YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müraciət xalqın istək və arzusunu ifadə edirdi

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Azərbaycanın ən ağır günlərində, müstəqilliyimizin itirilməsi təhlükəsizliyi ilə üz- üzə qalanda Azərbaycan ziyalıları bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə Azərbaycan xalqının lideri və müdrik oğlu Heydər Əliyevin ətrafında birləşdilər. Azərbaycanın 91 nəfərdən ibarət görkəmli ziyalısı, nüfuzlu şəxsi Heydər Əliyevə müraciət göndərdi. Müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq partiyaya sədrlik etmək xahiş olunurdu. Bu müraciət həm də xalqın istək və arzusunu ifadə edirdi.

1992-ci il noyabrın 21-də Azərbaycanın bütün regionlarından seçilmiş 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını keçirməyə nail oldu. Təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi və Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Konfransda həmçinin partiyanın proqram və nizamnaməsi də qəbul edildi. Beləliklə, bu gün də regionda ən böyük və güclü bir siyasi partiya olan YAP-ın təməli qoyuldu. Bu gün YAP üzvləri ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq bu kursu yaşatmaq üçün var gücləri ilə çalışırlar.

Ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış YAP-ın əsas prinsipi və vəzifəsi dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, demokratik, hüquqi dövlət qurulması, eləcə də, vətəndaşların dinc və firavan həyat sürməsini təmin etməkdir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirir.

Ümummilli lider Heydər Əliyev öz xalqını sevən, müstəqil Azərbaycan dövlətinin yaşaması və güclü bir dövlət olması üçün canını belə əsirgəməyən dahi şəxsiyyət və güclü siyasətçi idi. 1993-cü ildə Azərbaycan vətəndaş müharibəsi astanasında olanda və ölkəmiz parçalanma təhlükəsi ilə üz - üzə qalanda bütün xalq Heydər Əliyev müdrikliyinə sığındı və bu ağır vəziyyətdən qurtuluşun yeganə yolunu Heydər Əliyev dühasında gördü. Heydər Əliyev qısa bir müddətdə öz müdrik və qətiyyətli siyasəti nəticəsində xalqı bu ağır vəziyyətdən çıxarmağı bacardı.

1993-cü ildə YAP ın sədri Heydər Əliyev xalqın böyük əksəriyyətinin səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi və YAP iqtidar partiyası oldu. Ulu öndər Heydər Əliyev ikinci dəfə xalqın ən ağır durumunda onun imdadına yetişdi. Həmin tarixdən bugünkü güclü, qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu.

YAP ın 2005- ci il 26 mart tarixində keçirilən III Qurultayında partiyanın yeni sədri - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev seçilmişdi.  Bu, dövlətimizin başçısına olan etimadın nəticəsidir. Bu gün dövrün tələblərinə uyğun olaraq, eləcə də hakim bir partiya olaraq Yeni Azərbaycan Partiyasında da islahatlar aparılır. YAP ın VII qurultayında qəbul edilmiş qərarlar əsasında partiyanın yeni Nizamnaməsi, 40 nəfərdən ibarət İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası, 35 nəfərdən ibarət Veteranlar Şurası təsdiq edilmişdir. Azərbaycandakı reallıqları nəzərə alaraq bütün sahələrdə islahatlar aparılır. Son Prezident və Parlament seçkiləri ilə ölkəmizdə gedən islahatlar mərhələsinə qədəm qoyuldu.

YAP-ın yeni Nizamnaməsinə uyğun olaraq partiyanın sədri cənab İlham Əliyevin Sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edildi. Bu təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin nəticəsidir. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının fəal, ictimai-siyasi, vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır.

YAP həmçinin təşəbbüskar bir partiya kimi hər zaman digər siyasi partiyalarla dialoqa hazır olduğunu bəyan etmişdir. YAP Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hər şeydən üstün tutan digər siyasi partiyalarla əməkdaşlıq etməyə hazırdır. YAP Avropa və Asiyada iqtidarda olan bir çox siyasi partiyalarla sıx əməkdaşlıq edir.

YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixində keçirilən iclasında 5 fəsildən ibarət Proqram təsdiq edilmişdir. Proqramda YAP-ın siyasi dəyərləri və prinsipləri sistemində 5 strateji istiqamət müəyyən olunmuşdur. Bu gün Azərbaycan xalqı iqtidar partiyası olan YAP-ı dəstəkləyir və partiyanın sədri,  ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi özlərinin lideri hesab edir.

YAP hakimiyyətdə olduğu son 20 ildə Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən inkişaf edərək güclü, qüdrətli bir dövlətə çevrilmişdir. Dünya Bankının qiymətləndirilməsinə görə ölkəmiz 2002 -2022- ci illərdə yuxarı, orta gəlirli ölkələr qrupuna daxil edilmişdir. Son 20 ildə iqtisadiyyatımız 4 dəfədən çox artmışdır ki, bu da dünyada ən yüksək göstəricilərdəndir.

İxracımız hər il sürətlə artır. İxracın həcmi 2,2 milyard ABŞ dollarından 38,1 milyard ABŞ dollarına çatmışdır. Dövlət büdcəsində qeyri neft sektorundan gələn gəlirlər neft-qaz sektorundan gələn gəlirləri üstələməkdədir. Bu gün Azərbaycanın strateji valyuta ehtiyatları 66 milyard ABŞ dollarından çoxdur.

YAP-ın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada söz sahibinə çevrilmişdir.  Dünya liderləri də ölkə başçımızın güclü, qətiyyətli, müdrik siyasətçi, mahir diplomat olduğunu vurğulayırlar.