YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli təhlükəsizliyin tərkib hissəsi

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi etdi. Oktyabrın 2-də 74-cü Beynəlxalq Astronavtika Konqresi yenidən Bakıda keçirildi.

Yüksək səviyyəli beynəlxalq tədbirin Bakıda keçirilməsi heç də təsadüfi deyil, çünki Azərbaycan 2018-ci ildə 3-cü peykini orbitə çıxarmaqla dünya kosmik klubunun üzvü statusunu təmin edib. Kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilmiş təcrübənin, formalaşmış yeni insan kapitalı və etibarlı tərəfdaş imicinin təzahürü olaraq, Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanmışdır. İlk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra Azərbaycanın yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır.

Konqresinin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirdi ki, “Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq biz Azərbaycanda kosmik sənayenin inkişafını davam etdiririk. Onu da bildirim ki, bu üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında bir çox məsələlərlə yanaşı enerji və nəqliyyat marşrutlarının, o cümlədən boru kəmərlərinin xəritəsində Azərbaycan müstəsna əhəmiyyətə malik olduğunu qeyd etdi: “Bu gün enerji və nəqliyyat marşrutlarının, o cümlədən boru kəmərlərinin xəritəsinə nəzər salsanız, orada Azərbaycanın dəst-xəttini görərsiniz. Bizim təşəbbüskarı olduğumuz, qonşularımız və tərəfdaşlarımızla uğurla həyata keçirdiyimiz layihələr təkcə bizim regionun enerji təhlükəsizliyinə töhfə vermir. Bu gün hər kəsə məlumdur ki, enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsidir. Bu gün Azərbaycan beynəlxalq bazarlarda enerji ehtiyatlarının etibarlı təchizatçısıdır və Avropa İttifaqı tərəfindən etibarlı Avropa təchizatçısı hesab edilir. Lakin tərəfdaşlarımız arasında müxtəlif qitələrdə yerləşən onlarla ölkə var və bütün səylər beynəlxalq əməkdaşlığa, proqnozlaşdırmaya və eyni zamanda, ölkəmizin uğurlu iqtisadi inkişafına xidmət edir”.

Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə yeni təkan verəcəkdir.

Azərbaycan müasir çağırışlara uyğun inkişaf yolu ilə irəliləyərək, innovativ cəmiyyət qurmaq uğrunda mühüm addımlar ataraq həm Yer kürəsində, həm kosmosda daha böyük uğurlar qazanacaq. Qazanılanlar isə sülhə və bəşəriyyətin rifahının yaxşılaşdırılmasına xidmət edəcək.