Xəbərlər
YAP-ın 31 illik tarixi zəngin və şərəfli inkişaf yoludur
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı partiyanın yaradılmasının 31-ci ildönümü münasibəti ilə Şəmkir rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxs ərazi partiya təşkilatında tədbir keçirib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.
Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, partiyanın keçdiyi otuz bir illik şərəfli yol xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu təsdiqləyib. Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.
Ərazi partiya təşkilatının sədri Roza Orucova və digərləri Ulu Öndər Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan YAP-ın zəngin və şərəfli inkişaf yolu keçdiyini deyiblər. Qeyd edilib ki, Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır.
Sonda rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərə fəxri fərman təqdim edilib.