YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çoxəsrlik tariximizin ən parlaq səhifəsi

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Çoxəsrlik tariximizin ən parlaq səhifələrindən olan Zəfərimizin üçüncü  ildönümünü qeyd edirik. 44 gündə 30 ilin işğalına son qoymaq böyük səylərin, qətiyyətin  nəticəsidir. Azərbaycan bu illər ərzində ən yüksək tribunalardan bəyan etdi ki, işğalla heç zaman barışmayacaq, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Şanlı Zəfərimiz bu çağırışları reallıqda təsdiqlədi. Dövlətimizin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun gücü, qüdrəti sayəsində qazanılan Qələbəmiz dünənimizə baxış, perspektivlərin müəyyənləşdirilməsi üçün stimulverici amil oldu.  Zəfərimizin memarı, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Onun 1 oktyabr 2003-cü ildə xalqa tarixi müraciətində ifadə etdiyi inamı və etimadı doğruıdaraq güclü Azərbaycan modelini təqdim etdi, axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları axıra çatdırdı, xalqın arzularını gercəkləşdirərək torpaqlarımızın xilaskarı kimi adını qızıl hərflərlə tarixə yazdı. Bu illər ərzində hər bir təşəbbüs və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Bu günümüzün qürurverici hadisələrindəndir ki, cənab İlham Əliyev birinci dəfə Prezident seçilməsinin 20-ci ildönümündə - 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə ucaltdı.

20 illik Prezidentlik dövrünün 17 ilini torpaqlarımızın azad olunması üçün hazırlıq işlərinə yönəldən, Ordumuzu Qələbəyə hazırlayan, diplomatik cəbhədə üstünlüyümüzü təmin etmək üçün ən yüksək tribunalardan haqq səsimizi dünyaya çatdıran Prezident İlham Əliyev nəyi, necə və nə vaxt etmək lazım olduğunu qətiyyətli addımları ilə təsdiqlədi. Bu gün də bu addımlar davamlılığı ilə diqqətdədir. Tarixi ədalətə, beynəlxalq hüquqa əsaslanan siyasətin uğurları davamlı olur.  17 ildə görülən işlər, atılan qətiyyətli addımlar dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 8 noyabr tarixində “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” reallığını bəyan etməsini təmin etdi.

Dövlət başçısı İlham Əliyevin 2019-cu il oktyabrın 3-də Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı tarixi çıxışı diplomatik uğurumuz olmaqla yanaşı, tarixi Zəfərimizə böyük stimul oldu.  Belə ki, Ermənistan baş naziri Nikol Paşinyanın 2019-cu ildə Xankəndinə səfəri zamanı  etdiyi “Arsax (Dağlıq Qarabağ) Ermənistandır, nöqtə” bəyanatı  açıq-aşkar işğal altındakı torpaqlarımızın  sülh yolu ilə qaytarılmayacağına işarə idi. Ermənistan rəhbərinin bu sərsəm bəyanatından sonra dünyanın 40 ölkəsindən 150-dən çox nümayəndənin iştirak etdiyi “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında çıxış edən Azərbaycan Prezidenti Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təcavüzündən, beynəlxalq aləmdə münaqişənin tarixinə düzgün yanaşılmamasından bəhs etdi.  Dövlət başçısı tarixi həqiqətlərin, həmçinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində  erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasının tələb edildiyini önə çəkərək  bu məqamı da xüsusi qeyd etdi ki,  Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də “Valday” forumu çərçivəsində müvafiq cavab verilib. Dövlət başçısının “Beləliklə, bəyanat sözbəsöz belədir: “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” fikirləri bir daha qətiyyətini, prinsipiallığını, tarixi faktlara, real həqiqətlərə əsaslanan təbliğatımızın uğurlarını, artiq tarixə qovuşan Qarabağ münaqişəsi ilə bağlı dəyişməz mövqeyimizi dünyaya çatdırdı. Həmin tarixi çıxışından bir il sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz “Qarabağ Azərbaycandır” cümləsinin nida işarəsini əbədi həkk etdi.

XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı.

Bu gün işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanan üçrəngli bayrağımız qürurumuz, kimliyimiz, Ermənistana və ona havadarlıq edən dövlətlərə belə bir mesajımızdır ki, bu torpaqların sahibi bizik və burada əbədi olacağıq.