Xəbərlər
Aytən Mustafayeva: Minsk qrupunun indiki fəaliyyəti ATƏT-in növbəti uğursuzluqlarından biridir
«Minsk qrupunun həmsədrləri eyni tərkibdə qaldıqca, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansısa irəliləyiş olması inandırıcı deyil». Bu fikri AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva deyib.
A.Mustafayeva bildirib ki, həmsədr dövlətlərin işğalçı Ermənistanla çox yaxşı münasibətləri var. Onun sözlərinə görə, bu dövlətlər ermənilərə ciddi dəstək verirlər.
«Minsk qrupunun belə fəaliyyəti ATƏT-in növbəti uğursuzluqlarından biridir. Baxmayaraq ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır, amma bir sıra Avropa dövlətləri ölkəmizə qarşı səmimi deyil. ATƏT-in strukturuna gəldikdə isə düşünürəm ki, orada və ciddi beynəlxalq qurumlarda dəyişikliklər olmalıdır. Nə vaxta kimi beynəlxalq qurumlar böyük dövlətlərin maliyyə dəstəyindən, mövqeyindən asılıdırlar, onlardan ədaləti qərarlar gözləmək çətindir»- deyə, A.Mustafayeva vurğulayıb.