Xəbərlər
“Azərbaycan son 20 ildə”

Oktyabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin fəaliyyətinə həsr edilən “Azərbaycan son 20 ildə” adlı tədbir keçirilib.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra cənab İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinə həsr edilən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanovun sözlərinə görə, əsrə bərabər 20 ilin zirvəsində işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrilib. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yaranıb.
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxışında vurğulayıb ki, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 20 ildə respublikamız bütün sahələrdə uğurlar əldə edib. Öz gündəlik həyatında dinamik inkişafı hiss edən Azərbaycan vətəndaşlarının mövcud siyasi kursa inamı və etimadı günü-gündən möhkəmlənir. Xalqımız yeganə güvənci və sabahının təminatı kimi baxdığı bu siyasi kursu birmənalı dəstəkləyir və alternativsiz seçim ünvanı kimi qəbul edir.
YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi Vazeh Əsgərov qeyd edib ki, son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsilə və tədrisə ayrılan diqqət sayəsində Azərbaycanda müasir çağırışlara cavab verən ali təhsil ocaqları fəaliyyət göstərir. Azərbaycanda hazırda bütün sahələrdə, xüsusilə təhsil sahəsində aparılan islahatlar bunun bariz nümunəsidir.
Sonda partiya sıralarına yeni qəbul olunan bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.