strategiyasının nəticəsidir. Naqif Həmzəyev hazırda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bu siyasi irsi uğurla davam etdirdiyini diqqətə çatdırıb.

Partiya veteranı şair Telman Təravət davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycanın Heydər Əliyev ideyalarının təntənəsi olduğunu deyib, Ümummilli Liderə həsr olunan şeir səsləndirib.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman, YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.

Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.