YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Növbəti qardaşlıq addımı

Cavid Osmanov

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

 Sentyabrın 25-də Naxçıvanda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə əlaqədar bəyanatında Prezident İlham Əliyev ölkələrimiz arasında olan yüksək səvviyyəli qardaşlıq münasibətlərindən danışarkən bildirdi ki, İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri tarixində önəmli hadisədir və iki ölkə arasındakı əlaqələrə yeni təkan verəcək. İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək.

Ölkə başçısı Naxçıvanın tarixinə nəzər salaraq qeyd etdi ki, Naxçıvan Azərbaycanın qədim diyarıdır. 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzur Azərbaycandan ayrılmışdır və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında coğrafi bağlantı kəsilmişdir.

Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini aparmağa başlayanda Naxçıvana qarşı da onların ərazi iddiaları var idi. Naxçıvanda da şiddətli döyüşlər gedirdi və məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan düşməni yerinə oturtdu və öz ərazisini qoruya bildi. Ancaq o vaxt Naxçıvanın enerji təminatı Azərbaycanın əsas hissəsindən olduğu üçün Ermənistan bütün elektrik və qaz xətlərini kəsmişdi və Naxçıvan faktiki olaraq mühasirədə idi. 15 il Naxçıvan qazsız yaşamışdır.

Prezident İlham Əliyev xatırlatdı ki, 2005-ci ildə İran İslam Respublikası ilə imzalanmış anlaşmaya görə, mübadilə yolu ilə İrandan Naxçıvana qazın verilməsi təmin edilmişdir. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi isə ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaq.

Ölkə başçısı bəyanatında onu da qeyd etdi ki, Naxçıvanda Türkiyə və Azərbaycanın vəzifəli şəxslərinin, beynəlxalq təşkilatların iştirakı ilə Türkiyə-Azərbaycan III Enerji Forumu keçiriləcəkdir. Naxçıvanın qazı, nefti olmasa da, günəşi var və Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı böyük planlar mövcuddur. Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər. Burada həm günəş, həm külək, eyni zamanda, su elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaqdır.

Prezident İlham Əliyev bəyanatında Azəbaycan həqiqətlərinə bir daha diqqət çəkdi. Ölkə başçısı vurğuladı ki, Azərbaycan öz suverenliyini tam təmin etmişdir. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, sentyabrın 19-u isə suverenliyimizi tam bərpa etdik. 24 saat ərzində həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir.

Ölkə başçısı bildirdi ki, artıq Azərbaycandan onun Qarabağ bölgəsinə, orada yaşayan erməni əhalisinə humanitar yardımlar göndərilməsinə başlanmışdır. Yanacaq - neft, dizel, benzin, ərzaq məhsulları, dərman preparatları və digər humanitar yardım edilir və bu, bir daha onu göstərir ki, Qarabağ bölgəsində yaşayan insanlar milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarıdır, onların təhlükəsizliyi, hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcəkdir. Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycanın dövlət strukturlarının nümayəndələri arasında Yevlax şəhərində görüş keçirilmişdir. Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi uğurla gedəcək.

Prezident İlham Əliyev bəyanatında həmçinin xüsusilə vurğuladı ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında, dünyanın ən ali kürsüsündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatların verilməsi Türkiyənin növbəti qardaşlıq addımıdır. İkinci Qarabağ müharibəsi zamanı bütün Türkiyə xalqı bizim yanımızda idi. Müharibənin ilk saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” kimi bəyanatın verilməsi bir çoxları üçün ciddi mesaj idi. Şuşa şəhərində imzalanmış müttəfiqlik bəyannaməsi isə münasibətlərimizi yeni müstəviyə qaldırdı.