YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın haqq sözü, haqlı sözü...

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

44 günlük Vətən müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşının erməni seperatçılarının həyata keçirdiyi mina terrorunun qurbanı olması və bir gün əvvəl həyata keçirilən terror aktında 6 nəfər soydaşımızın həlak olması sentyabrın 19-da lokal xarakterli antiterror tədbirlərinin keçirilməsinə əsas vermiş oldu. Cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirlərində qarşıda duran bütün vəzifələr yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir.

Humanistliyi ilə dünya liderləri arasında etalona çevrilmiş Müzəffər Ali Baş Komandan İlham Əliyevin əməliyyat başlamazdan əvvəl hərbi birləşmələrimizə verdiyi ciddi tapşırığa uyğun olaraq aparılan antiterror tədbirləri zamanı Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməmiş, mülki əhali qorunmuş və mülki infrastruktura heç bir zərbə dəyməmişdir. Qarşısına qoyduğu vəzifənin öhdəsindən təkbaşına və layiqincə gələn Azərbaycan öz qüdrətini bütün dünyaya nümayiş etdirdi.

Qarabağda yaşayan erməni əhalisi də kriminal xunta rejimi təslim olandan sonra nəhayət ki, rahat nəfəs ala biləcək. Möhtərəm prezidentimiz İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi.

Şübhəsiz ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Prezident İlham Əliyevin xalqa müraciətində qeyd etdiyi kimi, onlar bilməlidirlər ki, təhsil hüquqları, mədəniyyət hüquqları, din hüquqları, munisipal seçki hüquqları təmin ediləcək. Azərbaycan dövləti müxtəlif sosial proqramlar icra etməklə bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qurmağa hazırdır. Cəmi iki il ərzində işğaldan azad olunmuş torpaqlarımızda görülən işlər buna əyani sübutdur. Eyni şəraitin Xankəndidə, Ağdərədə, Xocavənddə, Əsgəranda da yaradılacağına əminik.

Bu gün Qarabağda yaşayan sadə insanlara dövlətimizin başçısının təklifi onlar üçün yeni tarixi bir şans yaradır. Hesab edirəm ki, Qarabağın erməni əsilli insanları bu şansı əldən verməməli, möhtərəm prezidentimizin məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan təklifini yüksək qiymətləndirməlidirlər. Erməni xalqı bilməlidir ki, cənab Prezidentimizin sözü də imzası qədər dəyərlidir.

Uğurla başa çatmış antiterror əməliyyatları nəticəsində erməni seperatçılarının tərksilah olunması Azərbaycanla Ermənistan arasında gedən sülh danışıqları prosesinə müsbət təsir göstərəcəyinə, tezliklə regionda qalıcı sülhün təmin olacağına ümid yaradır. Ümid edirik ki, nəhayət, sülh danışıqları üçün olan, Ermənistan tərəfindən qoyulan maneə aradan qalxacaq. Bu, Cənubi Qafqazda yeni reallıq, uzunmüddətli sülh yaradacaq.

Azərbaycan haqlı olaraq təklif edir ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər bizdən əl çəksinlər, Cənubi Qafqazın rahat nəfəs almasına imkan versinlər.

Ermənistan dövlətinin antiterror tədbirləri həyata keçirilən zaman sərgilədiyi mövqe ümidlər verir ki, Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar. Ancaq bununla bərabər, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq.

DİGƏR Xəbərlər Arxiv