YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalibiyyətindən güc alan qürurlu xalq

Tariximizə qızıl hərflərlə yazılmış 8 noyabr Zəfər bayramının 3-cü ildönümüdür. Ümumiyyətlə Ermənistanın 30 illik işğalı dönəmində torpaqlarımızın işğaldan azad olunması və şanlı bayrağımızın Azərbaycan sərhədləri boyunca dalğalanması Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mütləq prioriteti olmuşdur. Bu istiqamətdə ölkə başçımız İlham Əliyevin rəhbərliyi altında dövlətimiz tərəfindən istər hərb istərsə də ordu quruculuğu sahəsində ardıcıl və səmərəli tədbirlər həyata keçirilmişdir. Eyni zamanda Ermənistanın işğal dövründə ölkəmiz iqtisadi sahədə də böyük uğurlara imza ataraq regionun enerji və nəqliyyat xəritəsini yenidən tərtib etmişdir.  Azərbaycan dünyanın aparıcı beynəlxalq təşkilatları ilə də yaxından əməkdaşlıq edərək ölkəmizin haqq səsinin və mövcud reallıqların dünya ictimaiyyətinə çatdırılmasına nail olmuşdur.

Təəssüf ki, beynəlxalq ədalətin işləməməsi, qəbul edilmiş 4 BMT qətnaməsinin icra olunmaması, ölkəmizə qarşı ikiüzlü siyasət, Azərbaycanın münaqişənin sülh və danışıqlar yolu ilə həll etmə cəhdlərinin heç bir nəticə verməməsi, erməni təxribatlarının davam etməsi artıq müharibəni qaçılmaz etmişdi. Belə olduğu təqdirdə Azərbaycan öz toraqlarının işğaldan azad olunması və beynəlxalq ədalətin bərpası üçün haqq savaşına başladı.

Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 21-ci əsrin müharibəsini apararaq Ermənistan ordusunu biabırçı və ağır məğlubiyyətə uğratdı və təkbaşına BMT qətnamələrini icra etdi.

İkinci Qarabağ müharibəsində qazandığımız parlaq qələbə Azərbaycan Ordusunun gücünün, qüdrətinin və humanistliyinin dünyaya nümayişi olmaqla yanaşı qürurumuzu özümüzə qaytardı, bizləri qalib xalqa çevirdi. Əlbətdə bu qələbə Azərbaycan Prezidenti İlham Əliyevin illər ərzində həyata keçirdiyi uğurlu siyasətin nəticəsi idi. Məhz bu unikal siyasət nəticəsində heç zaman Qarabağı görməyən Azərbaycan gəncləri Ali Baş Komandanımızın bir əmri ilə səfərbər oldu və torpaqlarımızı işğaldan azad etdi. Xüsusilə qeyd etmək lazımdır ki, Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunda bir fərari belə olmamışdır. Bütün bunlar Azərbaycan xalqının yüksək mənəvi keyfiyyətlərindən xəbər verir.

Həmçinin ölkəmiz Ermənistanı hərb meydanı ilə yanaşı diplomatik sahədə də ağır məğlubiyyətə uğratdı. Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə vermişdir ki, bu müsahibələr Azərbaycanın diplomatik uğurları kimi tarixə həkk oldu.

Müharibə dönəmində Ali Baş Komandan İlham Əliyevin ürəkdən gələn və xalqın hislərini əks etdirən hər bir sözü dillər əzbərinə çevrildi.

Vətən Müharibəsində qazandığımız parlaq qələbə Azərbaycan tarixində yeni bir səhifə açmış oldu.

Bu gün işğaldan azad olunmuş ərazilərimizdə sürətli bərpa qurucluq işləri həyata keçirilməkdədir. Erməni faşistləri tərəfindən viran qoyulmuş Qarabağımız humanist və sülhsevər Azərbaycan dövləti tərəfindən cənnətə çevrilməkdədir. Eyni zamanda Böyük Qayıdış proqramı da uğurla icra olunur.

Şəhid ailələri, qazilər və müharibə iştirakçıları Azərbaycan dövlətinin və ölkə başçımızın yüksək diqqət və qayğısə ilə əhatələniblər. Postmüharibə dövründə bu kateqoriyadan olan şəxsləri əhatə edən böyük sosial paketlər həyata keçirilmişdir.

Prezident İlham Əliyevin uzaqgörən, müdrik siyasəti, şəhidlərimizin qanı, qazilərimizin canı, əsgər və zabitlərimizin qəhrəmanlığı hesabına əldə olunmuş bu qələbəni və birliyimizi qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur. Bizlərə bu qələbəni bəxş edən, bizi qalib xalqa çevirən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, ordumuza güc-qüvvət diləyirik.