YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tariximizə qızıl hərflərlə yazılan şanlı səhifə

Fəxrəddin Vəliyev

YAP Şəmkir rayon təşkilatının sədri

Azərbaycan xalqının qəhrəman oğul və qızlarının canı və qanı bahasına azad edilən, alınmaz qala sayılan Şuşa artıq üç ildir ki, azadlığına qovuşmuşdur. Bu münasibətlə Şuşada təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış etmişdir. Dövlət başçısı qeyd etmişdir ki, Şuşanın azad edilməsi - Azərbaycan Silahlı Qüvvələrinin yazdığı bu şanlı tarix bizimlə əbədi olacaq və xalqımız, gələcək nəsillər bu Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.

Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir və məhz buna görə də müharibənin son məqsədi Şuşanı işğaldan azad etmək idi. Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşmış, ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edərək, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırmışlar.

Şuşaya gedən yol 27 sentyabr tarixində başlanmışdır. Müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi, 44 gün ərzində bir gün də geri addım atmamışdı. Şuşaya qədər bir çox şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edilmişdir. Bu azadlıq birdən –birə əldə edilmədi, burda illərin zəhməti, əzmkarlığı vardır. Hər bir azərbaycanlı üçün Şuşa onun evi, doğma yurdu idi, demək olar ki, hər bir azərbaycanlı şuşalı idi. Məhz bu fədakarlıq nəticəsində, xalqın və ordunun birliyi nəticəsində işğal altında olan bütün torpaqlarımız, o cümlədən Şuşamız azad edildi. Bu müharibə dövründə Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmamışdır. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verir. Hərbçilərimiz ölümə gedirdilər, “öldü var, döndü yoxdur” şüarı ilə döyüşlərə gedirdilər. Ermənistan ordusunda isə on minlərlə fərari var idi.

Birinci Qarabağ müharibəsindəki məğlubiyyət xalqımızı mənəvi cəhətdən sarsıtmışdır. O - məğlubiyyətin də səbəbləri bəllidir. O vaxt antimilli ünsürlər hakimiyyəti zəbt etmişdilər, hakimiyyət uğrunda mübarizə aparmışdılar, hakimiyyətə gəlmək üçün Şuşa kimi alınmaz qalanı faktiki olaraq Ermənistana, ermənilərə təslim etmişdilər. İşğal dövründə Ermənistanın rəsmi təbliğatı, onların havadarlarının media resursları bir fikri bütün dünyaya, eyni zamanda, Azərbaycan xalqına bildirməyə çalışırdı ki, Azərbaycan öz ərazi bütövlüyünü heç vaxt müharibə yolu ilə bərpa edə bilməz. Lakin bunun əksini Azərbaycan xalqı bir yumruq kimi birləşərək sübut etdi. Müharibəyə gedən yol bir çox istiqamətlərdən keçmişdir. İlk növbədə, ordumuz lazımi silahlar və texnika ilə təchiz edilməli idi. Azərbaycan müstəqilliyi əldə edəndə bizim maliyyə, iqtisadi vəziyyətimiz çox ağır idi. Ona görə güclü iqtisadiyyatın yaradılması müharibədə qələbənin qazanılması işində önəmli amil kimi nəzərə alınırdı. İqtisadiyyatımız gücləndi, qələbə əldə etdik və bu gün dünyada müxtəlif yerlərdə gedən iqtisadi proseslər, çətinliklər, böhranlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Belə ağır müharibədən çıxmış ölkə azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparır. Bütün bu işlərin də maliyyə mənbəyi Azərbaycan büdcəsidir.

Aparıcı beynəlxalq təşkilatlar – BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası bizim mövqeyimizi dəstəkləyən, yəni, haqq-ədaləti ifadə edən qərar və qətnamələr qəbul etmişdir. Paralel olaraq, bir çox ölkələrlə ikitərəfli formatda sıx əməkdaşlıq əlaqələri yaratmışıq, həm yerləşdiyimiz bölgədə, həm də digər qitələrdə. Təkcə Avropa İttifaqına üzv ölkələrin doqquzu, digər ölkələr Azərbaycanla strateji tərəfdaşlıq bəyannamələri imzalayıb. Bu da Avropa İttifaqına üzv ölkələrin üçdə bir hissəsidir. Yəni, bu beynəlxalq əlaqələr və Azərbaycanın beynəlxalq nüfuzu bizə imkan verdi ki, daha çox dostlar qazanaq, eyni zamanda, Qarabağ həqiqətlərini, erməni işğalı ilə bağlı həqiqətləri dünya birliyinə çatdıraq və çatdırdıq.

Bu gün Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir. Bizim sədrliyimiz yekdil qərarla təsdiqlənmiş və sədrliyimiz yekdil qərarla daha bir il uzadıldı. Bu da dünya birliyinin əksər hissəsini birləşdirən beynəlxalq təsisatdır ki, burada 120 ölkə üzvdür. Azərbaycan müsəlman ölkələri ilə sıx əlaqələr qurdu və onlara izah etməyə nail oldu ki, Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır. Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz.

Ermənistandan fərqli olaraq, Azərbaycanda gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Gənclərimiz vətənpərvərdir, Vətənə bağlıdır və İkinci Qarabağ müharibəsi bunu göstərdi və bu bizim vətənpərvərlik məsələləri ilə bağlı çox fəal siyasətimizin nəticəsidir. İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi. Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvləridir. Yaxşı günlərdə, ağır günlərdə bir yerdəyik və bu birlik dünya miqyasında nadir dəyərdir. Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər. Ölkəmizdə bugünkü daxili sabitlik, milli birlik, milli həmrəylik, xalq-iqtidar birliyi aparılan dövlət siyasətimizin böyük nəticəsidir.

Bu gün dünyanın və bizim bölgəmizin enerji-nəqliyyat xəritələrinə baxmaq kifayətdir ki, hər kəs görsün bizim təşəbbüsümüzlə icra edilən layihələr həm ölkəmizə, həm də bizim tərəfdaşlarımıza nə qədər böyük fayda gətirib. Bizim təşəbbüsümüzlə nəqliyyat və enerji layihələrində iştirak edən ölkələrin sayı onlarla ölçülür. Hələ indiki mərhələdə daha geniş vüsət alacaq və bütün bu ölkələr bizim təbii dostlarımızdır, müttəfiqlərimizdır. Eyni zamanda, bu layihələr bizə əlavə maliyyə imkanı yaratdı. Biz, ilk növbədə, bu maliyyə imkanlarını hərbi potensialın gücləndirilməsinə yönəltdik.

Ermənistanda müharibənin nəticələri ilə barışmaq istəməyən qüvvələr, dairələr baş qaldırırdı. Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatına tam əməl etmirdi, öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmırdı, bizə qarşı vaxtaşırı hərbi təxribatlar törədirdilər. Ona görə biz hər zaman hazır olmalıydıq.

Bildiyimiz kimi, 2023-cü il 20 sentyabr tarixində ölkə Prezidenti İlham Əliyev xalqa müraciət edərək 19 sentyabr tarixində erməni silahlı birləşmələrinin törətdikləri terror aktına cavab olaraq lokal xarakterli antiterror tədbirlərinə başlanıldığını bildirərək qeyd etdi ki, bu tədbirlər nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Azərbaycan həmişə olduğu kimi bu dəfə də məsuliyyətli mövqe sərgiləmiş, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməmiş və mülki əhali qorunmuşdur.

Qeyd edək ki, legitimlik ifadəsi artıq iki əsrdən çoxdur ki, dövlətçilik və idarəetmə mütəxəssislərinin leksikonunda işlədilir. Son zamanlar siyasətçi və hüquqşünaslar bu termindən çox istifadə etsələr də, əslində, legitimlik siyasi və ya hüquqi deyil, məhz sosial prosesdir. Azərbaycan dövlətinin də, siyasətimizin də, xalqın və milli dövlətçiliyin mənafeyi naminə atdığımız addımların legitimliyi göz qabağındadır. Buna heç kəsin zərrə qədər də şübhəsi ola bilməz. Dövlət başçımız bu məsələni martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında xüsusilə qabartdı. Cənab Prezident Azərbaycan dövlətinin son bir neçə ildə atdığı addımları xarakterizə edərkən xatırlatdı ki, Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb, onları Qarabağdan sürgün salıb və bir milyon azərbaycanlıya əzab-əziyyət verib.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası münaqişəni dinc yolla həll etmək və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələr qəbul etsə də, həmin sənədləri icra etmək üçün Ermənistanı inandırmaq cəhdlərimizə baxmayaraq, rəsmi İrəvan, sadəcə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı və beynəlxalq hüquqa, dünya ictimaiyyətinə hörmətsizlik etdi. Yəni, bu işğalçı ölkənin son on illərdəki siyasi fəaliyyəti birmənalı olaraq, qeyri-legitimdir.

Bu isə o demək idi ki, ərazi bütövlüyünün təmin edilməsi, işğal və etnik təmizləmə prosesləri zamanı yurd-yuvasından didərgin salınmış əhalimizin hüquqlarının bərpası, düşmən tapdağı altındakı ərazilərimizin barbarlıq, talan və qarətə məruz qalmış şəhər və kəndlərimizin əsarətdən qurtarılması Azərbaycanın legitim hüququ müstəvisində özünə yer almışdı. Prezident İlham Əliyev bu addımları atmazdan əvvəl – bəlkə də on ildən çox müddətdə – dünya ictimaiyyətinə xatırladırdı ki, beynəlxalq təşkilatlar bu problemi sülh yolu ilə həll edə bilmirsə, Azərbaycan dövləti, xalqımız və ordumuz həmin vəzifənin öhdəsindən gəlməyə qadirdir və gələcək. Bu, belə də oldu.

Ekspertlərin fikrincə, Azərbaycan dövlətinin təkcə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq deyil, ümumiyyətlə, son onilliklərdə atdığı bütün addımlar legitimdir, ədalətlidir və beynəlxalq hüququn təməl prinsiplərinə əsaslanır. Türkiyə mətbuatının yazdığına görə, Prezident İlham Əliyevin “Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır,” – deməsi təsadüfi deyil. Çünki bu layihənin icrasını İran və Ermənistandan başqa bütün döv-lətlər dəstəkləyirlər. Yəni bu layihə beynəlxalq səviyyədə legitimdir.

Siyasətçi, tarixçi, politoloq və digər mütəxəssislər belə düşünürlər ki, Azərbaycan Prezidentinin ötən ilin son həftəsində səsləndirdiyi daha bir bəyanat da dünya azərbaycanlılarını və türk dünyasını kifayət qədər məmnun etmişdi. Belə ki, cənab Prezident Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə demişdi ki, Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran əsas məsələ digər tarixi torpaqlarımıza da qayıtmaqdır: “Əlbəttə, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq, məncə bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır.”