YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Möhkəm təməl bugünkü və gələcək addımlara stimul verir

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Tarixi Zəfərimizdən sonra Azərbaycanın xarici siyasət uğurlarında davamlılıq diqqətdən kənarda qalmır. Dövlətimizin siyasətində türk dünyası, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur.  Qarşılıqlı səfərlər, Prezident İlham Əliyevin son zamanlar beynəlxalq əhəmiyyətli tədbirlərdə fəxri qonaq qismində iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roluna və nüfuzuna aydınlıq gətirir. Dövlət başçısı İlham Əliyevin bu günlərdə Tacikistana səfəri bu kimi məqamlara işıq saldı. Belə ki, cənab İlham Əliyevin dost ölkəyə cari ilin ötən dövründə reallaşdırdığı ikinci səfəri çərçivəsində Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etdi. Əvvəldə də qeyd etdiyimiz kimi, dövlət başçısı son illər bir sıra beynəlxalq tədbirlərə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə, Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına, Asiyada Qarşılıqlı Fəaliyyət və Etmad Tədbirləri üzrə  Müşavirənin 6-cı Zirvə toplantısının  plenar iclasına, “Avropa  siyasi birliyi” Zirvə toplantısına  fəxri qonaq qismində dəvət olunub.  Bu, Azərbaycanın dünya birliyində fəal rolunun təqdimatıdır.

Dövlət başçısı İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşündə də ölkələrimiz arasında münasibətlərin yaxşı tarixinin və çox yaxşı gələcəyinin olduğunu bildirmişdir. Əməkdaşlığın dərinləşməsi üçün çox yaxşı perspektivlər var. Səfərin əlaqələrimizin inkişafında əhəmiyyətli rolu xüsusi qeyd edilmişdir.

Təbii ki, bu əminliklər iki dost ölkənin diplomatik münasibətlərinin qurulduğu 30 ildən artıq dövrdə əlaqələrinin bütün sahələr üzrə yüksələn xətlə inkişafından irəli gəlir. Dövlət başçısı İlham Əliyev sözügedən tədbirdəki çıxışında bir daha vurğuladı ki, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Otuz ildən artıqdır ki, müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparır, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk: “Mən Məşvərət Şurasının işində ilk dəfədir iştirak edirəm və əminliyimi bildirirəm ki, regional əməkdaşlığın bu formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq.”

30 ildən artıq dövrün reallıqları Azərbaycan-Tacikistan əlaqələrinin təqdimatıdır. Bu gün bütün sahələrin inkişafı üçün böyük potensial mövcuddur. Tarixi Zəfərimizin reallıqları fonunda atılan addımlar münasibətlərin daha da dərinləşməsində öz sözünü deyəcək. Belə ki, cənab İlham Əliyevin dost Tacikistana ötən səfəri çərçivəsində “Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol”u imzalandı. Azərbaycanın hazırkı dövrünün əsas çağırışlarından birinin işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin aparılması olduğunu nəzərə alsaq, türk dünyası, həmçinin Mərkəzi Asiya ölkələri ilə bu sahədə qurulan əlaqələr davamlı töhfələrə geniş imkanlar açacaq. Məhz möhkəm təməl bugünkü və gələcək addımlara stimul verir.