YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaranıb

Nazimə Şamıyeva
YAP Füzuli rayon təşkilatının sədri

Azərbaycanın dost ölkələr sırası hər gün genişlənməkdədir. Bu, ölkəmizə geosiyasi və iqtisadi əlaqələrin qurulmasında önəmli fakt kimi qəbul edilir. İraq Respublikası ilə dostluğumuz və iqtisadi əlaqələrimiz də hazırda yeni mərhələyə qədəm qoyub. Bunun sübutu kimi İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin noyabrın 20 –də Azərbaycana rəsmi səfərini qeyd etmək olar.

Xüsusi vurğulamaq lazımdır ki, iki ölkə arasında imzalanan iqtisadi-sosial və mədəni sənədlər əməkdaşlığımızın genişlənməsinə hesablanıb. Digər mühüm fakt isə ondan iabarətdir ki, Azərbaycanla İraqın diplomatik əlaqələr tarixi dövründə bu, İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Eyni zamanda, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanı ilk tanıyan ölkələrdən biri də İraqdır. Belə ki, 2 yanvar 1992-ci il tarixində İraq Azərbaycan Respublikasının müstəqilliyini tanımış və üç ay sonra Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlər yaradılmışdır.

Çox mühüm hadisədir ki, Azərbaycanla İraq bir-birinə dəstək verməklə də gündəmə gəlirlər.  Xüsusilə BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında bu iki ölkə hər zaman bir-birilərinin haqq işlərinə dəstək olurlar.

Bəli, bu gün Azərbaycan kimi İraq da özünün yeni inkişaf mərhələsindədir. Ona görə də hər iki ölkənin bundan sonra da mütəmadi olaraq siyasi, iqtisadi, mədəni əlaqələrinin daha da gücləndirilməsinə ehtiyac yaranıb. Prezident İlham Əliyev deyib: “Əminəm ki, bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq. Yeri gəlmişkən, bu, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Ona görə də bu, tarixi səfərdir.”

İraq Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə bu səfəri İraq və Azərbaycan arasında perespektiv əməkdaşlıqlar üçün yeni imkanlar yaradır. Səfər çərçivəsində imzalanmış sənədlərdə də bu aydın şəkildə görünür. Qeyd edək ki,  bir çox sahələrdə, o cümlədən, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İraq Respublikasının Əmək və Sosial İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” imzalanması  bu səfərin əhəmiyyətini göstərir.  Azərbaycan ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq münasibətləri qurmağa açıq ölkədir. Onun regiona daxil olan və ya dünyanın müxtəlif region dövlətləri ilə iki və çoxtərəfli qarşılıqlı və praqmatik münasibətləri mövcuddur. İraqla çoxtərəfli əlaqələrin gücləndirilməsi yaxın gələcəkdə hər iki ölkənin xalqı üçün faydalı olacaqdır.

O da məlumdur ki, İraq Prezidenti Azərbaycan səfərindən sonra Ermənistana da səfər edib. Ölkəmizin başçısı İraq Prezidentinin İrəvana bu səfərinə rəğmən demişdir ki, həm Ermənistan, həm də onu himayə edən Fransa Cənubi Qafqazdakı geosiyasi münaqişələri qızışdırmaqdan çəkinməli və öz yerlərini bilməlidirlər: “Cənab Prezident qonşu Ermənistana da səfər edəcək. Ona görə də mən fürsətdən istifadə edərək iki ölkə arasındakı hazırkı vəziyyətlə bağlı qonağımı məlumatlandırmaq istəyirəm”.

Prezident İlham Əliyev xüsusi vurğulaıb ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri əsasında öz ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa etmişdir və ölkəmizin möhtəşəm Zəfəri beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmalıdır: “Azərbaycan öz ərazisində separatizmi məhv etmişdir. Bundan sonra da hər hansı qanunsuz separatçı rejimin  yaranmasına imkan verməyəcəkdir…Əfsuslar olsun ki, Ermənistan hökuməti bizə qulaq asmadı, Qərbdəki məsləhətçilərinə qulaq asdı. O məsləhətçilər isə onlara yaxşı məsləhət vermədilər. Xüsusilə Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüquqi bərqərar etdik. Lakin Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır.”

Dövlət başçımız şovinst Avropa ölkəsi olan Fransaya yönəlik sərt mesajında bildirib ki, bu ölkə Ermənistanı silahlandırmaqdan qürur duyur və bunu ictimai şəkildə bildirir: “…Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək. Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək. Üç il bundan əvvəl Fransa onlara kömək etdi? Xeyr. İki ay bundan əvvəl onlara kömək etdi? Xeyr. Onlar burada nə edə bilərlər. Heç nə.”

Prezident İlham Əliyevin bu mesajında açıq-aydın görünən odur ki, həm Ermənistan, həm də onun himayədarı Fransa regiondakı güclü Azərbaycan reallığı ilə hesablaşmalıdırlar. Əks halda, yenə də uduzan tərəf məğlub Ermənistan olacaq.