YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev birinci Avropa Oyunlarının boks yarışlarında qalib gələn idmançılara medalları təqdim edib

İyunun 27-də birinci Avropa Oyunlarının kişilər arasında boks yarışlarında Azərbaycanın aktivinə daha üç qızıl medal yazılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri idmançılarımızın final qarşılaşmalarını izləyiblər.

"Baku Crystal Hall"da 60 kiloqram çəki dərəcəsində Azərbaycan boksçusu Albert Səlimov final qarşılaşmasına çıxdı. Bundan əvvəl yarımfinalda qalib gələrək Rio Olimpiadasına lisenziyanı təmin edən Albert Səlimov həlledici görüşdə Fransa təmsilçisi ilə qüvvəsini sınadı. Gərgin keçən mübarizədə qalib gələn Albert Səlimov birinci Avropa Oyunlarının çempionu oldu, öz uğurlu qələbəsi ilə ölkəmizin aktivinə daha bir qızıl medal yazdı.

Sonra mükafatlandırma mərasimi oldu.

Qalib idmançılara medalları Prezident İlham Əliyev təqdim etdi.

"Bakı-2015" ilk Avropa Oyunlarının çempionu Albert Səlimovun şərəfinə Azərbaycanın dövlət himni səsləndi, dövlət bayrağı ucaldıldı.

Sonra 69 kiloqram çəkidə Pərviz Bağırov həlledici görüşə çıxdı. İdmançımız bundan əvvəl yarımfinalda britaniyalı rəqibinə 3:0 hesabı ilə qalib gəlmişdi. Finalda rusiyalı Aleksandr Besputinlə üz-üzə gələn Pərviz Bağırov bu qarşılaşmadan da qalib ayrıldı və birinci Avropa Oyunlarını qələbə ilə başa vurdu.

Sonra mükafatlandırma mərasimi oldu.

Prezident İlham Əliyev qalib idmançılara medalları təqdim etdi.

Qalib idmançımızın şərəfinə Azərbaycanın dövlət himni səsləndi, dövlət bayrağı ucaldıldı.

Azərbaycan boksçusu Abdulqadir Abdullayev isə 91 kiloqram çəki dərəcəsində finala vəsiqə qazandı. Onun rəqibi zədəli olduğundan final görüşünə çıxmadı, buna görə də Abdulqadir Abdullayev avtomatik qalib elan olundu və birinci Avropa Oyunlarını çempion kimi başa vurdu.

Mükafatlandırma mərasimində Prezident İlham Əliyev medalları qalib idmançılara təqdim etdi.

Azərbaycan idmançısının şərəfinə dövlət himni səsləndi, dövlət bayrağı ucaldıldı.

Azərbaycan yığmasının daha bir üzvü - Xaybula Musalov isə 75 kiloqram çəki dərəcəsində finalda iştirak etmək hüququ qazandı. Lakin İrlandiya boksçusuna qalib gələ bilmədi və birinci Avropa Oyunlarının gümüş mükafatçısı oldu.

Beləliklə, birinci Avropa Oyunlarının boks yarışlarının son günündə Azərbaycan idmançıları üç qızıl, bir gümüş medal qazandılar.