YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

20 il: Sözlə əməl birliyinin təqdimatı

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

2003-cü ilin 15 oktyabr tarixindən bizləri 20 illik zaman ayırır. Bu tarix, Azərbaycanın həyatında növbəti dövrün, Böyük yolun davamının başlanğıcı oldu. Xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən və andiçmə mərasimində qarşıda dayanan vəzifələri açıqlayan dövlət başçısı İlham Əliyev bu çağırışı etmişdir: “Bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.”

Reallıq budur ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmaqla yeni Azərbaycan yaratdı. Ölkəmizi müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasında, özbaşınalıqlarından, iqtisadi böhrandan xilas etdi, torpaqlarımızın işğalının qarşısı alındı, ən əsası Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyi təmin olundu. Azərbaycan qısa müddətdə davamlı uğurları ilə dünyanın diqqətində oldu.

Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin miqyası ölçüyəgəlməzdir. Onun hakimiyyətinin hər iki dövrü dövlətinə, xalqına xidmət nümunəsidir. Uğurlarımızın davamlılığını təmin etmək üçün Ulu Öndərin 2003-cü il 1 oktyabr tarixli müraciəti növbəti inamın ünvanı oldu. Ulu Öndər Heydər Əliyev bildirmişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

15 oktyabr 2003-cü ildə keçirilən seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi.  Azərbaycan xalqı bu seçimi ilə sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.

Qeyd etdiyimiz kimi, 1993-2003-cü illər Azərbaycan tarixinə inkişaf, tərəqqi dövrü kimi yazılıb. Bu illərdə yaradılan möhkəm təməl Azərbaycanın davamlı inkişafına, bütün sahələrdə təkmil islahatların həyata keçirilməsinə geniş imkanlar yaradır. Yeganə problemimiz hazırda tarixə qovuşan Qarabağ münaqişəsi idi.  Ulu Öndər Heydər Əliyev bildirirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü Ordun olmalıdır.  Ümummilli Liderin ordu quruculuğu istiqamətində atdığı addımlar maddi-texniki bazasının möhkəmləndirilməsini, döyüş ruhunun artmasını təmin etdi.

2003-cü ildən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev  Azərbaycanın təkmil inkişaf modelini təqdim etdi. Müstəqilliyimizin, suverenliyimizin qarantı olan    ordu quruculuğunda həyata keçirdiyi tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı gördüyü işlər Qarabağ münaqişəsinin taleyi ilə bağlı bəzi dairələr tərəfindən səsləndirilən əsassız fikirləri darmadağın etdi. Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Bunun üçün Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü. Bu gün Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir.

Azərbaycan Ordusunun gücünün, qüdrətinin bariz nümunəsi 44 günlük İkinci Qarabağ müharibəsində yazdığı Zəfər tarixi oldu. Ordumuzun gücü qarşısında diz çökən Ermənistan silahlı qüvvələri  hərbi texnikanı, silah-sursatı qoyub qaçdı.  İkinci Qarabağ müharibəsinin başlandığı ilk gündən Silahlı Qüvvələrimizin gücü sayəsində cəbhədən gələn  qələbə xəbərləri  xalqımızı sevindirdi, qürurlandırdı. 44 gündə 5 şəhərin, 4 qəsəbənin, 300-ə yaxın yaşayış məntəqəsinin işğaldan azad edilməsi, üçrəngli bayrağımızın bu torpaqlarda dalğalanması  ilə bir daha dünyaya sübut olundu ki, ən güclü ordu Azərbaycan Ordusudur. Ermənilərin illərdir yaratdıqları “məğlubedilməz ordu” mifi tamamilə dağıdıldı.  Qarabağın tacı Şuşamızın işğaldan azad edilməsi Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi.

Bu gün Azərbaycan Ordusu dünya hərb tarixinə yazdığı səhifə ilə qürurludur. Azərbaycanın müharibə təcrübəsi dünyanın inkişaf etmiş ölkələrinin hərbi ekspertləri tərəfindən öyrənilir. Bütün bunlar Ulu Öndər  Heydər Əliyevin  siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin qətiyyətinin  nəticəsidir. Zəfərimizin memarı olan cənab İlham Əliyevin 20  illik Prezidentlik dövrünün 17 ili Qarabağ münaqişəsinin həllinə hazırlıq dövrü kimi xarakterizə olunur. Şanlı Qələbəmiz, eyni zamanda, xalqımızın yenilməz, məğrur xalq olduğunu dünyaya çatdırdı.

Qalib ölkənin qalib Prezidenti İlham Əliyev keçirilən tədbirlərdə, işğaldan azad edilmiş ərazilərimizə mütəmadi reallaşdırdığı səfərləri zamanı çıxışlarında Vətən övladlarının  torpaq sevgisini önə çəkərək onların canları,  qanları ilə tarix yazdığını xüsusi qeyd edir.  Bu gün Ümummilli Lider Heydər Əliyevin, şəhidlərimizin ruhu şaddır. 30 ilik işğaldan sonra tarixi sahibinə qovuşan torpaqlarımızda yeni həyat başlayıb. Hər bir vədin konkret əməli işdə təsdiqinin təqdimatı olan son 20 il gələcəyə daha böyük inamla addımlamağa əsas verir.