YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə, Bərdədə, Tərtərdə törədilən terror aktları tarixdə erməni vəhşiliyi kimi əbədi qalacaq

Tarixin müxtəlif illərində Azərbaycana qarşı soyqırımı törədən, deportasiya nəticəsində azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salan, törətdiyi cinayətlərə, vəhşiliklərə görə cavab vermək əvəzinə başına sığal çəkilən Ermənistanın 1988-ci ildə baş qaldıran əsassız torpaq iddiası nəticəsində yaranan Qarabağ münaqişəsi 30 ilə yaxın müddətdə dünyadan ədalətli həllini gözlədi. Baxmayaraq ki, haqq-ədalət, beynəlxalq hüquq Azərbaycanın tərəfində idi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycan torpağı olduğu, erməni silahlı birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapsa da, bu sənədlər 27 il kağız üzərində qalıb saraldı. Səbəb dünya güclərinin ikili standartlara əsaslanan siyasətdən yaxa qurtara bilməməsi, qətnamələrin icrası prosesinə fərqli yanaşması idi. Münaqişənin davam etdiyi 30 ilə yaxın dövrdə Ermənistanın təcavüzünə “dur!” deyən “tapılmadı”. Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışan, danışıqlarda beynəlxalq hüquq normalarına istinad edən Azərbaycandan fərqli olaraq Ermənistan ən həlledici məqamlarda müxtəlif bəhanələrlə əsas məsələdən yayınmağa çalışır və istəyinə də nail olurdu. Havadarlarının dəstəyi əsasında danışıqlara imitasiya naminə qatılan işğalçı dövlət vaxt qazanaraq yeni ərazilər uğrunda müharibə planı hazırladı. 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı birləşmələrinin müxtəlif istiqamətlərdə Azərbaycan ərazilərini raket atəşinə tutması bu istəklərini sübut etdi. Səbir kasası dolan Azərbaycan bu təxribatların qarşısını almaq üçün əks-hücum əməliyyatına başladı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdən “Hücum!” əmirini alan Silahlı Qüvvələrimiz müharibənin başlandığı ilk andan zəfər müjdəsi ilə xalqımızı sevindirdi. Vətən müharibəsinin davam etdiyi 44 günün hər günü Azərbaycanın çoxəsrlik tarixinə qələbə səhifəsi kimi yazıldı.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V. Rəhimzadə qeyd edib ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində ermənilər öz xislətlərinə xas olan terror əməllərini davam etdirdilər. Məğlubiyyətə düçar olan Ermənistan rəhbərliyi milli birliyimizə xələl gətirmək, əhali arasında çaxnaşma yaratmaq, qələbə əzmimizi sındırmaq məqsədilə yenə günahsız insanlarımızı hədəf aldı. Münaqişə bölgəsindən xeyli kənarda yerləşən ərazilərin qadağan olunmuş kaset bombalarla hədəfə alınması beynəlxalq hüquqa, o cümlədən Ermənistanın 1993-cü ildə ratifikasiya etdiyi Cenevrə Konvensiyalarına və onların Əlavə Protokollarına tamamilə zidd idi. Ermənilərin 44 günlük Vətən müharibəsi dövründə Gəncədə, Bərdədə, Tərtərdə törətdikləri terror aktları Xocalı soyqırımının davamı kimi xarakterizə edilir. Azərbaycan Ordusu müharibə dövründə belə cinayətlərə əl atmadı, yalnız döyüş meydanında düşmənin başını əzdi. Amma Ermənistanın dinc insanlarımıza qarşı törətdiyi bu müharibə cinayətləri millətin əzmini, iradəsini qıra bilmədi, əksinə bizi daha da gücləndirdi. Göstərilən təzyiqlərə baxmayaraq milli həmrəylik və birlik nümayiş etdirərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən xalqımız tarixi Zəfərimizə doğru böyük inamla irəliləməkdə davam etdi. Dünyanın hansı ölkəsində yaşamasından, əqidəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəs bir yumruq kimi birləşdi. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının nə qədər yenilməz, məğrur xalq olduğunu təsdiqlədi. Müharibənin davam etdiyi 44 gündə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edildi. Bu amansız terror aktları nəticəsində 6-sı uşaq olmaqla, 26 mülki şəxs həlak oldu, 31-i uşaq olmaqla, 142 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri aldı.

Gəncədə baş verənlərlə hadisə yerində tanış olan Azərbaycandakı diplomatik korpusların rəhbərləri, hərbi attaşelər, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri erməni vəhşiliyinin günahsız qurbanlarının yaşadıqları dəhşətləri öz gözləri ilə gördülər. Dövlətimizin başçısı xalqa müraciətində bu terror hadisələri ilə bağlı xüsusi vurğulayırdı ki, Ermənistanın günahsız insanları və mülki obyektləri raket hücumuna məruz qoyması müharibə cinayətidir və bunun üçün cavab verilməlidir.

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, İkinci Qarabağ müharibəsi zamanı Gəncə ilə yanaşı, Bərdə, Ağdam, Goranboy, Naftalan, Tərtər, Füzuli və digər bölgələrimiz də Ermənistan tərəfindən intensiv atəşə məruz qaldı. Lakin öz Liderinə sonsuz inam bəsləyən Azərbaycan xalqı mətanəti, dönməzliyi ilə erməni vəhşiliyinə qalib gəldi. Xalqımız tam əmin idi ki, Prezident İlham Əliyevin Ali Baş Komandan olduğu Milli Ordumuzun qətiyyəti ilə tezliklə işğal altında olan bütün ərazilərimiz azad ediləcəkdir. Nəticədə 44 gündə 30 ilin işğalına son qoyuldu. Tarixi ədalət bərpa olundu. Bu gün artıq soydaşlarımız mərhələli şəkildə doğma yurd-yuvalarına qayıdırlar.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda 44 gün davam edən mübarizə Zəfərlə başa çatdıqdan sonra dövlətimizin başçısı İlham Əliyevin Sərəncamına əsasən haqq və şərəf işimiz uğrunda qəhrəmancasına həlak olan əsgər və zabitlərimizin, erməni təxribatları zamanı hədəf alınan mülki vətəndaşlarımızın xatirəsinə böyük ehtiram əlaməti olaraq 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd edilir. Prezident İlham Əliyev 2022-ci ilin yanvarında Gəncəyə səfəri zamanı həmin ərazidə Gəncə Memorial Kompleksinin təməlini qoydu. Erməni vandalizminin yaddaşlardan silinməməsi üçün belə bir kompleksin yaradılması mühüm addımdır. Gəncə Memorial Kompleksində erməni vəhşiliyini, terrorunu unutmamaq, gələcək nəsillərə çatdırmaq və bütün dünyaya nümayiş etdirmək üçün dağıdılmış binalar olduğu kimi qalacaq. Şübhəsiz atılan bu kimi addımlar dünyaya belə bir çağırışdır ki, ikili standartlara əsaslanan siyasətə son qoyub həqiqətlərə ədalətin gözü ilə baxmaq zamanıdır. Erməni vəhşiliklərini, təxribatlarını ört-basdır etmək üçün susmağa üstünlük vermək deyil, bu kimi terror aktlarının təşkilatçılarını və icraçılarını cəzalandırmaq üçün beynəlxalq hüquq çərçivəsində lazımi addımları atmaq gərəkdir.