YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Çin qadın hərəkatı sahəsində əməkdaşlığı genişləndirir

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri, professor Hicran Hüseynovanın rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 1-dən 5-dək Çin Xalq Respublikasında səfərdə olub.

Ümumçin Qadınlar Federasiyasının (ÜQF) dəvəti ilə reallaşan səfərin məqsədi ikitərəfli əlaqələrin genişləndirilməsindən ibarət olub.

Nümayəndə heyətinin tərkibinə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə Məmmədova, Bakı Dövlət Universitetinin (BDU) sosial və pedaqoji psixologiya kafedrasının müdiri, professor Kamilə Əliyeva və başqaları daxil olub.

Nümayəndə heyətinin Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədr müavini, Ümumçin Qadınlar Federasiyasının sədri xanım Şen Yüeyüe ilə görüşü keçirilib. Şen Yüeyüe bu ilin aprelində Federasiyanın nümayəndə heyətinin Azərbaycana səfərini xatırladıb, göstərilən diqqətə və qayğıya görə təşəkkürünü bildirib.

Sədr müstəqillik illərində yeni mərhələyə qədəm qoymuş münasibətlərimizin daha da inkişafı üçün müvafiq qurumlar arasında ikitərəfli əlaqələrin dərinləşməsinin vacib olduğunu qeyd edib, xüsusilə, beynəlxalq çərçivədə birgə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Komitə sədri son illər dinamik inkişaf edən Azərbaycanda hər sahədə olduğu kimi, qadın siyasətində də qazanılan uğurlardan danışıb, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət qadın siyasətinin müsbət nəticələri, ölkəmizdə qadınların siyasi, iqtisadi, humanitar, elmi və digər sahələrdə əldə etdikləri böyük nailiyyətlər barədə məlumat verib.

H.Hüseynova Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın aktiv fəaliyyəti, ölkəmizdə onun rəhbərliyi altında keçirilən beynəlxalq tədbirlər, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və birinci Avropa Oyunları haqqında danışıb. Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi qadın hərəkatı ilə bağlı bir çox qanunların, o cümlədən məişət zorakılığı və gender bərabərliyi haqqında qanunların təşəbbüskarı olduğu diqqətə çatdırılıb.

Komitə sədri Pekində Qadın Məsələlərinə dair IV Ümumdünya Konfransının 20 illiyinin qeyd edilməsi ilə əlaqədar Azərbaycanın və Çinin birgə müxtəlif beynəlxalq təşəbbüslərlə çıxış etmək ideyasını irəli sürüb.

Azərbaycan nümayəndə heyətinin Ümumçin Qadınlar Federasiyasının sədr müavini xanım Men Siaosi ilə görüşündə konkret əməkdaşlıq istiqamətləri, o cümlədən qadın hüquqlarının müdafiəsi, qadınların məşğulluq məsələləri və digər mövzular müzakirə edilib.

Çinin bu istiqamətlərdəki fəaliyyəti barədə ətraflı məlumat verən Men Siaosi ölkələrimizin qadın təşkilatları arasında münasibətlərin qurulmasında və inkişaf etdirilməsində Azərbaycanın Çindəki səfirliyinin də mühüm rolu olduğunu vurğulayıb.

AQUPDK-nın sədri H.Hüseynova Azərbaycanın qadın hərəkatı sahəsindəki təcrübəsi, qadınların ictimai həyata cəlb olunması üçün görülən işlər, əldə edilən nailiyyətlər barədə danışıb. O, Şen Yüeyüe və Men Siaosini Azərbaycana səfərə dəvət edib. Hər iki dəvət məmnunluqla qəbul edilib.

Nümayəndə heyəti səfər çərçivəsində Çin Qadın Akademiyasında da olub, həmçinin Çindao şəhərində yerli qadınlar təşkilatının sədri, şəhər rəhbərliyi ilə görüşlər keçirib.

Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov görüşlərdə iştirak edib.