YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfərlə başlayan yeni mərhələ

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

8 noyabr 2020-ci il tarixində Vətən müharibəsində qazanılan Qələbə tariximizdə Zəfər Günü kimi qeyd olunur. Dünya tarixinin son 30 ilinə nəzər yetirsək, Azərbaycandan başqa təkbaşına işğala qarşı mübarizə aparmış və ona son qoymuş dövlətlərə rast gəlmək çətindir.

Dövlətimizə və xalqımıza Zəfər günü kimi şərəfli tarixi anı bəxş etmək yalnız müdrik və uzaqgörən Prezidentin – Ali Baş Komandanın rəhbərliyi altında mümkün ola bilərdi. Prezident seçildiyi ilk gündən xalqımıza “Torpaqlarımızı işğaldan azad etmək ən başlıca vəzifəmizdir” deyən cənab İlham Əliyev xalq qarşısında bütün sözlərini yerinə yetirmiş Prezident kimi adını tarixə qızıl hərflərlə yazdırdı.

Son 20 il ərzində gənc nəsil məhz Prezident İlham Əliyevin xalqımızı 20 il sonra qazanılacaq Qələbəyə kökləmək əzmi ilə yetişdi və onun ətrafında sıx şəkildə birləşdi. Xalq arasında birlik təmin etmək, ölkənin sosial, iqtisadı və hərbi qüdrətini artırmaq yalnız Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi altında mümkün ola bilərdi. Bütün dünya Prezident İlham Əliyevin dahi uzaqgörənliyinə, onun bu Zəfər gününü hələ 20 il bəlkə də daha əvvəldən gördüyünə inanmış mahir strateq olduğuna şahid oldu.

Cari ilin sentyabr ayında 24 saatlıq antiterror əməliyyatlarından sonra Azərbaycan ərazisində separatçılığın kitabı bağlanaraq dövlətimizin bütün ölkə ərazisində suverenlik tam şəkildə təmin olundu. Bu müddət ərzində bəzi qərb dairələrinin, o cümlədən ölkələrin Azərbaycana qarşı münasibəti açıq və aydın şəkildi göründü. Vaxtilə münaqişənin sülh yolu ilə nizama salınmasını dəstəkləyən bu ölkələr artıq heç kimə sirr deyil ki, öz maraqları naminə torpaqlarımızın işğal altında qalmasına maraqlı olublar.

Dünya xəritəsində ərazisinin miqyasına görə çətinliklə görünən, amma mövqeyinə görə bir çox böyük dövlətlərdən daha nəhəng Azərbaycana rəhbərlik etmək, ölkəmizə qarşı imperialist maraqlara qarşı meydan oxumaq və nəticədə öz dövlətinin ərazi bütövlüyünü, suverenliyini təmin etmək, hətta qısa zaman çərçivəsində bu ərazilərə insanlarımızı geri qaytarmaq Prezident İlham Əliyevin liderliyinin miqyasını nümayiş etdirir.

Zəfər Günü bütöv Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcıdır. Bu günə qədər əldə olunmuş bütün nailiyyətlər, uğurlar Qələbədən sonra çatacağımız hədəflərin nəhəngliyindən xəbər verir. Ərazi bütövlüyümüz uğrunda canından keçmiş qəhrəman oğullarımızın xatirəsinə əbədi sadiq qalaraq hər bir vətəndaşımız bu Zəfərin böyük məsuliyyətini dərk etməli və bundan sonrakı mərhələdə dövlətimizin gələcək inkişafını təmin etmək üçün öz töhfəsini verməlidir.