Xəbərlər
YAP zəngin və şərəfli inkişaf yoluna malikdir

Nərimanov rayonunda YAP-ın təsis olunmasının 31-ci ildönümü qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında YAP-ın yaranmasının 31 illiyi münasibətilə tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyularaq dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən YAP Nərimaov rayon təşkilatının sədri Samir Vəliyev təsis edilməsinin 31-ci ildönümü qeyd olunan Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində şərəfli yol keçdiyi, ümumxalq partiyasına çevrildiyi diqqətə çatdırıb. Qeyd edib ki, Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Vurğulayıb ki, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir. Öz gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına milsilsiz töhfələr verib.
S.Vəliyev bildirib ki, səmərəli fəaliyyətin və yüksək siyasi nüfuzun qanunauyğun nəticəsi kimi ümumxalq partiyasına çevrilən, 720 mindən çox üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıb. Eyni zamanda, təşkilat sədri ötən müddət ərzində YAP-ın keçirdiyi qurultaylarda qəbul etdiyi tarixi qərarların ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynadığını qeyd edib.
Sonra partiyanın veteran üzvlərindən, Azərbaycan Kooperasiya Universitetinin kafedra müdiri Vilayət Əliyev və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əməkdaşı Əhliyət Adıgözəlov çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan geniş bəhs ediblər.