YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Münasibətlərin inkişafı müsbət perspektivlər vəd edir

Səfa Ağayev

YAP İmişli rayon təşkilatının sədri

Azərbaycan beynəlxalq aləmdə sabitlik diyarı, əməkdaşlıq məkanı kimi tanınır və nüfuz qazanır. Ölkəmiz hər zaman münasibətlərin qarşılıqlı hörmət və qarşılıqlı maraq prinsipləri əsasında qurulmasına səy göstərir, heç bir dövlətin daxili işinə müdaxilə etmir, eyni zamanda, öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Azərbaycanın bu prinsiplərə sadiqliyi xarici siyasətinin əsas tərkib hissəsi olan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişafında öz sözünü deyir. Bu gün Azərbayanın tarixi Zəfərinin reallıqları fonunda region və dünya siyasətində yeniliklər yaşanır. Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna olunan əlavələr diqqətdən kənarda qalmır. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın milli və dövlətçilik maraqlarına əsaslanan xarici siyasətinin dünya birliyi tərəfindən dəstəklənməsinin səbəbi ölkəmizin beynəlxalq münasibətlər sistemində tutduğu mövqe və diplomatiyada qazandığı uğurlardır. Dövlətimizin xarici siyasətində türk dünyası, eyni zamanda, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. Prezident İlham Əliyevin son 1-2 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcək istiqamətlərini müəyyənləşdirir.

Tacikistan Prezidentinin dəvəti ilə bu ölkəyə səfər edən və Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünə fəxri qonaq qismində qatılan cənab İlham Əliyev bunun üçün Emoməli Rəhmona, bu tədbirdə ölkəmizin iştirakına verdikləri dəstəyə görə həmkarlarına minnətdarlığını bildirdi. Bu il qardaş Tacikistana ikinci dəfə səfər etdiyini önə çəkən cənab İlham Əliyev onu da vurğuladı ki, apreldəki dövlət səfəri, səfər çərçivəsində qəbul olunmuş qərarlar və imzalanmış sənədlər münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdi. Tacikistan Prezidentinin Azərbaycana dövlət səfərini səbirsizliklə gözləyirik. Dövlət başçısı İlham Əliyevin bu fikirlərində münasibətlərimizin hazırkı səviyyəsi aydın ifadəsini tapır. Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir.

Cənab İlham Əliyev bu məqamı da xüsusi qeyd etdi ki, otuz ildən artıqdır müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparır, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur: “Mən Məşvərət Şurasının işində ilk dəfədir iştirak edirəm və əminliyimi bildirirəm ki, regional əməkdaşlığın bu formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq.”

Bu statistika da diqqətə çatdırıldı ki, dövlət başçısı İlham Əliyevin son iki ildə Mərkəzi Asiya dövlətlərinə doqquz səfəri olub. Bu müddət ərzində bütün qardaş dövlətlərin başçıları Azərbaycana dəfələrlə səfərlər ediblər. İlin sonuna qədər qarşılıqlı səfərlərin fəal dinamikasının davam etdiriləcəyinə əminlik ifadə edildi. Bu fakt inkaredilməzdir ki, qarşılıqlı səfərlər ölkələr arasında münasibətlərin inkişafında əhəmiyyətli rola malikdir. Keçirilən görüşlərdə ölkələrin malik olduğu imkanlara diqqət yönəldilir, yeni prioritetlər müəyyənləşdirilərək onların həlli yolları açıqlanır. Cənab İlham Əliyevin Tacikistana növbəti səfəri əlaqələrimizin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci ildə “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Nəqliyyat və logistika sahəsi münasibətlərdə mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu Mərkəzi Asiya ölkələri üçün açıqdır. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında arzuolunan nəqliyyat qovşağına və tranzit mərkəzə çevrilməkdədir.

Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək. Azərbaycan-Tacikistan münasibətləri bütün sahələrdə uğurla inkişaf etdirilir. Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iki dost ölkənin müxtəlif sahələrdə əlaqələrinin hazırkı inkişaf səviyyəsi geniş müzakirə edilərək yeni sahə diqqətə çatdırıldı. Əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal iş aparılan “Rəqəmsal İpək Yolu” layihəsidir. Bütün bunlar göstərir ki, iki ölkə arasında münasibətlərin inkişafı yaxşı perspektiv vəd edir və bunun üçün böyük potensial mövcuddur.