YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya daha güclü Azərbaycanın uğurlarına şahidlik edir

Samir Qocayev

YAP Goranboy rayon təşkilatının sədri

Vətən müharibəsində tarixi Zəfərimizin üçüncü ildönümünü qeyd etdik. Bu əlamətdar gün xalqımızın yaddaşında, tariximizdə unudulmayacaq, ən möhtəşəm gün kimi yaşayacaq. Belə ki, noyabrın 8-də Xankəndi şəhərində dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və oğulları Heydər Əliyevin iştirakı ilə hərbi parad keçirildi. Bu parad dünyaya mühüm çağırışları səsləndirməklə yanaşı, Azərbaycan Ordusunun keçdiyi inkişaf yolunun, qazandığı uğurların fonunda qarşıda dayanan hədəflərin təqdimatı oldu.

Hərbi paraddakı çıxışında “Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz əməyimizlə, işimizlə yaxınlaşdırırdıq” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq: “Xatırlayıram, beş il bundan əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi.”

Müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni əzəli torpaqlarımızdan qovdu. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır. Şuşa əməliyyatı, 44 gün ərzində apardığımız bütün digər hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır.

Tarixi Zəfərimizdən ötən üç ildə böyük işlər görülüb. Azərbaycan postmüharibə dövründə yeni nailiyyətlərə imza atıb. Dünya daha güclü Azərbaycanın uğurlarına şahidlik edir. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri görülür. Tarixi Zəfərimizin yaratdığı reallıqların həyata keçirilməsi sülh müqaviləsinin imzalanmasını bir tələbə çevirir. Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatla öz üzərinə götürdüyü öhdəlikləri tam və zamanında yerinə yetirir. Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin, genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri lokal xarakterli antiterror tədbirlərinə başladı. Lokal antiterror tədbirləri zamanı hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Ordumuzun həyata keçirdiyi cavab tədbirləri nəticəsində cəmi 23 saat 43 dəqiqə ərzində separatçılar öz məğlubiyyətlərini etiraf edərək ağ bayraq qaldırıb təslim oldular. Dövlət başçısı İlham Əliyev hərbi paraddakı çıxışında bu məqamlara xüsusi diqqət göstərərək bildirmişdir: “20 sentyabr 2023-cü il bizim tariximizdə qalacaq, necə ki, 8 Noyabr. Noyabrın 8-də Şuşa əməliyyatından sonra düşmən ordusunun beli qırıldı və bir gün sonra kapitulyasiya aktına imza atdı. Bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik. Bununla separatçıların kitabı bağlandı. Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları bu gün, bax, bu meydanda dayanan bizim igidlərimizdir və on minlərlə Azərbaycan hərbçiləridir. Onların qanı-canı bahasına biz bu Qələbəni əldə etmişdik.”

Bu gün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan regionda yeni reallıqlar yaradır. Bütün şərtləri diktə edən qalib Azərbaycandır. İrəli sürülən hər bir təşəbbüs, qəbul olunan qərarlar, atılan addımlar regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə yönəlib. Dövlətimizin gücü, qüdrəti, Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, xalqımızın sarsılmaz birliyi Azərbaycanı daim yeni-yeni zəfərlərə aparacaq. Müzəffər Ali Baş Komandan qarşıdakı dövrün əsas hədəfləri sırasında yenə də ordu quruculuğunun prioritet olduğunu bildirdi. “XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin” deyən cənab İlham Əliyev vurğuladı ki, bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ, tarixi ədaləti, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Düşmən bizim qabağımızda diz çökdü və bu gün mən burada müzəffər Silahlı Qüvvələrin qarşısında çıxış edirəm.