YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarix yaradan, tarix yazan lider

Əfsun Sucayev

YAP İdarə Heyətinin üzvü, elmlər doktoru

Müdriklərin bir deyimi var: “Tarix yaradanlar olmasaydı, yəqin ki, tarix yazanlar da olmazdı”. Bəşər tarixində çox az sayda xalqlar vardır ki, onların taleyində taleyüklü problemi həll etməklə, adını xalqının şərəfli tarixinə qızıl hərflərlə yazdıran lider şəxsiyyətlərə sahib ola bilib. Azərbaycan o xoşbəxt, seçilən xalqlardan biridir, desək necə də yerinə düşür. Bəli, Ümummilli Liderimiz Heydər Əliyev və onun şah əsəri olan cənab prezident İlham Əliyev xalqına müstəqillik, suverenlik bəxş etməklə, çoxunun arzuladığı amma edə bilmədiklərini həyata keçirən dahi rəhbərlər kimi tarixi xidmətləri ilə heç vaxt unudulmayacaq həmişə ürəklərdə yaşayacaqlar. Məhz, böyük ədibimiz Hüseyn Cavid belə əvəzolunmaz şəxsiyyətlər üçün – Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü – demiş və yazmışdır.

Bu gün şanlı tariximizin zəfər dolu günlərimizin ən gözəl anlarına şahid olduq. Çünki “Heydər Əliyev-2023” ilində onun ən layiqli davamçısı dövlət başçısı cənab İlham Əliyevə xalqımızın ilk dəfə ehtimad göstərdiyi tarixdən ötən 20 ilin bu gününə təsadüf edən 15 oktyabr yubileyini əzəli torpaqlarımız olan Xankəndi, Xocalı, Ağdərə, Əsgəran və Xocavənd şəhərlərində Azərbaycanın üçrəngli bayrağını ucaltmaqla qeyd etdik. Olduqca tarixi bir gündür. Bu günün əzəmətini sözlə ifadə etməyə çətinlik çəkirik. Təsəvvür edə bilirsiniz, son 200 ildə ilk dəfə qazandığımız bu nailiyyət xalqımıza görünməmiş miqyasda qələbə sevinci bəxş edib.

İndi tam əminliklə deyirik ki, nə yaxşı 2003-cü ilin oktyabrında, prezident seçkiləri ərəfəsində Ümummilli Lider Heydər Əliyev Azərbaycan vətəndaşlarına tarixi müraciət edərək, xalqın təkidli tələbi ilə hakimyyətə gəlib ikinci dəfə müstəqilliyi itirmək təhlükəsi ilə üzləşən, “ölüm-qalım” dilemması qarşısında qalan ölkəmizi xilas edib, onun hər tərəfli inkişafının əsasını qoymaqla, özündən sonra bu inkişafı zirvəyə daşıya biləcək liderin yalnız və yalnız İlham Əliyev olduğunu söyləmişdi. O haqlı olaraq demişdir ki, onun axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın dəstəyilə İlham Əliyev başa çatdıra bilər. Çünki dahi şəxsiyyət ona özü qədər inanır və gələcəyinə böyük ümidlər bəsləyirdi. Taleyüklü məsələnin ən vacibi olan Qarabağ düyünün birdəfəlik həll olunacağına əminliklə inanırdı ki, çıxışlarında uca səslə, böyük əminliklə “vaxt olacaq əziz bayramlarımızı bir gün Şuşada, bir gün Laçında, bir gün Kəlbəcərdə... qeyd edəcəyik”-deyirdi. Bəli, bu gün cənab Ali Baş Komandan separatizmin baş qaldırdığı terrorçu yuvası Xanın kəndində dövlət bayrağımızı qaldırmaqla, bir tərəfdən heç vaxt indiki qədər bizim olmayan Dağlıq Qarabağın əsl sahibi olduğumuzu sübut etməklə de-fakto, de-yure suveren ərazilərimizdə konstitutsiya hüququnu bərpa etmiş oldu, digər tərəfdən isə dahi liderin ehtimadını doğrultmaqla, ona və xalqımıza verdiyi sözü tamamilə yerinə yetirdi.

Cənab İlham Əliyev bütün bunlara asanlıqla yox, böyük əmək sərf etməklə, qarşısına çıxan minbir çətinlikləri dəf ettməklə nail oldu. Geriyə boylandıqda addım-addım qət etdiyi 20 ildə ölkəmizdə siyasi sabitlik və təhlükəsizliyin  qazanılmasını, xalqın bütün təbəqələri arasında birlik və həmrəyliyin yaradılmasını, qüdrətli ordunun formalaşması, ölkənin iqtisadi inkişafı, milli müdafiə qüdrətinin artırılması, xalqın sosial rifahının gücləndirilməsi, vətənini canından çox sevən, onun uğrunda gözüyumulu ölümə gedən vətnəpərvər gəncliyin yetişdirilməsi və daha nələr-nələri... görürük, saymaqla bitmir. Görülən bu işlərdən, əldə olunan uğurlardan saatlarla danışmaq və yazmaq olar. Ancaq bütün bunların fövqündə dayanan onun rəhbərliyi ilə 3 il bundan öncə Vətən Müharibəsi ilə qazanılan böyük qələbəmiz dayanır. Ona görə hər dəfə bunu xüsusi vurğulamağı özümüzə borc bilirik. Burada söhbət təkcə 30 il işğal altında olan torpaqların azad olunmasından getmir. Əsas məslələrdən biri xalqımızın bilərəkdən, məqsədli şəkildə sındırılmış qürurun, əyilmiş qamətinin yenidən dikəldilməsi, ləkələnmiş ləyaqətinin bərpasıdır. Açıq danışmaq lazımdır, bizə yalnız düşmənimiz olan ermənilər deyil, hətta qardaş və dost xalqların nümayəndələri də məğlub ölkənin vətəndaşı kimi baxırdılar. Bu da bizdə “döyüşdə uduzan xalqın nümayəndəsi elmdə, təhsildə və sair qalib ola bilməz” kompleksini yaratmışdı. Bax, İlham Əliyevin böyüklüyü həm də ondadır ki, məğlub ölkəni qalib ölkəyə çevirməklə, xalqını illərlə əziyyət çəkdiyi “məğlubiyyət sindromu”ndan xilas edə bildi. Mənim aləmimdə bir xalqın qəlbində özünə inamını özünə qaytarmaqdan çətin iş ola bilməz.

Dövlət başçımız İlham Əliyev prezident seçildiyi ilk gündən yaxşı bilirdi ki, mənasız davam etdirilən siyasi danışıqların xalqımızı qane edən heç bir məntiqi nəticəsi olmayacaq. Amma o bu danışıqları davam etdirməyi ona görə məqsədəuyğun sayırdı ki, birincisi, Azərbaycanın Qarabağ həqiqətlərinin dünyanın güc mərkəzlərində tanıdılmasına, siyasi müstəvidə təbliğinə hələ də ehtiyac vardır. İkincisi, onu da yaxşı başa düşürdü ki, müharibə qan-qadadır və o hücum edən tərəfin ailələrinə böyük itki, acı-kədər gətirirəcək. İnsanlarımızın ən böyük sərvət olduğunu hər fürsətdə dilə gətirən prezident İlham Əliyev istəmirdi ki, nəinki bir şəhidimiz, hətta bir əsgərimizin saçının bir teli əskik olmasın. Ona görə bu xüsusda cənab prezident işğaldakı torpaqların sülh yolu ilə qaytarılması üçün düşmən ölkənin iqtisadiyyatına müəyyən maddi dəstək verməyə də razı idi. Amma və lakin düşmən xarici himayədarlarının dəstəyindən şirnikləşərək, nəinki bir qarış torpaqlarımızdan geri çəkilməyi düşünürdü, daha da irəli gedərək “yeni ərazilər üçün yeni müharibə” çağırışları etməkdən belə çəkinmirdilər. Bu təhdidlərin, Ermənistan və keçmiş Dağlıq Qarabağ separatçı başlarının bəzi hallarda xalqımızı aşağılayan, şüşə qəlbli, Şuşa əzəmətli heysiyyatı ilə oynayan hərəkətlərinə böyük səbr və təmkinlik nümayiş etdirən cənab İlham Əliyev sadəcə nəyi, necə, nə vaxt etmək lazım olduğu haqqında düşünürdü. ... Və nəhayət həmin vaxt gəlib yetişdi. Xalqın birliyi, qüdrətli ordusu və ən əsası Ali Baş Komandanın rəhbərliyi ilə cəmi 44 günlük Vətən Müharibəsi və 23 saat 46 dəqiqəlik lokal antiterror əməliyyatı ilə xalqımızı indiyə qədər bu böyüklükdə yaşamadığı sonsuz sevincə qərq etdi.

Bəli, cənab prezidentin də qeyd etdiyi kimi bu gün tarixi bir gündür. Bu gün Ali Baş Komandan Xankəndi şəhərinin mərkəzi meydanında üçrəngli, ay-ulduzlu bayrağımızı göylərə qaldırılmaqla, “Miatsum”, “Artsax” şüarlarını da bir dəfəlik dəfn etdi. O meydanda xalqımızı təhdid edən terrorçubaşları isə əli qandallı şəkildə arzuladıqları Bakıya gətirtdi. İndi biz Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri ilə məşğul oldumuz halda onlar da səbirsizliklə alacaqları ömürlük cəzanı gözləyirlər.

Təəssüf doğuran hal ondadır ki, bu duruma üzülən yalnız ermənilər, seperatçılar və onların xarici yandaşları deyil, içimizdəki sapı özümizdən olan “baltalar” da xalqımızın böyük qələbəsinə sevinə bilmirlər. Klaviatura qəhrəmanlarının sosial şəbələrdəki profil səhiflərinə nəzər yetirəndə görürük ki, vaxtı ilə cənab İlham Əliyevi Qarabağ və ətraf rayonları heç vaxt azad edə bilməyəcəyi, daha sonra 44 günlük Vətən Müharibəsində Xankəndi, Ağdərə, Xocəvənd, Əsgəran, Xocalını almamaqda ittiham edənlər inidi baş verənlərin qarşılığında heç olmasa üzr istəmirlər, əksinə başqa yalanlar tapıb uydururlar, bir çox hallarda ermənilərə haqq qazandırmağa çalışırlar. Doğurdan özü sevinə bilməyən, başqasının da sevinməsini istəməyənlər bədbəxt adamlardır. 

Halbuki Ali Baş Komandan onların bəzilərinin iştirakçısı olduğu, bəzilərinin bərəstiş etdikləri hakimiyyətlərinin dövründə ermənilərə peşkəş edilmiş bu torpaqları azad etməklə həm də onları indiki və gələcək nəsillərin qınaqlarından qurtardı. Təbii ki, dövlət başçısının sizlərin sağ oluna ehtiyacı yoxdur. Onun təvazökarlığına diqqət edin - bu böyüklükdə qələbələrimizdə özünün əsas rolunu həmişə arxa plana keçirməyə çalışır, misilsiz qələbəni şəhid və qazilərimizin sayəsində qazandığımızı hər çıxışında xüsusi vurğulayır, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyir, özünün vəzifəsini isə 20 il bundan əvvəl xalqına verdiyi sözə əməl etməsi və Ümummilli Liderin vəsiyyətini yerinə yetirməsi ilə bitmiş hesab edir. Onun öz sözləridir: “Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir”.

Bütün bunlara rəğmən hamımız çox gözəl anlayırıq ki, qüdrətli rəhbəri olmayan xalq nə qədər qüdrətli orduya sahib olsa da, bacarıqsız, səriştəsiz rəhbərlə ancaq Birinci Qarabağ müharibəsindəki kimi görünməmiş uğursuzluğa düçar olmaq olardı. Yer gəlmişkən bir elm adamı kimi siyasətin dərin elm olduğunu və onun naşı adamları heç sevmədiyini, İlham Əliyev kimi əsl siyasətçinin timsalında bu elmin təntənəsinə bir daha əmin oldum.

Böyük Yaradana isə həmd olsun, bu gözəl günləri xalqımıza yaşadır. Əminəm ki, şəhidlərimizin müqəddəs ruhu daha rahatdır, onların canlarını qurban verib, qanlarının töküldüyü işğaldan qurtulan əsir torpaqlar ana vətənimizə qovuşmaqla ölkəmizə də tamlıq, bütövlük gətirib. Onlara bir ömür borcluyuq, əmanət etdikləri vətəni göz bəbəyimiz kimi qorumaq isə boynumuzun borcudur.

Müzəffər Ali Baş Komandanın da vurğuladığı kimi uca xalqımız bu Qələbəyə layiqdir. Artıq Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!