YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Hazırda Azərbaycan özünün ən qürurlu dövrünü yaşayır. Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpası, Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsi, söydaşlarımızın dogma yurd-yuvalarına mərhələli şəkildə qayıdışı uğurlu siyasətin məntiqi nəticələridir. 1993-cü ildən başlanan Heydər Əliyev yolu Azərbaycana biri-birindən möhtəşəm uğurlar qazandırır.

Ümummilli Lider canından artıq sevdiyi Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm yaradaraq bu fikri böyük əminliklə qeyd etmişdir: “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”

1993-2003-cü illərdə Azərbaycan sözün əsl mənasında dirçəliş, tərəqqi dövrünü yaşadı. Ümummilli Lider ilk gündən bu çağırışı etdi ki, Azərbaycanın müstəqilliyini, suverenliyini daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının bir amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birliyi, həmrəyliyi tələb olunur. Ümumilikdə Ulu Öndərin hakimiyyətinin hər iki dövrü azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi və təbliği ilə xarakterizə edilir. Ümummilli Lider bu çağırışı da etmişdir ki, müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir. Biz azərbaycançılığı- Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini inkişaf etdirməliyik.

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, həmrəyliyi  2003-cü ildə cənab İlham Əliyevin Prezident seçildikdən sonra atdığı addımların davamlılığı fonunda daha da  möhkəmləndi və 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə öz sözünü dedi.

Bu gün son 20 ilin, Ümummilli Lider Heydər Əliyevin siyasətinin uğurlarından danışırıq. Ümummilli Lider 1 oktyabr 2003-cü il tarixli  müraciəti ilə Azərbaycanın bugünkü inkişafının əsasını qoydu. 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu cənab İlham Əliyevə səs vermişdir. Xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi.  Beləliklə, Ulu Öndər Heydər Əliyevin siyasi kursu uğurlu davamına başladı.

Cənab İlham Əliyevin Prezident kimi irəli sürdüyü və həyata keçirdiyi davamlı inkişaf konsepsiyası dövlətimizin və xalqımızın tərəqqisinə, onun parlaq gələcəyinə hesablandı. Fəaliyyəti ilə həm Prezident, həm də Ümummilli Liderin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının Sədri kimi Azərbaycanın dayanıqlı inkişafını təmin etdi. Azərbaycanın hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz payı, rolu vardır. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət həyata keçirir. Bunun nəticəsində Azərbaycan müstəqil dövlət olaraq daha da güclənir, dünya miqyasında söz sahibi olan dövlətə çevrilir. Ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqətdədir.

20 ilin reallıqları fonunda bu mühüm məqam bir daha öz təsdiqini tapdı ki, mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir.  Əvvəldə də qeyd etdiyimiz kimi, bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Məhz bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunmuş və gələcək inkişaf üçün zəmin yaradılmışdır. Bu mühüm məqamı da qeyd edək ki, Prezident İlham Əliyev “Neft kapitalını insan kapitalına çevirək!” şüarı ilə kreativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirdi və bununla da Azərbaycanın gələcək inkişafını təmin etdi.

 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin həlli ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Bunun üçün Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü. Bu gün Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir.

Torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun gücü, qüdrəti sayəsində azadlığa qovuşdu.  44 gündə 30 ilin işğalına son qoyuldu. Hazırda Azərbaycan təkmil dirçəliş modelini dünyaya təqdim edir. Bütün hədəflərin zamanında və yüksək səviyyədə yerinə yetirilməsi həyata keçirilən siyasətin düzgünlüyünü və uğurla davam etdirilməsini təsdiqləyir.