Xəbərlər
YAP zəngin ənənələri olan partiyadır

Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
Yeni Azərbaycan Partiyası təsis olunmasının 31 illiyini qeyd etdi. YAP illərin sınağından uğurla çıxaraq təkmilləşir, sıraları genişlənir. Hər bir əlamətdar tarixi gün keçilən yola qısa baxış keçirməyi bir tələbə çevirir. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşadıqları tariximizin qara səhifəsi kimi daim vərəqlənir. Ölkəmizin taleyini düşünən insanlar Azərbaycanı böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Ümummilli Lider Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri də seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Ümummili Lider qısa zamanda partiyanı inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.
YAP ölkədə milli birlik və həmrəyliyin yaranmasında da aparıcı siyasi qüvvə kimi rolunu əməli fəaliyyəti ilə doğruldur. Dövlətçiliyin möhkəmlənməsi, müstəqilliyin əbədiliyi naminə qüvvələri eyni məqsəd naminə birləşdirən YAP fəaliyyətini xalqın istək və arzularına uyğun müəyyənləşdirir: Azərbaycan daha da qüdrətlənməli, insanların həyat səviyyəsi yüksəlməli, sabitlik, davamlı inkişaf əsas prinsip kimi diqqətdə saxlanılmalı, ölkəmizin dünya birliyində mövqeyi möhkəmlənməlidir. Ən çətin dövrlərdə yeganə ümid yeri kimi Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsini nicat yolu seçən xalq sonrakı dövrlərdə yanılmadığını Ulu Öndərin siyasi məktəbini davam etdirən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi dəstəkləməklə bildirdi. YAP-ın yaranmasını müasir siyasi sistemin formalaşması, təkmilləşməsi kimi dəyərləndirən və gələcəyə böyük ümid yaradan partiyanın keçdiyi yola nəzər salan Prezident, YAP Sədri İlham Əliyevin bildirdiyi kimi, təşkilatın əsas amalı dövlətçilik, müstəqillik, inkişaf, təhlükəsizlikdir.
Yeni Azərbaycan Partiyasına milyonların sevgisini qazandıran əsas amillərdən biri adının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olmasıdır. Bu gün partiyanın sıralarında 800 minə yaxın üzv birləşib. Bu, Heydər Əliyev ideyalarına sədaqətin, onun laqiqli davamçısı Prezident İlham Əliyevin siyasətinə inamın göstəricisidir. Azərbaycanın uğurlarının bələdçisi olmaqla yanaşı, hər birində öz payı olan Yeni Azərbayan Partiyası yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə də ölkəmizin mövqeyinin möhkəmlənməsinə öz töhfələrini verir. YAP Proqramında əksini tapan bütün hədəflərə nail olub. Yeganə məsələ Qarabağ münaqişəsinin həlli idi ki, üç il bundan əvvəl dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun gücü, qüdrəti sayəsində ərazi bütövlüyümüz bərpa olundu. Tarixi Zəfərimiz bölgədə və dünyada reallıqlar yaratdı. Həmçinin ölkə daxilində də bu reallıqlar bütün sahələrdə islahatlara yol açdı. YAP-ın VII qurultayının keçirilməsini zəruri edən məhz Qələbəmizin yaratdığı reallıqlar, eyni zamanda, yeni dövrün bütün məsələlərini özündə ehtiva edən yeni Nizamnamə və Proqramın qəbul olunması idi. Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya hər zaman fəaliyyətində bu prinsipləri öndə saxlayır. Siyasi sistemin təkmilləşdirilməsində YAP-ın rolu inkaredilməzdir. Yeni Azərbaycan Partiyası böyük ənənələri olan partiyadır.