Xəbərlər
Tarixi Qələbə günlərinin əbədiləşdirilməsinə xidmət edən təşəbbüs

Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
Bu gün sülh və əminamanlıq içində yaşadığımız müstəqil Azərbaycan dövləti Ulu Öndərimiz Heydər Əliyevin şah əsəridir və xalq öz xilaskar oğlu ilə hər zaman qürur duymaqdadır.
Ulu Öndər Heydər Əliyev Dühası öz fəaliyyəti ilə Vətənə sədaqətli xidmətin əyani nümunələrini yaratmışdır. Xalqın böyük sevgisini qazanan, Azərbaycanın xilaskarına çevrilən Ulu Öndər Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır.
O, çətin dönəmlərdə Ulu Öndər Heydər Əliyevin gündəliyində duran milli prioritet isə torpaqlarımızın işğaldan azad edilməsi və yurdlarından zorla didərgin salınan vətəndaşlarımızın tarixi torpaqlarına qayıdışı idi.
Ümummilli lider Heydər Əliyev məcburi köçkünlərlə görüşlərinin birində demişdir: "Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə gələcəyəm Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm".
Qürurverici məqam isə ondan ibarətdir ki, Ata vəsiyyətini layiqincə yerinə yetirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin bu fikrini 44 günlük şanlı Vətən müharibəsi zamanı döyüş meydanında tamamladı və tarixi ədaləti bərpa etdi.
Azərbaycan 44 günlük Şanlı Vətən müharibəsində bütün gücünü və milli birliyini dünyaya göstərdi. 44 günlük Vətən Müharibəsi şanlı Zəfər tariximizdir və bu Zəfəri xalqımıza bəxş edən isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazan şanlı Azərbaycan Ordusudur.
Azərbaycan ordusunun əks hücum əməliyyatları nəticəsində bütün hərbi birlikləri iflic vəziyyətinə gətirilmiş Ermənistan ordusu 44 gün ərzində demək olar ki, məhv edilmişdi və belə bir rüsvayçı məğlubiyyətdən qurtulmağın tək yolunu kapitulyasiya aktına imza atmaqda gördü. Döyüş meydanında rüsvayçı məğlubiyyətə düçar olan Ermənistanın imzaladığı kapituliyasiya aktına əsasən Azərbaycan noyabrın 20-də Ağdam rayonu Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi uğurun davamı olaraq bir güllə atılmadan azad edildi.
2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medal təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olub.
Bu gün Prezident İlham Əliyevin müvafiq göstəriş və tapşırıqları əsasında Ağdam rayonunda quruculuq-tikinti işləri uğurla davam etdirilməkdədir. Bu da onu söyləməyə əsas verir ki, çox qısa müddət ərzində Böyük Qayıdış Dövlət Proqramı işğaldan azad olunmuş Ağdam rayonunda da icra olunacaqdır və bu istiqamətdə işlər uğurla davam etdirilməkdədir. Bütün məcburi köçkünlərimiz kimi ağdamlılarda o günü səbirsizliklə gözləyirlər.
Tarixi zəfərin məntiqi davamı olaraq 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə cəmi 24 saata yaxın müddət ərzində həyata keçirilmiş antiterror tədbirləri nəticəsində qeyri-qanuni erməni hərbi birləşmələrinə ciddi zərbələr endirildi və düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da, ərazidə olan qanunsuz birləşmələrin tərkisilah edilməsi prosesinə başlanıldı. Bu Azərbaycanın həm hərbi, həm də diplomatik sahədə əldə etdiyi növbəti tarixi zəfər səlnaməsidir.
Qazanılan bütün bu son uğurlar bir daha onu təsdiqləyir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ulu öndər Heydər Əliyevin qoyduğu yolla gedərək inkişaf etmiş ölkələr sırasında nufuzunu qoruyacaq və yeni yeni uğurlara imza atacaqdır.