YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazanılan uğurlar

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Bu gün dünya iqtisadiyyatının davamlı inkişafında bərpaolunan enerjidən səmərəli istifadə məsələsi ön planda dayanır. Neft-qaz yataqları ilə zəngin Azərbaycanın dövlətimizin başçısı İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində elektrik enerjisi, əsasən, yaşıl enerjinin önəmli təchizatçısına çevrilməsi istiqamətində gördüyü işlər nəinki ölkəmiz, eyni zamanda, dünya üçün böyük əhəmiyyət daşıyır. Bərpaolunan enerji sahəsində zəngin potensiala sahib olan ölkəmiz reallaşdırdığı layihələrlə enerji təhlükəsizliyinin təmin olunmasında mühüm aktor kimi öz fəaliyyətini durmadan genişləndirir.

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasında Azərbaycanın qazandığı uğurlar biri-birini əvəzləyir. Avropanın enerji təhlükəsizliyində öz sözünü deyən Azərbaycan bu sahədə dövrün çağırışlarına cavab verən daha bir uğura imza ataraq dünyanın diqqət mərkəzinə çevrildi. Qalib Azərbaycanda oktyabrın 26-da MDB məkanında ən böyük günəş elektrik stansiyasının - 230 MVt gücə malik Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi həyata keçirildi.  Cəmi 1 il əvvəl 2022-ci il martın 15-də Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan Qaradağ Günəş Elektrik Stansiyası Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etməklə enerji layihələrinin reallığa çevrilməsində əhəmiyyətli rola malik olacaq. Belə ki, açılış mərasimi çərçivəsində üç investisiya sazişinin –imzalanması Azərbaycanın yaşıl gündəliklə bağlı hədəflərə doğru inamla addımladığını nümayiş etdirir.

Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında da layihələrin davamlılığından xəbər verib: “Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Son 30 il ərzində bizim çoxmilyardlı investisiya portfoliomuz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. Hazırda bizim iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir. Lakin, eyni zamanda, biz başa düşürük ki, bizim neft və qazımıza hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və indi biz neft və qazı müxtəlif istiqamətlərə ixrac edirik. Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır.”

Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi həm də Azərbaycan – Birləşmiş Ərəb Əmirliyi münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisi  idi. Ulu Öndər siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu diplomatik addımları nəticəsində bu əlaqələr yüksələn sürətlə inkişaf etməkdədir. Birləşmiş Ərəb Əmirliyi Ermənistanın təcavüzünə məruz qalan ölkəmizin ərazi bütövlüyünü daim dəstəkləmiş və bütün beynəlxalq tribunalarda problemin beynəlxalq hüquq normalarına uyğun olaraq həllini müdafiə edib. 44 günlük Vətən müharibəsi zamanı rəsmi Ər-Riyad Azərbaycanın qanuni hüquqlarına dəstək mövqeyini bəyan edərək, münaqişənin BMT və İslam Əməkdaşlıq Təşkilatının müvafiq qətnamələrinə uyğun həllinə tərəfdar olduğunu bütün dünyaya çatdırıb.

Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində dövlət başçısı İlham Əliyev diqqəti Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinə yönəldərək bildirib ki, bu gün qonaqlarımız arasında Birləşmiş Ərəb Əmirlikləri hökumətinin dörd nazirini, həmçinin qardaş ölkədən böyük nümayəndə heyətini görməkdən qürur duyuruq. Bu, tərəfdaşlığımızın və dostluğumuzun yaxşı nümunəsidir, eləcə də hər iki ölkənin bugünkü mərasimə böyük əhəmiyyət verdiyini nümayiş etdirir. Birincisi, ona görə ki, artıq göstərildiyi kimi, bu, regionda ən böyük günəş elektrik stansiyasıdır və ikincisi, ona görə ki, artıq qeyd etdiyim kimi, bu, sadəcə, başlanğıcdır. Bizim böyük planlarımız var və əminəm ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək. Əminəm ki, daha çox layihələr olacaq.

Mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizlə Birləşmiş Ərəb Əmirlikləri arasında qarşılıqlı münasibətlərin daha da güclənməsi Cənubi Qafqazda, Yaxın və Orta Şərqdə sülh və təhlükəsizlik işinə xidmət edəcəkdir.