YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Xarici siyasətimizin əsas istiqamətlərindən olan ikitərəfli əməkdaşlığın qurulması və inkişaf etdirilməsi istiqamətində atılan addımların uğurlu nəticələri göz önündədir. Qarşııqlı səfərlər əsasında bu əlaqələr daha da möhkəmlənir. Azərbaycan xarici siyasətində qonşu ölkələrlə əməkdaşlığa xüsusi önəm verir. Dövlət başçısı İlham Əliyevin oktyabrın 8-də Gürcüstana işgüzar səfəri mühüm məqamlarla, çağırışlarla yadda qaldı.

Ümumilikdə son illər Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır.

Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə oldu.

İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Ötən il   münasibətlərimizin 30-cu ildönümü qeyd olundu. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri bu illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. 1996-cı ildə imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimizin strateji tərəfdaşlığının təməlini qoyan sənəddir.

Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarında iki qardaş ölkənin münasibətlərinin inkişafında Heydər Əliyev-Eduard Şevardnadze dostluğunun böyük rolunu xüsusi qeyd etdilər. Dövlətimizin başçısı bildirdi ki, hazırda davamçıları onların yolunu uğurla davam etdirir. Cənab İlham Əliyevin “Biz iki lider kimi ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrini gücləndiririk, möhkəmləndiririk, öz səylərimizi əsirgəmirik. Cənab Baş nazir qeyd etdiyi kimi, bizim ənənəvi görüşlərimiz bu məqsədə xidmət edir ki, ölkələrimiz bir-birinə daha yaxın olsun, xalqlarımız bir-biri ilə daha da sıx dostluq etsin. Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır, bu gün də bu, belədir. Bu, həm ölkələrimiz üçün vacibdir, eyni zamanda, bölgə üçün, o cümlədən ilk növbədə Cənubi Qafqaz üçün çox vacib olan bir şərtdir” fikirlərinin davamı olaraq Baş nazir İrakli Qaribaşvili bildirdi ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, dost ölkədir. Ölkələrimiz arasında əsrlər boyu dostluq və qardaşlıq münasibətləri olub: “Xalqlarımız arasında ənənəvi dostluq davam edir və cənab Prezident İlham Əliyev bu işə çox böyük töhfə verib. Bu dostluğun və qardaşlığın möhkəmləndirilməsində onun böyük xidmətləri var.» Baş nazir onu da qeyd etdi ki, bizim çox aydın perspektivlərimiz var. Gələcəyə baxışımız olduqca aydındır. Azərbaycanla tərəfdaşlığımızın və dostluğumuzun uzunömürlü olacağına əminik.”

Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. Dövlət başçısı İlham Əliyev bu məqamı da xüsusi qeyd etdi ki, Azərbaycanla Gürcüstanın çağırışları da, problemləri də eynidir. Hədəflərə yüksək səviyyədə nail olunmağın əsasında iki qardaş ölkənin dostluğu, qardaşlığı dayanır.  

Hər iki ölkənin lideri mətbuata bəyanatında Cənubi Qafqazda sülh və əməkdaşlığın önəmini xüsusi vurğuladılar. Bu çağırış edildi ki, bölgənin problemlərinin məhz bu regionda yaşayan ölkələr tərəfindən həll edilməsi çox önəmlidir. Ermənistanla Azərbaycan arasında imzalaanacaq sülh müqaviləsinin qarşıdakı illərdə hansı uğurlara, yeni əməkdaşlıq formatlarına yol açacağı qeyd edildi.

Bütün bunların fonunda onu deyə bilərik ki, Azərbaycan-Gürcüstan əlaqələrinin gələcək inkişafına yönələn zəngin gündəlik var. Hər iki dost ölkə əməkdaşlığın daha da möhkəmlənməsində, yeni sahələr üzrə inkişafında maraqlıdır və bunu real addımları ilə təsdiqləyirlər.