YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi region

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləyir. Ölkəmiz bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əlaqələr qurur, etimad mühitinin yaradılması üçün səylər göstərir. Dövlətlərarası münasibətlərin inkişafında qarşılıqlı səfərlər əhəmiyyətli rol oynayır.

Dövlət başçısı İlham Əliyevin sentyabrın 14-də Tacikistana səfəri bu baxımdan  diqqətçəkəndir. Belə ki, Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edən cənab İlham Əliyev bildirdi ki, bu il qardaş Tacikistana ikinci dəfə səfər edir. Ötən səfər çərçivəsində qəbul olunmuş qərarlar və imzlanmış sənədlər münasibətlərimizin strateji xarakterini bir dahatəsdiq etdi. Tacikistan Prezidentinin  Azərbaycana dövlət səfərini səbirsizliklə gözləyirik. Səfər əlaqələrimizin daha da möhkəmləndirilməsinə xidmət edəcək.

Tacikistan və Azərbaycan ötən illər ərzində səmərəli qarşılıqlı fəaliyyət mexanizmləri qura və bu gün qardaş xalqlarımızın rifahına xidmət edən sanballı nəticələr əldə edə biliblər. Dövlət başçısı İlham Əliyev bildirmişdir: “Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi  potensialı ilə dünya siyasətində strateji  əhəmiyyətə malik  olan vahid  tarixi-mədəni coğrafi regiondur.”

İki dost ölkənin əlaqələrinin inkişafında möhkəm təməlin formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin rolu böyükdür. Ümummmilli Liderin yaratdığı möhkəm təməl Azərbaycanın hər bir sahədə davamlı uğurlarını şərtləndirir, ölkəmizə qarşı inamı və etimadı daha da artırır. Bu gün Azərbaycanın yeni dostlar, tərəfdaşlar qazanması da özündə bu kimi məqamları ehtiva edir.

Dövlət başçısı İlham Əliyev çıxışında bu mühüm məqamı da xüsusi vurğuladı ki,  Məşvərət Şurasının işində ilk dəfədir iştirak edir. Regional əməkdaşlığın bu formatı  ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq. Cənab İlham Əliyev Azərbaycanın nəqliyyat imkanlarından geniş bəhs etmişdir. O da vurğulanmışdır ki, Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət iri ticarət donanmasına malikdir. Mərkəzi Asiya ölkələrindən yuk göndərənlərin artan təlabatını nəzərə alaraq gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində iş gedir. Yeni sərmayə layihələri başa çatdıqdan sonra istehsal olunan tanker və quru yükdaşıyan gəmilərin sayı bu gün ildə 6 gəmidən 10-15 gəmiyə qədər artacaq.

Reallıq budur ki, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil. Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu Mərkəzi Asiya ölkələri üçün açıqdır.

Göründüyü kimi, Azərbaycan əməkdaşlıq əlaqələrinin inkişafına xüsusi önəm verir. Qarşılıqlı səfərlərin dinamikasının artırılması fonunda bu əlaqələrə yeni əlavələr etmək istəyini ortya qoyur. Azərbaycanla Tacikistan arasında əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal iş aparılan “Rəqəmsal İpək Yolu” layihəsidir.